FHN-in Akademiyasında İmaməddin Nəsiminin 650 illik yubileyi qeyd edilib

23 may 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Böyük Azərbaycan şairi İmaməddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Mən bu cahana sığmazam” adlı ədəbi-bədii tədbir keçirilib.

FHN-dən ONA-ya verilən məlumata görə, tədbirdə Akademiyanın professor-müəllim heyəti, kursantlar AMEA-ın M.Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları, tanınmış incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Akademiyanın rəisi general-mayor Baba Salayev bildirib ki, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmaməddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Ötən illər ərzində Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilmiş və onun ədəbiyyatda, incəsənətdə parlaq obrazı yaradılmış, eləcə də, 1979 ildə Bakı şəhərində heykəli ucaldılıb. 2017-ci ilin may ayında Parisdə YUNESKO-nun qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilib, 2018-ci il 27-30 sentyabr tarixlərində Heydər Əliyev Fondunun təşkilatçılığı ölkəmizdə ilk dəfə Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı keçirilib. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Böyük Azərbaycan şairi İmaməddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və böyük ustadın 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamları şairin irsinə dövlət səviyyəsində verilən dəyərin yüksək göstəricisidir.

Sonra Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, professor Paşa Kərimov, həmin institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfzadə və filologiya üzrə fəlsəfə doktoru Vərağa Almasov dahi şairin həyat və yaradıcılığı, dünya poeziyasında rolu, fəlsəfi baxışları, Azərbaycan xalqının mənəviyyat xəzinəsində tutduğu mövqe, şairin ədəbi irsinin tədqiqi sahəsində görülən işlər və Nəsimi irsinin milli-mənəvi dəyərlərindən ətraflı məlumat verib.

Sonda incəsənət xadimləri, Nəsiminin qəzəllərindən ibarət muğam parçaları səsləndirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar