SAYTLARIN İP YARIŞMASINDA FIRILDAQ – Rəsmi reaksiya və təkliflər

Redaktorların Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevlə görüşünün diqqətdən kənarda qalan, amma olduqca maraqlı bir məqam da baş verib. Bu da ondan ibarətdir ki, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov öz çıxışında qəzetlərin, saytların bir sıra yanlış, yoxlanılmamış, hay-küylü, dezinformasiya tipli xəbərləri çap etmə səbəbi olaraq İP (elektron və yeni medianın tiraj göstəricisi, neçə unikal girişi olduğunu göstərir) yarışmasını göstərib. Musavat.com-un məlumatına görə, o, qeyd edib ki, xüsusilə də tanınan saytlar İP yarışında qabağa çıxmaq üçün tiraj gətirə biləcək hər bir xəbəri ağına-bozuna baxmadan yayırlar. Digər tərəfdən, bu zaman bir sıra “pripiska” hallarına da yol verilir. Əli Həsənov deyib ki, Prezident Administrasiyasına bu yarışın xarakteri və hansı oyun qaydalarını pozaraq aparılması məlumdur.

Belə ki, o, bəzi saytları tiraj saxtakarlığında ittiham edib. Deyib ki, onlar hansı redaksiyalarda robot kompüterlər olduğunu, eləcə də hansı saytların digər proqramlar və ödənişli “qara bazar” şərtləri ilə bir sıra proqramlara qoşulması barədə məlumatlıdırlar. Bu yarışma nəticəsində də saytlar bir-birini qabaqlamaq və daha çox İP yığmaq üçün gözlərinə görünən, özlərinə maraqlı gələn, daha çox oxucu gətirə biləcək məlumatlardan istifadə edirlər. O, bu cür halların yığışdırılması zərurəti haqqında danışıb. Qeyd edib ki, bu cür oyun qaydaları, yarış media mühitini korlayır. Nəticədə də ölkəyə zərər verən dezinformasiyalar ortaya çıxır.

Bu iddiaların faktoloji tərəfi olaraq 3 günlük müharibə dövründə hərbi məlumatların, sərhədyanı bölgədən olan məlumatların yoxlanılmadan yayımlanmasını göstərib.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu mövzu barədə danışarkən deyib ki, Əli Həsənovun dilə gətirdiyi problem onlayn medianın yaralı yeridir: “Mən hesab edirəm ki, bir sıra saytlar son vaxtlar gerçəkdən də oyun qaydalarını pozurlar. Onlar sponsorları olan bir sıra oliqarxlardan para qoparmaq adı ilə robot kompüterlərə, bir sıra oyunlara ödənişli əsaslarla qoşularaq tirajlarını artırmağa, sayğaclarını yuxarı qaldırmağa çalışırlar. Bu da bizim haqqımız olan yerimizi əlimizdən alma təşəbbüsü, bizim haqqımıza girmək deməkdir. Mən bundan çox narazıyam. Ona görə də Əli Həsənovun dediyi kimi, oyun qaydalarının bu cür pozulmasına etiraz edirəm”.

Baş yazar 10 və ya daha çox KİV təmsilçisinin, rəhbərlərinin iştirakı ilə komissiya qurulmasını təklif edib: “Unikal İP-lər təftiş edilsin – “google analitiks” və digər mütəxəssislərin vasitəsilə. Bu komissiya müəyyənləşdirsin ki, oyun qaydalarını pozan kimdir. Kim bu fırıldaqlara əl atır, kim ölkə mediasında yalançı yarış mühiti yaradaraq, bütövlükdə mühiti korlayır. Bu cür saxta tiraj məsələləri bağlı ötən illərdə kağız versiyalar nümunəsində də xeyli mübarizələr aparıb, buna nail olmuşuq. Amma “nyu-media” nümunəsində bunu etmək bir qədər mürəkkəbdir, lakin mümkündür. Ona görə də təklif edirəm ki, bir komissiya qurulsun və bu komissiya şəffaflığı yoxlasın. Kim hansı fırıldaqlara əl atır, kimin unikal İP-i təmizdir. Hətta razıyam ki, bunlar elan edilməsin. Amma müəyyənləşdirilsin və hər kəsə öz yeri göstərilsin”.

Araşdırmalar sübut edir ki, hazırda Azərbaycan saytlarının mütləq əksəriyyəti İP artırmaq üçün müxtəlif fırıldaq üsullardan istifadə edir. Hansı saytın bu işlə məşğul olduğunu bilmək üçün mütəxəssis olmağa, yaxud da onun köməyindən istifadə etməyə ehtiyac yoxdur. Bəzi məsələlərə diqqət yetirmək kifayətdir. Məsələn, gündəlik 60-70 min, bəzən daha çox İP-dən girişi olduğunu iddia edən saytda, baxırsan ki, cəzbedici sərlövhəsi olan manşet yazısı gün ərzində cəmi 6-7 min dəfə açılıb. İP göstəricisi ilə manşet yazısının oxunması arasındakı bu fərq məntiqə uyğun deyil. Əgər bir saytın gün ərzində 60-70 min İP-si varsa, günün ən maraqlı xəbəri heç olmasa 30-35 min dəfə açılmalıdır. Lakin belə böyük iddialarla çıxış edən saytların əksəriyyətinin “Ən çox oxunanlar” bölməsində vəziyyət tamamilə fərqlidir.

Ümumiyyətlə götürdükdə isə, bizim araşdırmalarımıza görə, ictimai-siyasi mövzuların işıqlandırılmasına öncüllük verən çox az sayda Azərbaycan saytının gündəlik real İP-si 40 mindən yuxarı qalxır. Daha doğrusu, bizim səthi araşdırmamıza görə, hazırda bu həddi keçən cəmi bir sayt var, o da Müsavat.com-dur.

Lakin maraqlıdır ki, bir çox saytlar İP fırıldağını məhz elə Musavat.com vasitəsilə həyata keçirirlər. Əldə olunan məlumatlara görə, xüsusi kod yükləmək sayəsində Musavat.com-un səhifələrində baneri olan saytların sayğacları güclü “ziyarətçi” axınını hesablamaqda çətinlik çəkirlər. Yəni bu o deməkdir ki, həmin saytların banerləri Müsavat.com-dan götürülsə, yaxud da saxta İP “istehsal edən” kodlar yığışdırılsa onların reytinq siyahılarındakı yerləri on dəfələrlə geriləməyə məhkumdur.

Hörmətli Rauf bəyin xüsusi komissiya yaratmaq təklifi yaxşıdır, amma fikrimizcə, çox az sayda sayt rəhbəri öz saytını belə bir komissiyanın təftişinə açmağa razı olar. Çünki belə bir təftiş həyata keçiriləcəyi halda bir çox populyar hesab olunan saytların rəzil-rüsvay olmaqdan qaçmaq şansı olmayacaq. Lakin istənilən halda onlayn mediada ədalətli yarış mühiti bərpa olunmalı, hər kəs öz haqqı olan yerdə durmalıdır. Bu ədaləti bərpa etmək üçün yetərincə vasitələr var. Məsələn, belə vasitələrdən birini Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz musavat.com-a açıqlamasında göstərib. O, bildirib ki, Azərbaycanda bu işlə məşğul olan monitorinq sistemləri var. Netreds, Media Monitorinq Mərkəzi, Top News, Media Servis şirkətləri artıq bazarı analiz edirlər: “Onlar real vəziyyətin necə olduğunu, süni vəziyyəti ölçə bilirlər. Ona görə də hesab edirəm ki, burda ictimai qınaq anlamlı məsələlərdən istifadə etmək daha doğrudur. Bununla bağlı ictimai rəy formalaşdırmaq, hesabatlar dərc etdirmək lazımdır. Yəni, bu metod burda daha keçərli ola bilər. Düşünmürəm ki, qanunvericilik qaydasında bunun qarşısını almaqla bağlı nələrsə var. Bu istiqamətdə Azərbaycanda formalaşan, onun onlayn bazarını monitorinq edib, real vəziyyəti üzə çıxaran qurumlar aktivləşməlidir”.

Fikrimizcə, ədalətli yarış mühitinin bərpasında maraqlı olan saytlar O.Gündüzün təklifini dəyərləndirərək, adları çəkilən şirkətlərdən biri ilə əməkdaşlıq qurub, ayda bir dəfə onların hesabatlarını yaya bilərlər. Bu, bir tərəfdən saxtakarlıqla qabağa keçmək hallarının qarşısını alar, digər tərəfdən isə sağlam rəqabət mühitini gücləndirər.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar