“BU MƏKTƏBLƏRİ TÜRKLƏRİN SƏRƏNCAMINA VERİN...” – Deputatdan Təhsil Nazirliyinə maraqlı təklif

Millət vəkili Fazil Mustafa təhsillə bağlı çox faydalı bir təkliflə çıxış edib.

“AzPolitika.info”nun məlumatına görə, millət vəkili “Facebook”da paylaşdığı yazıda Təhsil Nazirliyinə təklif edib ki, keçmişdə “Çağ Öyrətim”ə (Türk Liseyləri) məxsus olmuş məktəblər şəbəkəsi Türkiyə Dəyanət Vəqfinin tabeliyinə verilsin.

F.Mustafanın yazısını təqdim edirik: “Yapon təhsilinin əsas hədəfi dövlət üçün sədaqətli və faydalı vətəndaş yetişdirməkdir. Məhz bu hədəfin önə çəkildiyi bu ölkədə elm və texnologiyanın yüksək səviyyədə inkişafı da mübahisə doğurmayan məsələdir. Bizim elmdə və təhsildə yapon olmaq kimi bir hədəf götürməmiz, təbii ki, gülməli görünə bilər. Ancaq necə etməliyik ki, heç olmazsa bölgədəki rəqiblərimiz olan gürcülərdən və düşmənimiz olan ermənilərdən bu sahədə geri qalmayaq?

Qanunlarımızda təhsillə bağlı gəlişigözəl çox şey yazıla bilər, ancaq ən acınacaqlı durum reallıqda qarşılaşdığımız ideyasız, hədəfsiz təhsil anlayışıdır. Bu, cəmiyyət üzvlərimizi ciddi şəkildə rahatsız etməlidir, biz bu səhədə bütün böşluqları doldurmaq üçün vaxtında təşəbbüskarlığı artıraraq mümkün faydalı variantları tapmalıyıq.

Bildiyimiz kimi, Azərbaycanda “Çağ Öyrətim”ə aid məktəblər Türkiyədən gələn tələblər üzündən bir neçə il öncə bağlandı. Bunlar yenicə yaradılmış Türkiyə Maarif Vaqfına verilsə də, əslində həmin qurum tərəfindən bu məktəb şəbəkəsinin uğurla davam etdirilməsi mümkün olmadı. İndi həmin məktəblərin binaları bomboş qalıb və çox güman ki, lazımlı-lazımsız məqsədlər üçün hansısa qurumların istifadəsinə veriləcək. Fikrimcə, Təhsil Nazirliyimiz bu məktəblərin həm Bakıda, həm də bölgələrdə Türkiyə Dəyanət Vəqfinin sərəncamına verilməsinə çalışmalı, burada onların təhsil sistemi üzrə məktəb şəbəkəsi bərpa olunmalıdır.

deyanet

Bu gün Azərbaycanda pulsuz təhsilin verildiyi ən səviyyəli məkanlardan biri heç şübhəsiz ki, Bakı Türk Liseyidir və bu uğurlu təhsil alternativinin Azərbaycanda genişlənməsinin ciddi faydası ola bilər. Diqqət yetirilsə görünər ki, təkcə bu il 6-cı sinifə qəbul üçün bu liseyə nəzərdə tutulan 100 yerə 2000 şagird müsabiqə üçün müraciət etmiş və bunların da böyük əksəriyyəti yetərincə hazırlıqlı uşaqlardır. Demək ki, insanlar keyfiyyətli təhsil məkanı olaraq buranı seçməyi düşünürlər. Bu məktəb şəbəkəsinin bir neçə sayda Bakıda, Sumqayıtda, Gəncədə, Lənkəranda, Qubada yaradılması insanlarımız üçün faydalı təhsil alternativi olmazdımı? Bildiyimiz kimi, “Çağ Öyrətim”də təhsil məbləği özəl məktəblərə uyğun olaraq qismən yüksək idi, ancaq Türkiyə Dəyanət Vəqfi bu təhsili pulsuz verirsə, daha imkansız ailələrin savadlı uşaqlarının bu imkandan yararlanması şansını nədən vətəndaşlarımıza verməyik? Türkiyə Dəyanət Vəqfi birbaşa Türkiyə dövlətinin tabeliyində olan bir qurumdur, Türkiyə də qardaş dövlətimizdir, Azərbaycan övladlarına təmənnasız, ödənişsiz təhsil vermək istəyirlər və bu təhsilin səviyyəsi də yüksəkdirsə, niyə bundan imtina etməliyik? Etiraf edək ki, hələ də bir neçə il öncə bağladığımız Qafqaz Universitetinin infrstrukturuna və yüksək təhsil səviyyəsinə yetişəcək universitet formalaşdıra bilmədiksə, təhsildə boşluqlar yaranmasına səbəb olan eksperimentləri davam etdirməmizin bir anlamı qalırmı? Bu boş qalan məktəb binalarını təhsilimiz üçün istifadə etməmizdən yaxşı hansı seçim ola bilər? Bu gün rus dilində təhsilə yönəlmədə olan bir neçə dəfə artımın məhz Türk məktəblərinin bağlanmasından qaynaqlandığı kimsəyə sirr deyil ki? Azərbaycanda Türk məktəb şəbəkəsinə həm də bir taleyüklü strateji məsələ kimi baxmalıyıq, öz məktəb sistemimiz arzulanan təhsil keyfiyyətinə tam cavab verə bilmirsə, özümüzə milli-mənəvi aspektdən yaxın olan bir sistemin genişlənməsinə şərait yaratmanın nəyi pisdir? Bu, həm də dövlətimizə daha sadiq və faydalı insan yetişdirən bir məktəb sistemidirsə, ən yaxın müttəfiqimiz, qardaşımız Türkiyə ilə bağlarımızı möhkəmlədən bir mexanizmdirsə, bizə digər alternativlərdən daha uyğunu deyilmi?

Fikrimcə, yeni tədris ilinin başlanmasına qədər bu məsələdə Təhsil Nazirliyi tərəfindən cəsarətli addım atılması övladlarımızın aydın gələcəyi baxımından faydalı olardı”.

"AzPolitika"

635x100

Şərhlər

Maarifçi müəllimə 2019-05-23 10:41:53

Sizinlə tam raziyam.Bakidan Türkmənbashiya parom.yəni bərə ishləyir.Azərbaycanda nə lazim müasir pedoqoji kadrlar yetishdirməyə Baxin Ceyhun müəllim.ya onun müavini İdris müəllimin pedoqoji təhsili varmi Yoxdur Amma nə olsun Tehsil sahəsinə gözəl rəhbərlik edirlər Mikayil müəllim də elece.Müəllim titulu hörmət naminə onlarin adlarina qoshulur.Odur ki məktəbləri türkmənlərə vermək hərtərəfli düz olardi.Paroma bilet Turkiyyədən təyyarə biletindən ucuzdur.Həm də onlar yaxshiya iyi yox eləcə yaxshi deyirlər

Kənar adam 2019-05-23 10:41:53

Fazil Bəy, çox düzgün təklifdir.Amma düşünürəm ki, bu mümkün olmayacaq,çünki rus dilində düşünən "başbilənlərimiz" və "ziyalılarımız" buna imkan verməzlər. Onlar "İvanın" qəzzəbinə rast gəlməkdən qorxarlar.

t.ədalət 2019-05-23 10:41:53

Əlbəttə,indiki məqamda əhalini rus təhsilinə yönəltməkdənsə,elə öz milli yaxınımız,daha doğrusu doğma millətimiz olan türklərə doğru getmək doğrudur.Onsuz da rus təhsili öz simasını itirib.Yaxşı və keyfiyyətli biliklərə nail olmaq üçün ruslar özü Avropaya üz tuturlar.Milləti rus məktəblərinə yönəltmək də ermənilikdir.Rus təhsili,daha çox millətin əleyhinə casuslar hazırlayır..

Hafiz 2019-05-23 10:41:53

Yazıq millət, yazıq gələcəyimiz - ideyasız, hədəfsiz təhsil.

Elli 2019-05-23 10:41:53

Fazil müəllimin təklifini şəxsən mən bəyəndim. Yaxşı təklifdir. Hamı istəyər ki, uşağı savadlı olsun.

Maarifçi 2019-05-23 10:41:53

Dünyanın işlərinə baxın.Ən yaxın qohum kasıb olduğu təqdirdə yaxın buraxılmır,qohumluq hətta təkzib edilir.Nisbətən varlı və nüfuzlu uzaq qohum isə ətrafa ciyərpara kimi təqdim olunur.Deməyim odur ki,bu məktəbləri həm məsafə,həm də adət-ənənə baxımdan bizə ən yaxın olan Turkmənstana verək.Bildiyiniz kimi,Türkmənstan bizə viza rejimi tətbiq edir.Məktəbləri bunlara versək,bəlkə vizasiz gediş-gəlişə keçə bilərik

Son yazılar