Pərviz Həşimli ədliyyə nazirinə müraciət etdi

Dünən vəkil Bəhruz Bayramov Bakı İstintaq Təcridxanasında tanınmış jurnalist Pərviz Həşimli ilə görüşüb. Vəkil «Bizim Yol» qəzetinə açıqlamasında jurnalistin durumunun normal olduğunu bildirib:

«Pərviz xatırlatdı ki, bu ilin sentyabr ayının 17-də həbsindən 1 il ötür. Amma bu müddət ərzində ona bir dəfə də olsun nə valideynləri, nə də həyat yoldaşı və övladı ilə açıq görüş verilməyib. Təcridxana rəhbərliyi bunu daxili nizam qaydaları ilə izah edir. Amma Cinayət Prosessual Məcəlləsinin 161-ci maddəsində məhkumun açıq görüş hüququ təsbit olunub. Hər halda qanun təcridxananın daxili qaydalarından üstün qüvvəyə malikdir».

Bəhruz Bayramov daha sonra P.Həşimlinin ailə üzvləri ilə açıq görüş verilməsi ilə bağlı ədliyyə naziri Fikrət Məmmədova müraciət etdiyini bildirdi: «Jurnalist dedi ki, bu günlərdə atası Türkiyədə ürək əməliyyatı keçirib, ona görə də atasının səhhətindən çox narahatdır. Xahiş edir ki, onun qanunda göstərilən hüquqlarının bərpa olunmasına dəstək verilsin».

Xatırladaq ki, Pərviz Həşimli ötən ilin sentyabr ayının 17-də MTN əməkdaşları tərəfindən həbs olunub. Məhkəmə jurnalistin ittiham olunduğu qaçaqmalçılıq və qanunsuz silah saxlama maddələrini əsaslı hesab edərək onu 8 il müddətinə azadlıqdan məhrum edib.

P.Həşimli bütün ittihamları rədd edib, Beynəlxalq Amnistiya Təşkilatı onu «vicdan məhbusu» elan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar