“Rusiya beynəlxalq hüquqa tüpürür…” - Moskva Ukrayna dənizçilərilə bağlı məhkəmə qərarını tanımadı

Dərc olunub: 27/05/2019 - 13:55

1488886980_0001Hələ ötən ilin noyabrında Kerç boğazını keçərkən Rusiya tərəfindən hücuma məruz qalaraq, həbs edilən Ukraynaya məxsus hərbi katerləri və onların heyət üzvlərini azad etmək mümkün olmur.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, rəsmi Kiyevin iddiasına baxan BMT-nin Beynəlxalq Məhkəməsi Rusiya tərəfinin ukraynalı hərbçiləri və bu ölkəyə məxsus hərbi katerləri dərhal azad etməsinə dair qərar çıxarıb. Qərarda tələb olunur ki, hərbi gəmilər və hərbçilər dərhal azad edilərək, Ukrayna tərəfinə təhvil verilməlidirlər. Lakin buna paralel olaraq, Rusiya tərəfi bu insidentlə bağlı istintaq tədbirlərini davam etdirə bilər.

Qərarı şərh edən Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, rəsmi Moskvanın həbs olunan hərbi dənizçilərlə bağlı mövqeyi dəyişməz olaraq, qalır. O, bildirib ki, Beynəlxalq Məhkəmənin bu məsələ barədə qərar çıxarmaq hüququ yoxdur və hərbçilərin gələcək taleyini istintaq və Rusiya məhkəməsi müəyyən edəcək.

arseniy-yatsenyukRusiya tərəfinin beynəlxalq hüquqa bu cür münasibəti Ukraynada böyük hiddət doğurub. Kiyevdə bunu Rusiyanın beynəlxalq müstəvidə özbaşınalığının növbəti sübutu hesab edirlər. Parlamentdə təmsil olunan “Xalq Cəbhəsi” Partiyasının sədri Arseniy Yatsenyuk bu məslə ilə bağlı prezident Vladimir Zelenskiyə müraciət ünvanlayıb.

Partiya sədri prezidentdən tələb edib ki, BMT-nin Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını, eləcə də “Böyük yeddilik” ölkələri rəhbərlərinin, həmçinin Avropa Birliyinin bu özbaşınalığa reaksiya vermələrini təmin etsin: “Rusiya beynəlxalq hüquqa tüpürür. Tələb edin ki, dünya birliyi öz sözünü desin. Təşkilata üzv ölkələrə demək lazımdır ki, Rusiya Ukrayna kimi sizin də gəmilərinizi, mülkiyyətinizi və vətəndaşlarınızı ələ keçirə bilər…”

Xatərladaq ki, ötən il noyabrın 25-də Odessadan Mariopola yollanan Ukraynaya məxsus bir gəmi və iki hərbi kater Kerç boğazında rus hərbi donanmasının hücumuna məruz qalmışdı. Gəmilər və 24 ukrayna hərbiçisi həbs olunaraq, Moskvaya aparılmışdılar.

Rusiya tərəfi onları guya sərhədi qanunsuz keçməkdə ittiham edir və bu ittihama görə, hərbçiləri 6 ildədk azadlıqdan məhrumetmə cəzası gözləyir. Ukrayna isə məsələ ilə bağlı bu ilin aprelində Beynəlxalq Məhkəməyə müraciət edib. Lakin göründüyü kimi, rəsmi Moskva növbəti dəfə beynəlxalq hüquqa münasibətini ortaya qoyaraq, məhkəmənin qərarını tanımadığını bildirir.

Tahir
AzPolitika.info










loading...


Fikrinizi bildirin