DİASPORAMIZIN QANDALLARI... - Fuad Abbasova kimlər sahib çıxmalı idi?

Moskvada azərbaycanlı jurnalist Fuad Abbasovun başına gətirilənlər bir tərəfdən Rusiyadan mədəd umanların, onun ətəyindən bərk-bərk yapışanların ağzının üstünə vurulan tərs şapalaq oldusa, digər tərəfdən də Azərbaycanın rəsmi xarici siyasət və diaspora qurumlarının, Rusiyada yaşayan milyarder həmyerlilərimizin, eləcə də jurnalist təşkilatlarının nə qədər aciz və asılı durumda olduğunu göstərdi.

Vəziyyət o yerə çatdı ki, öz zəifliyini, yazıqlığını hər cür bəhanələrlə gizlətməyə çalışanlar sözügedən jurnalistə müxtəlif “vedrələr bağlamağa”, “təxribatçı”, “agent”, “fırıldaqçı” və sair adlar qoymağa başladılar. Bəzi rusdilli “vətənpərvər” saytlarımız isə Rusiya hüquq-mühafizə orqanlarının hərəkətlərinə haqq qazandıracaq qədər endilər – ruslar buna “опустился ниже плинтуса” deyirlər...

Əlbəttə ki, F.Abbasov cəmiyyətimizə yalnız Rusiyadakı fəaliyyəti ilə tanışdır. Onu yaxından tanımaya bilərik, hətta hansısa qaranlıq məqsədlərə xidmət etdiyinə, hansısa qüvvələrin alətinə çevrilib-çevrilmədiyinə dair şübhələrimiz də ola bilər. Ancaq bu, heç kimə əsas vermir ki, ən azından rus telekanallarında pis-yaxşı mövqeyimizi müdafiə edən, kifayət qədər xidmətləri olan və damarında azərbaycanlı qanı axan bir jurnalist barədə heç bir sübut, fakt olmadan neqativ fikir yaratmağa çalışsın və az qala onun bu cür həbsinə, aşağılanmasına, təhqir edilməsinə haqq qazandırsın.

Diasporla İş üzrə Dövlət Komitəsi yenə hara “qeyb olub?”

Axı söhbət məişət zəminində hansısa qatı cinayət törətmiş şəxsdən, yaxud doğrudan da xalqımıza, millətimizə başucalığı gətirməyən hansısa əməlin sahibindən yox, Azərbaycana heç də dost olmayan münasibətin hökm sürdüyü bir ölkədə, mühitdə ölkəmizin və millətimizin mənafelərini müdafiə etməyə çalışan bir jurnalistdən gedir. Bəs hanı bu ölkənin xarici siyasət idarəsi, hanı diaspora təşkilatları, hanı adını Diaspora ilə İş üzrə Dövlət Komitəsi qoyduğumuz qurum? Əgər bir komitə özü bütövlükdə bir jurnalistin təklikdə gördüyü işi görə bilmirsə, bu da bir yana, heç olmasa imkanları daxilində onu müdafiə edə bilmirsə, kimə və nəyə lazımdır? Əslində, o jurnalistin qoluna vurulan qandalın qat-qat yekəsi bizim əlaqədar qurumların qollarında par-par yanır. Ortada nə bir etiraz, nə bir bəyanat, nə də ümumiyyətlə tərpəniş var. Biz hələ F.Abbasovun saxlanması ilə bağlı Rusiya paytaxtında hər hansı xırda da olsa aksiyanın, etirazın təşkilindən danışmırıq, çünki yoxdur belə bir şey!

Təkcə onu xatırlatmaq kifayətdir ki, bir müddət əvvəl Rusiyada azərbaycanlılarla çeçenlər arasında təşkil olunan təxribatın qarşısına çıxan, bu prosesi dayandırmağa çalışanlardan ən fəalı F.Abbasov oldu. Elə o vaxt da XİN, Diaspora ilə İş üzrə Dövlət Komitəsi sanki harasa qeyb olmuşdular. Bir diaspora, bir qurum ki, ermənilərlə qaynayıb-qarışan hansısa bir Ağadadaşla bacarmır, daha nə deyəsən?

Hanı abbasovlar, xəlilovlar, ağalarovlar, sadıqovlar?...

Bir anlıq təsəvvür edin ki, bu hadisə hansısa erməni jurnalistin başına gətirilib. Bu dəqiqə səfirdən tutmuş diaspora fəallarına, erməni politoloqlarından tutmuş müğənnilərinə, aktyorlarına, rəssamlarına, varlı iş adamlarına qədər, hamısı tökülüşmüşdülər müvafiq qurumların önünə, bəyanatların, etirazların ardı-arası kəsilmirdi. Ermənilər indi Rusiya telekanallarının birinə girib, o birisindən çıxırdılar. Bəs bizimkilər hanı?

Polad Bülbüloğlunun səfirliyi quru, standart açıqlama verib, bir də hansısa sıravi əməkdaşı səviyyəsində F.Abbasova ayaqüstü baş çəkib, sanki canını qurtardı.

Bəs, hanı bizim hər seçki qabağı Moskvanın tütəyinə oynayaraq, fəallaşan milyarderlər, hanı özünü az qala Rusiyada yaşayan azərbaycanlıların atası qismində görən, Putinin dostu sayılan, bütün hüquq-mühafizə orqanlarında əlaqələri olan İlham Rəhimov?

Guya Ramil Səfərovu Rumıniyadan gətizdirən Rəhimov az qala ikinci vətəni sayılan Rusiyada adi bir jurnalisti həbsdən, təqibdən, təhqirdən, nəhayət, deportasiyadan qoruya bilməzdimi? Bu zat-alilərinin azərbaycanlı jurnalistin haqq və hüquqlarına sahib çıxmasına nə mane olurdu görəsən?

Ümumiyyətlə, özlərini Rusiyada nüfuz sahibi kimi göstərən imkanlılarımızdan kimsə indiyə qədər Rusiya televiziyalarında, məsələn, Vladimir Solovyov kimi Azərbaycana qarşı ağzından üfunət tökülən, ermənilərdən tula payı, yal alan aparıcıların qarşısına çıxaracaq jurnalist, politoloq tapmaq, onu tanıtmaq, maliyyələşdirmək fikrində olublarmı? Əlbəttə ki, yox. Hanı bu milyarderlər – abbasovlar, xəlilovlar, ağalarovlar, sadıqovlar və sair?

Hələlik heç bir sübut olmadığından, F.Abbasovun kimin sifarişilə həbs olunmasını söyləyə bilmərik. Bilmirik bunu kim təşkil edib. Burada ermənilərdən tutmuş erməni qohumluğu olan diaspor başçısına qədər, çoxlarının adı hallandırılır.

Ancaq onu deyə bilərik ki, kimliyindən asılı olmayaraq, öz jurnalist həmvətənini qandalladan, bu cür aşağıladan birisinin nəinki diaspor rəhbəri, heç azərbaycanlı adını daşımağa haqqı yoxdur.

Əgər doğrudan bu işin arxasından sapı özümüzdən olan baltalar çıxacaqsa, onda vay bu millətin halına.

Deputat Çingiz Qənizadənin F.Abbasovun həbsilə bağlı açıqlaması var. Təəssüf ki, onun dedikləri tam həqiqətdir: “Mən oradakı həmkarlarımızın bəzilərinin, eləcə də diaspora təşkilatlarının rəhbərlərinin fikirləri ilə tanışam və onlarla söhbət zamanı Fuad Abbasova qarşı münasibətin birmənalı olmadığını görürdüm. Ona qarşı qısqanclıq var idi. Aktiv fəaliyyətinə, hadisələrə çevik münasibətinə qısqanclıqla yanaşırdılar. Bu da bizim problemimizdir...”

Cəlal MƏMMƏDOV

AzPolitika.info

635x100

Şərhlər

Vətəndaş 2019-05-24 00:24:51

FUADA BU HÖKUMƏT BU MİLLƏT YİYƏ ÇIXACAQ YOXSA YOX? BƏLKƏ ERMƏNİDƏN RUSDAN QORXURLAR?

fədai 2019-05-24 00:24:51

müəllif çox yerində qeyd elədi bu hadisə erməni jurnalistinin başına gətirilsəydi onlar necə hərəkət edərdilər .Rəhmətlik Sabir demişkən başı boş. əqli kasıb. balqabaq bizim millət kimi yox.FUAD Rusiya kanalarında gedən tok-şoularda rus-erməni millətçilərinə təkbaşına cəsarətlə cavab verən Aərbaycan və Turkiyənin movqeyini mudafiə edən bir vətənpərvər oguldur.Çox təssüf ki o bunun əvəzini özünün acınacaqlı vəziyyətində bizlərdən görmədi.... .

Elli 2019-05-24 00:24:51

Cəlal müəllim!Obyektiv məqaləyə görə çox sağ olun!Fuad Abbasov bizə Moskvada lazımdır. Buna görə Fuadın deportasiyasının qarşısı alınmalıdır. İmkan verməyin onu Bakıya deportasiya etsinlər. O, Moskvada bizim görən gözümüz və danışan dilimizdir.

TARİX 2019-05-24 00:24:51

FUAD BİZİM QEYRƏTLİ ÖVLADIMIZDIR.O ADI OLUB ÖZÜ OLMAYAN ERMƏNİ DAYISI OLAN AZƏRBAYCAN DİASPORU ADLANDIRILAN QURUMDAN DAHA COX İŞ GÖRÜRDÜ.AZƏRBAYCANIN HAQ SƏSİNİ RUS KANALLARINA BAXAN İNSANLARA CATDIRIRDI.AZƏRBAYCAN DÖVLƏTİ OLARAQ VƏTƏNDAŞIMIZA SAHİB CIXMALI VƏ ONU DÜŞMƏN FİTNƏLƏRINDƏN QORUMALIYIQ.FUAD ALLAH SƏNİ QORUSUN.AMİN.POLAD MÜƏLLİM NƏHAYƏT HƏRƏKƏTƏ GƏLİN.FUADA QARŞI OLAN MÜNASİBƏT RUSİYANIN AZƏRBAYCANA OLAN MÜNASİBƏTİDİR.

fikrət 2019-05-24 00:24:51

mən həmişə fuada yazirdim !!fuad özünü adi azərbaycanli erməni ruslarla qohum olanlardan qoru polad bıl bıl bıl hani hansini deyim milyardlar firladan oqlanlar hani nəsə bu bizik

Arslan 2019-05-24 00:24:51

Hörmətli C.Məmmədova təşşəkkürlər. Bəli, əsaslı, ya əsassız hansı ittihamlara tuş gəlməsindən asılı olmayaraq, hamılıqla Fuadın yanında olmalı, ona qarşı zorakılığa həm rəsmi, həm də qeyri-rəsmi səviyyədə münasibət bildirməli idik. Çünki Fuad son dövrlərdəki təqdirəlayiq fəaliyyəti ilə Azərbaycanı təmsil edib. İndi ona qarşı yönələn istənilən hərəkət bütün Azərbaycana qarşıdır. Deyilənlərə bir şey əlavə etmək olar, onun müdafiəsi üçün Moskvadakılar da, başqaları da tapşırıq gözləyirlər. Çünki öyrəşiblər.

Ayrım 2019-05-24 00:24:51

Xarici siyqsət idarəsindən mədət ummaq sadəlövhlükdür. Bu quruma ...rəhbərlik edirlər, diaspor komitəsinin rəhbərliyinin ruslara böyük simpatiyası vardır. Deyilənlər xariclə işləyən digər qurumlara da şamil edilməsi qaçılmazdır.

EJDER 2019-05-24 00:24:51

HANI ,HANI...BES DEYIRSIZ KI,GUYA ANALOQU OLMAYAN HOKUMETIMIZ HER BIR VETENDAWIN YANINDADI...BE NE OLDU...ESAS INKIWAF BIRDE ,,DOLALAY,,DU

S.H. 2019-05-24 00:24:51

. Hormetli muellif sizin verdiyiniz ---- Hani bu milyoncular sualini men de bele davam etmek isteyirem. Hani Azerbaycanda yuksek postlarda oturub. ---- Sinelerine. Putinin medallarini taxmis yuksek cinli. Memurlar????? Niye sesleri cixmir?????

sual 2019-05-24 00:24:51

Atalar məsəli var gunah öləndə olur deyiblər.İndisə günzh bütovlukdə özumuzdədir.Cunki isdər jurnalistlərimizə isdərsə də digər xaricdənyaşayan vətəndaşlarımıza qarşı biganəlik və laqeyidliyi biz yaratmışıq. Mətbuat surası xalqın malına qənim kəsilib, əmək haqqısı 1000 manat olsa da, 100 min dollarlıq maşında gəzən məmurları ədaləti yazan jurnalistlərdən qruyub, rekert, deputatımız isə rusiyada yaşayanlara atxod deyəndə bəs necə olmalıdı? Guya burda jurnalist hüququnu qoruyan var? Cingizin özü barədə yazan yox?

Son yazılar