KEÇMİŞ POLİS RƏİSİ VƏ GÖMRÜK KOMİTƏSİ MTN-ə QARŞI! – Bir qaçaqmal əməliyyatının sensasiyalı pərdəarxası!

Gömrük Komitəsinin sədr müavini MTN əməkdaşlarını nədə ittiham edib?

Polis polkovnik-leytenantı, uzun illər Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında müxtəlif yüksək vəzifələrdə çalışdıqdan sonra (Bir neçə rayon-şəhər polis şöbələrində əməliyyat üzrə rəis müavini, Bakı şəhər 23 saylı polis bölməsində rəis, DİN-in Bakı Hava Limanında qərargah rəisi və sairə - müəll), 2008-ci ildən təqaüdə çıxan Həsənəliyev Əfsəl Xanlar oğlu “AzPolitika.info” saytına sensasiyalı məlumatlarla dolu şikayət məktubu və bir sıra rəsmi sənədlərlə müraciət edib. Təqdim olunan sənədlərin arasında Ə.Həsənəliyevin Prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova, Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Kəramət Əliyevə ünvanlanmış məktubları da var.

Əfsəl Həsənəliyev kimdir?

Özü haqda məlumat verən Ə.Həsənəliyev bildirir ki, o, 1992- 1996–cı illərdə Azərbaycanda dövlət cevrilişlərinin qarşısının alınmasında və həmin cinayətlərin açılmasında fəal iştirak edib. Belə ki, Afiyyədin Cəlilovun, Şəmsi Rəhimovun qətlə yetirilməsi, həmçinin respublika üzrə 51 ölüm hadisəsi üzrə cinayət işlərinin açılmasında böyük rolu olmuş, MTN təcridxanasından qaçırılmış Rəhim Qazıyevin tutulub ölkəyə gətirilməsində birbaşa iştirak etmişdir.

Hazırda səhhətində ciddi problemləri olan, bir neçə ağır xəstəlikdən əziyyət çəkən (Rəsmi sənədlər Ə.Həsənəliyevin ağır xəstə olduğunu təsdiqləyir-R.Ə) Ə.Həsənəliyevin şikayəti isə, necə deyərlər, özünün “paqon” yoldaşlarından - Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşlarındandır. MTN-nin İstintaq Baş İdarəsi tərəfindən istintaqı aparılmış 1041 saylı cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilən Ə.Həsənəliyev günahsız olduğunu, 4 aydan çox MTN-də saxlandığını, hədə-qorxulara məruz qaldığını, haqqında irəli sürülən ittihamlarla özünü təqsirli bilmədiyini bildirir.

Qeyd edək ki, 20 sentyabr 2013-cü ildə MTN əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulan Ə.Həsənəliyev, bir gün sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham olunaraq, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Ancaq səhhəti təcridxana şəraitində saxlanmağa imkan vermədiyindən, barəsində həbs-qətimkan tədbiri dəyişdirilərək, 19 fevral 2014-cü ildə başqa yerə getməmək şərti ilə ilə sərbəst buraxılmışdır.

MTN keçmiş polis rəisini nədə ittiham edir?

MTN əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılan Ə.Həsənəliyev, Azərbaycan Respublikası vətəndaşları Məcid Anqubazov, Cahangir Məmmədov, Elman Məsimov, Orxan Abdullayev və Sərdar İsmayılovdan ibarət bir qrup şəxslə qabaqcadan cinayət əlaqəsinə girərək, tamah məqsədi ilə külli miqdarda dəyəri olan pirotexniki malların və “skoç” yapışqan lentinin Gürcüstandan qaçaqmalçılıq, sənədlərdən aldatma yolu ilə istifadə etməklə, gömrük nəzarətindən keçirərək Azərbaycana gətirməkdə ittiham olunur.

Ancaq Ə.Həsənəliyev bu ittihamların uydurma olduğunu iddia edir. Onun bildirdiyinə görə, 2013-cü ilin setyabr ayının əvvəlində ailəvı dostlarının yaxın qohumu Məcid Anqubazov ondan Gürcüstanda olan “TIR” yük avtomobilinin yarısı həcmində “skoc”dan ibarət malın Azərbaycana gətirilməsinə kömək göstərməyi xahiş edib. O da bununla bağlı karqo daşımaları şirkəti olan dostu Cahangir Məmmədovla əlaqə saxlayıb. Həmin vaxt Gürcüstanda olan Cahangir Məmmədov, yükün Azərbaycana göndərilməsini təşkil etməyə razılıq verib. Məcid Anqubazovun təkidli xahişi ilə Ə.Həsənəliyev də öz maşını ilə Gürcüstana gedib. Ancaq Gürcüstanda Ə.Həsənəliyevə məlum olur ki, mal Məcid Anqubazovun deyil, bir başqasınındır. Elə cinayət işində adları keçən Elman Məsimov, Orxan Abdullayev və Sərdar İsmayılovu da Ə.Həsənəliyevlə Məcid Anqubazov tanış edir. Orxan Abdullayev və Sərdar İsmayılov Ə.Həsənəliyevin maşınında Tiflisə gedirlər. Məlum olur ki, həmin şəxslər Gürcüstan vətəndaşı Karlo Katrikadzeyə məxsus malları Məcid Anqubazovun köməkliyi ilə Azərbaycana keçirməkdə vasitəçilik edirlərmiş.

Daha sonra o da məlum olur ki, M. Anqubazov və dostları Azərbaycana yalnız “skoc” deyil, həm də xeyli miqdarda “pirotexnika” da keçirmək istəyirlər.

Ə.Həsənəliyevin sözlərinə görə, o, bunu bildikdən sonra həmin malların Azərbaycanda qadağan edildiyini və aparılmasının qeyri-mümkün olduğunu bildirib. Eyni sözü Gürcüstanda görüşdükləri Cahangir Məmmədov da söyləyib.

M.Anqubazovun təkidli xahişlərinə baxmayaraq, Cahangir Məmmədov “pirotexniki” malların Azərbaycana keçirilməsini boynuna götürməkdən imtina edir. Əvəzində iranlı biznes tərəfdaşı ilə məsləhətləşdikdən sonra M.Anqubazova həmin malları satışı qadağan olunmayan İrana apara biləcəyini və hətta orda daha çox qazanc götürməyin mümkünlüyünü söyləyir. M.Anqubazov da razılaşır.

“Qaçaqmal” gömrükdən necə keçdi?

Ə.Həsənəliyevin sözlərinə görə, bundan sonra Gürcüstan Beynəlxalq Gömrük Terminalında malın 3-cü ölkəyə daşınması ilə bağlı müvafiq sənədləşmə işləri aparılır.

Sənədləşmə yekunlaşdıqdan sonra mallar “KAMAZ” markalı yük maşınına yüklənərək yola salınır. Həmin mallar 10 sentyabr 2013-cü ildə ayrı-ayrılıqda həm Gürcüstanda, həm də Azərbaycanda gömrük nəzarətindən keçirilmiş, boşaldılaraq olduğu kimi bəyan edilmiş, müvafiq gömrük rüsumları ödənilmiş, tranzit mal kimi sənədləşdirilmişdir. Hətta malın İrana aparılmasına nəzarət etmək üçün Tovuz Gömrük İdarəsinin “Sınıq-körpü” gömrük postunun iki əməkdaşı da ayrılır.

Ancaq 11 sentyabr 2013-cü il tarixdə gömrük əməkdaşlarının müşaiyyəti ilə Astara Gömrük İdarəsinə doğru hərəkətə başlayan yük avtomobili Qazaxın Birinci Şıxlı kəndində yanacaqdoldurma məntəqəsinə daxil olarkən, MTN-in Qazax rayon şöbəsi və Bakıdan gələn 4 əməkdaşı tərəfindən saxlanılır. MTN əməkdaşları bunun səbəbini əməliyyat məlumatına əsasən, yük avtomaşınında Azərbaycana gətirilməsi qadağan olunan qaçaqmal olması və MTN-in İstintaq Baş İdarəsi tərəfindən bununla bağlı cinayət işinin açılması ilə izah edirlər. Yük maşınına gömrük əməkdaşlarının iştirakı ilə baxış keçirilir və orada gömrük bəyannəməsində göstərilməyən mal aşkar olunmur.

Ə.Həsənəliyev bildirir ki, malların Azərbaycan ərazisi ilə daşınmasına dair qanuni sənədlərin olmasına və gömrük əməkdaşlarının etirazına baxmayaraq, MTN əməkdaşları avtomobilin mallarla birlikdə Bakıya aparılacağını bildiriblər. Gömrük əməkdaşları malların gömrük nəzarətində olduğunu əsas gətirərək etiraz etsələr də, MTN-çilər təkid edirlər və maşını Bakıya aparırlar.

12 sentyabr 2013-cü ildə Ə.Həsənəliyev Balakənə qayıdır. Sentyabrın 13-də isə MTN əməkdaşları elə Balakəndə onu və M.Anqubazovu saxlayırlar: “Bizi “filtr qrupuna” təhvil verdilər. MTN əməkdaşları məndən ilkin izahatımı aldıqdan sonra ev ünvanımı, telefon nömrələrimi götürüb buraxdılar”.

Yazının girişində məlumat verdiyimiz kimi, bir həftə sonra Ə.Həsənəliyevə qarşı ittiham irəli sürülür və o həbs olunur.

Gömrük Komitəsinin sədr müavini rəsmi məktubla MTN-çiləri nədə ittiham edib?

Ən maraqlısı odur ki, malların qanunu qaydada ölkəyə keçirilməsi barədə Ə.Həsənəliyevin dedikləri Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük general-leytenantı Əsgər Abdullayevin MTN-in İstintaq Baş İdarəsinin rəisi, general-mayor Mövlan Şıxəliyevə 25.09.2013-cü il tarixli sensasiyalı məktubunda da təsdiqini tapır. Həmin məktubda bildirilir:

“Sizin 16.09.2013-cü il tarixli 20/2833 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, 11 sentyabr 2013-cü il tarixdə MTN əməkdaşları tərəfindən Qazax rayonu ərazisində saxlanmış Azərbaycan Respublikası vətəndaşı Əsədullayev

Əbülfət Xanlar oğlunun idarə etdiyi 44 BB 952 dövlət nömrə nişanlı “Kamaz” markalı yük avtomaşınının 44 ZA 041 dövlət nömrə nişanlı qoşqusunda aşkar olunan 23 000 kq çəkidə “Fişənglər” və 1050 kq çəkidə plastik kütlədən plitələr, özüyapışan rulonlarda olan və olmayan adları altında Tovuz Gömrük İdarəsinin “Sınıq-körpü” gömrük postunda beynəlxalq gömrük proseduru adı altında rəsmiləşdirilmiş və təyinatı üzrə Astara Gömrük İdarəsinə ünvanlanmışdır.

Qeyd olunan mallar Gürcüstan Respublikasının Tiflis şəhərindən Karlo Kotrikadze adlı şəxs tərəfindən İran İslam Respublikasının “Kalyar Co. LTD” şirkətinin ünvanına göndərilməklə, aidiyyatı mal-müşaiyyət sənədləri ilə 10.09.2013-cü il tarixdə Tovuz Gömrük İdarəsinin “Sınıq-körpü” gömrük postunda gömrük orqanlarına bəyan olunmuş və xarici ölkənin müvafiq gömrük təminatı ilə təchiz edilmişdir”.

Daha sonra məktubda bildirilir ki, mal qanunvericiliyə uyğun gömrük nəzarətinə alınmış, qoşqunun yük yeri gömrük təminatı ilə möhürlənmiş, rəsmiləşdirmə aparılmışdır: “Rəsmiləşdirmə zamanı sənədlərlə tanış olarkən, müəyyən olunmuşdur ki, Beynəlxalq Tranzit Gömrük proseduru ilə rəsmiləşdirilməli olan “Fişəng” malları xüsusi nəzarət tələb edən mallar sinfinə aiddir və bu səbəbdən də həmin yük avtomaşının Tovuz Gömrük İdarəsinin mobil bölməsinin əməkdaşları tərəfindən gömrük müşaiyyəti altında gömrük orqanı olan Astara Gömrük İdarəsinə çatdırılması barədə qərar qəbul edilmişdir.

11.09.2013-cü il tarixdə 44 BB 952 dövlət nömrə nişanlı “Kamaz” markalı yük avtomaşınının gömrük müşaiyyəti ilə Astara Gömrük İdarəsinə göndərilməsi üçün aidiyyatı tədbirlər görülən zaman, yük avtomaşınının yanına MTN-in Qazax rayon şöbəsinin əməkdaşları və Bakı şəhərindən gələn 4 MTN əməkdaşı yaxınlaşmış və gömrük təminatı ilə möhürlənmiş gömrük nəzarəti altinda olan yük avtomaşınını Bakı şəhərinə aparacaqları barədə məlumat vermişlər. Səbəbini də onunla izah etmişlər ki, MTN-ə daxil olmuş əməliyyat məlumatına əsasən, yük avtomaşınında Azərbaycan Respublikasına gətirilməsi qadağan olan qaçaqmal var və bununla bağlı MTN-in İstintaq Baş İdarəsi tərəfindən cinayət işinin istintaqı aparılmaqdadır. Belə olan halda gömrük əməkdaşlarının müdaxiləsi ilə bunun qarşısı alınmış və malların gömrük nəzarətində olduğu əsas tutularaq, yük avtomaşınına Qazax rayonunda gömrük əməkdaşlarının iştirakı ilə baxış keçirilməsi üzrə razılıq əldə edilmişdir.

Gömrük əməkdaşlarının iştirakı ilə MTN əməkdaşları yük-müşaiyyət sənədləri ilə tanış olmadan keçirdikləri baxış zamanı 44 ZA 041 dövlət nömrə nişanlı qoşqunun yük yerindən gömrük orqanlarına bəyan olunmuş “Fişənglər” və plastik kütlədən plitələr, özüyapışan rulonlarda olan və olmayan mallardan başqa gömrük orqanlarına bəyan olunmayan HEÇ BİR QAÇAQMAL AŞKAR OLUNMAMŞIDIR (seçmə bizimdir.red.).

Bunun ardınca keçirilmiş baxışın nəticəsinə dair MTN əməkdaşları tərəfindən protokol tərtib olunmuş və baxışda iştirak edən gömrük əməkdaşları da daxil olmaqla, iştirakçılar tərəfindən imzalanmışdır. Protokol imzalandıqdan sonra protokolun surəti istənilsə də, MTN-in əməkdaşları PROTOKOLUN SURƏTINI VERMƏKDƏN İMTİNA ETMİŞ və yük maşınının yük yerini MTN-in möhürü ilə möhürləyərək, Bakı şəhərinə aparılmalı olduğunu bildirmişlər.

Belə olan halda gömrük əməkdaşları yükün hələ də gömrük nəzarəti altında olması səbəbindən gömrük təminatı ilə möhürlənməli olduğunun vacibliyini bildirmiş, lakin MTN əməkdaşları buna məhəl qoymadan təkidlə yük avtomaşınını hər bir halda Bakıya aparacaqları barədə məlumat vermişlər.

Daha sonra yükə aid sənədlər gömrük postunda qalmasına baxmayaraq, Azərbaycan Respublikasının “Gömrük işi haqqında” qanunvericiliyinin TƏLƏBLƏRİNƏ ZİDD OLARAQ, mallara gömrük təminatı vurulmadan yük avtomaşını MTN-in əməkdaşları tərəfindən gömrük nəzarətindən çıxardılaraq, onların müşaiyyəti altında Bakı şəhərinə aparılmışdır.”

Bir daha xatırladırıq ki, bütün bunlar Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük general-leytenantı Əsgər Abdullayevin məktubundandır.

O, açıq mətnlə bildirir ki, gömrük postundan qanuni keçən malları MTN əməkdaşları qaçaqmal kimi müsadirə edib.

“Yeganə ümidim cənab Prezidentədir”

Ə.Həsənəliyevin sözlərinə görə, belə bir məktubun olmasına baxmayaraq, MTN-in İstintaq Baş İdarəsi tərəfindən onların barəsində olan cinayət işinə xitam verilmir. İşin istintaqı yekunlaşdırılaraq məhkəməyə göndərilir. Hazırda cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır. Sentyabrın 5-də növbəti məhkəmə prosesi keçiriləcək.

