Azərbaycan dili fənni üzrə test imtahanı yekunlaşdı

Dərc olunub: 26/05/2019 - 17:28

285690_res_01Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verən abituriyentlər və buraxılış imtahanı çərçivəsində Azərbaycan dili fənni üzrə imtahanda üzrlü səbəbdən iştirak etməyən şagirdlər üçün Azərbaycan dili fənnindən ikinci test imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzindən virtualaz.org-a verilən məlumata görə, imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanıb və 45 dəqiqə davam edib. İmtahanda 1285 nəfərin iştirakı gözlənilirdi.

İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub. İmtahan iştirakçılarının öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan mərkəzlərində lazımi imtahan şəraiti yaradılıb.

Abituriyentlərə 30 test tapşırığı təqdim edilib.

Əvvəlki illərin məzunları olan abituriyentlərin imtahan üzrə balları hesablanarkən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Cari ilin (IX və XI sinif) məzunlarının imtahan üzrə toplaya biləcəkləri maksimal bal 100-dür. Səhv cavablar yekun bala təsir göstərmir. Balları hesablayarkən düzgün cavabların sayı 10-a vurulduqdan sonra 3-ə bölünür. Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar və müsabiqəyə buraxılırlar.

Mayın 27-dən başlayaraq DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.












loading...


Fikrinizi bildirin