“PREZİDENTİN XARİZMASINI DAĞITMAQ ÜÇÜN…” – İqtidar komandasına ŞOK ittiham

Dərc olunub: 26/05/2019 - 20:00

“İslahatların uğurla davam etdirilməsi birbaşa kadr islahatlarına bağlıdır”

qudret-hesenquliyev-001

“Hazırda iqtidarda intriqalardan, qrupbazlıqdan başqa daha heç nəyə yaramayan çoxlu strateji vəzifələri tutan adamlar var”.

“AzPolitika.info”-nun məlumatına görə, belə sərt açıqlama ilə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev çıxış edib. Partiya sədri ABŞ Prezidenti Donald Trampın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Respublika günü münasibətilə təbrik etməsinə münasibət bildirərkən bu haqda danışıb.

Onun fikrincə, ABŞ bununla ölkəmizdə başladılmış islahatlara öz dəstəyini ifadə edib və Azərbaycan bu istiqamətdə hansısa formada ABŞ-dan kömək də istəyə bilər: “Əvəllər də bir neçə dəfə söyləmişəm ki, biz xaricdən ölkəmizdə bazar iqtisadiyyatının mexanizmələrini yarada bilən mütəxəssislər cəlb edə bilərik. Bəzi diletantlar söyləyir ki, əsas Prezidentin siyasi iradəsidir, əgər islahatlar başladılıbsa, bu, iqtisadiyyatın inkişafına mütləq öz müsbət təsirini göstərəcək. Bu, kökündən yanlış yanaşmadır. İslahatlar ölkəni defolt vəziyyətinə də sala bilər. Söhbət islahatlar barədə Prezidentin tapşırıqlarının necə icra olunmasından gedir. İstedadı, həm də bununla yanaşı mədəniyyəti olan idmançılar, incəsənət xadimləri səhnədən getmələrinin zəruriliyini başa düşəndə, tamaşaçıların onları fitə basmasını gözləmədən bu addımı atırlar. Bu yanaşma siyasət adamları üçün də keçərlidir. Azərbaycanda siyasi hakimiyyətdə bu cür addımlar atmalı olan çoxlu insanlar var. Amma onlar Prezidentin alicənablığından sui-istifadə edib, hətta sağlamlıqları imkan verməsə, bəzilərinin səlahiyyət müddətləri başa çatsa belə, oturublar yerlərində. Hazırda iqtidarda intriqalardan, qrupbazlıqdan başqa daha heç nəyə yaramayan çoxlu strateji vəzifələri tutan adamlar var. Belələri siyasi hakimiyyətdə ömürlərini uzatmaq üçün Prezidentə və islahatlara ciddi dəstək verə biləcək adamları Prezidentdən incik salmağa çalışır, onun xarizmasını dağıtmaq, beynəlxalq nüfuzunu zədələmək və destruktiv qüvvələrin güclənməsi üçün hər cür oyunbazlıqdan çıxırlar. Ona görə islahatların uğurla davam etdirilməsi birbaşa kadr islahatlarına bağlıdır. Travmatoloq cərrahın görməli olduğu iş sınıqçıya tapşırılanda xəstə ən yaxşı halda şikəst olacaq…”

komanda

“Azərbaycanda məgər siz dediyiniz “cərrahlar” yoxdurmu?” sualına Q.Həsənquliyev belə cavab verib:
“Əvvəla, varsa da kifayət qədər deyil. İkincisi, onlar da ayrı-ayrı qruplara bağlı olduqlarından, hətta yüksək vəzifələrə təyin olunsalar belə, bu, lazımı effekti verməyəcəkdir. Ona görə xaricdən savadlı, təcrübəli mütəxəssisləri keçid dövrü islahatlarını aparmaq üçün dəvət etmək olar. Onlar hazırladıqları “Yol xəritəsi”nin həm də icrası ilə məşğul olmalıdırlar”.

Vaqif NƏSİBOV
AzPolitika.info












loading...


Fikrinizi bildirin