Əllərində qanuni sənədlərin olmasına baxmayaraq, Ə.Həsənəliyev məhkəmənin ədalətli qərar verəcəyinə inanmır. Bunun da əsas səbəbi kimi MTN əməkdaşları tərəfindən ittihamları təsdiqləmək üçün bu işdə adı keçən bəzi şəxslərdən “etirafedici” ifadələr alınmasını göstərir. Belə ki, Ə.Həsənəliyevi bu işə cəlb edən Məcid Anqubazovun ittihamı müdafiə etdiyi bildirilir: “MTN-in əməkdaşı Y.Məmmədov tərəfindən öyrədilən Məcid Anqubazov bizə qarşı qərəzli ifadə verərək, ittihamı müdafiə edib. Bunun məhkəmədə cəza verilərkən onun xeyrinə nəzərə alınacağı bildirilib. Günahsız olduğumuzdan biz ittihamları qəbul etmirik. Lakin Məcid Anqubazovun müstəntiqlərin təhriki ilə verdiyi ifadə sanki məhkəmənin işini yüngülləşdirmişdir. Belə görünür ki, ittiham təsdiq olunacaq, məhkəmə dolayı yollarla bizi ittiham edəcəkdir. Məhkəmədə mənin verdiyim vəsatətlər təmin edilməmişdir. Məsələn, iş üzrə mühüm əhəmiyyət kəsb edən, Karlo Katrikadze istintaq orqanı tərəfindən dindirilməmişdir. Bu haqda mənim tərəfdən vəsatət verildiyi, hətta şahidi təqdim etdiyim halda, məhkəmə onun dindirilməsini təmin etməmişdir”.

Məktubun sonunda ona qarşı irəli sürülən ittihamların tam əsassız olduğunu bildirən Ə.Həsənəliyev, yeganə ümidinin Prezident İlham Əliyev olduğunu yazır:

“Möhtərəm Prezident! Yeganə ümidim Sizədir! Ədalətin bərqərar olması, məhkəmənin şəffaf keçirilməsi üçün bu işi nəzarətə götürməyinizi xahiş edirəm!”

“Yenidən həbs olunacağımla təhdid olundum”

Qeyd edək ki, Ə.Həsənəliyev bu işə görə konkret MTN əməkdaşlarına qarşı bir sıra ciddi ittihamlar da irəli sürür, yenidən həbs olunacağı ilə təhdid olunduğunu, azadlığını pulla aldığını bildirir, bu iddiasını təsdiqləmək üçün istintaq altında olduğu müddətdə evini girov qoyaraq bankdan kredit götürdüyünə dair sənədləri də təqdim edir. Prezident İlham Əliyevə və Baş prokuror Zakir Qaralova yazdığı məktublarında bu məqama xüsusi vurğu salaraq araşdırılmasını xahiş edir.

Qeyd edək ki, Ə.Həsənəliyevin şikayət məktubu ilə bağlı MTN-in İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayevlə də əlaqə saxladıq. O, qeyd olunan cinayət işi ilə tanış olmadığını bildirərək, istintaqdan narazılığı olanlara İstintaq Baş İdarəsinin, həmçinin MTN-in rəhbərliyinə müraciət etməyi tövsiyyə etdi.

Rasim Əliyev

AzPolitika.info

[caption id="attachment_52059" align="alignleft" width="626"]

Əfsəl Həsənəliyev[/caption]

[caption id="attachment_52068" align="alignleft" width="463"]

DİN-in Ə.Həsənəliyevlə bağlı arayışı[/caption]

[caption id="attachment_52069" align="alignleft" width="469"]

Prezidentə müraciət[/caption]

[caption id="attachment_52070" align="alignleft" width="489"]

Gömrük sənədi[/caption]

[caption id="attachment_52072" align="alignleft" width="432"]

Avtomobilə baxış protokolu[/caption]

[caption id="attachment_52073" align="alignleft" width="450"]

Əsgər Abdullayevin məktubu[/caption]

[caption id="attachment_52074" align="alignleft" width="437"]

Əsgər Abdullayevin məktubu (ardı)[/caption]

[caption id="attachment_52075" align="alignleft" width="739"]

Evin "Unibank"a girov qoyulması[/caption]

[caption id="attachment_52077" align="alignleft" width="473"]

Banka ödəniş qrafiki[/caption]

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar