RUSİYA İLƏ MÜHARİBƏ SSENARİLƏRİ – NATO Amerika olmadan rus ordusu qarşısında dayana bilərmi?

Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (International Institute os Strategic Studies) ehtimal edilən bir neçə ssenari üzərində təhlil aparıb. ABŞ-ın “The National Interest” nəşri xəbər verir ki, nəzərdən keçirilən həmin ssenarilərə görə, NATO (Kanada da daxil olmaqla) ABŞ-ın dəstəyi olmadan Rusiyaya qarşı dayanmalıdır.

Bu ssenarilərə uyğun olaraq hadisələr 2021-ci ildə cərəyan edir. Rusiya Litvanı və həmçinin də Kalininqrad vilayəti ilə sərhəddəki Polşa ərazilərinin bir qismini işğal edir. Litva və Polşa NATO üzvü olduqlarından, alyans 5-ci maddəyə müraciət edir. Bu maddəyə əsasən alyansın bir üzvünə qarşı təcavüz, bütün alyans üzvlərinə qarşı təcavüz sayılır. NATO müharibəyə hazırlaşır və Amerika əsgər və texnikası hesaba alınmamaq şərtiylə, Rusiya işğal etdiyi ərazilərdən sıxışdırılıb çıxarılmalıdır.

Lakin “Şərq qalxanı/Şərq hücumu” kod adı altındakı bu hücum əməliyyatlarının gedişində alyans bəzi ciddi problemlərlə üzləşir. Sadəcə olaraq alyans kifayət qədər ordu yığa və onları adekvat dəstəklə təmin edə bilmir.

Hal-hazırda NATO-nun ixtiyarında sayı təxminən bir diviziya qədər olan təxirəsalınmaz hərəkət gücləri var. Bundan başqa alyansın Avropaya əlavə batalyonlar göndərmək planı var. Lakin araşdırmanın müəllifləri yazırlar: “Bu hərbi dəstələr həmin ssenarini reallaşdırmaq üçün tələb olunan sayda ordu qurmağa kifayət etmir”.

Məsələn, çoxlu tankı olan Rusiya qoşunlarına qarşı dayanmaq üçün NATO güclərinə müasir tanklar və döyüş maşınları, ağır texnikalı briqadalar lazımdır. Qüvvələr nisbətini eyni vəziyyətə gətirməkdən və rusları məğlub etməkdən ötrü, dörd bu cür korpus lazımdır.

Məruzədə deyilir: “Pribaltikaya müdaxilə ssenarisinə əsasən Amerika əsgərlərinin yoxluğu üzündən Polşa ordusu ağır itkilər verəcək. NATO-nun yerdə qalan üzvləri və Kanadanın ixtiyarında döyüş kriteriyalarına cavab verən cəmi 20 briqada olacaq. Onlardan təxminən üçdə biri daha yüngül zirehli maşınlardan ibarət birləşmələrdir. Əgər hesab etsək ki, bu birləşmələrin 50%-i 90 gün ərzində hazır hala gətiriləcək, onda NATO-nun döyüş cərgəsində olan ümumi güclər yalnız bir korpusa bərabər olacaq. Bundan başqa hazırda alyansın kifayət qədər müasir artilleriya qurğuları yoxdur. Əsasən də uzaq mənzilli atəş qabiliyyətinə malik sistemlər çatışmır. Beləliklə, bu iki kateqoriyanın əhəmiyyətli dərəcədə artırılması bu tələblərin adekvat yerinə yetirilməsi şəraitində vacibdir. Bu quru qoşunları Rusiyanın aviazərbələrindən müdafiə olunmalıdır. Moskva öz böyük arsenalındakı ballistik və qanadlı raketlərinin köməyilə NATO-nun hərbi-hava və təchizat bazalarına zərbələr endirəcək. NATO-nun sərəncamında olan məhdud saylı uzaq radiuslu Hava Hücumundan Müdafiə vasitələri yalnız alyansın cəbhə xəttindəki bazalarının qorunması zamanı effektli ola bilər. Lakin onlar quru qoşunlarına aid komponentləri və ya hərbi infrastrukturun arxa cəbhə komanda məntəqələri və ya təchizat məskənləri kimi əsas obyektlərin qorunmasına kifayət etməyəcək”.

Əməliyyat zamanı Baltik dənizi, Qara dəniz və Aralıq dənizindəki məhdud NATO gəmiləri də çətinliklə üzləşəcəklər. NATO-da xeyli sayda pilotsuz uçan aparatlar və kəşfiyyat sistemləri var. Amma alyansın əksər ölkələrində döyüş mərmiləri yalnız bir neçə gün bəs edər. İlk növbədə bu idarəedilən aviabombalara aiddir (NATO bunların çoxunu 2011-ci ildə Liviyanı bombalayanda sərf edib).

Vəziyyət bir də ona görə mürəkkəbləşir ki, Rusiyanın Pribaltikadakı hücumunun dəf edilməsi üçün avadanlığın alınmasına və hərbi kontingentə çəkilən xərclər 357 milyard dollar təşkil edə bilər. NATO-nun Avropa üzvlərinin maliyyə vəziyyətlərini nəzərə alsaq, onda ABŞ-ın bu alyansda nə qədər əvəzedilməzliyi məsələsi bir daha ön plana çıxacaq.

Bəzi aspektlərdə NATO-nun Avropa üzvləri öz resurslarından istifadə edə bilərlər, amma digər məsələlərdə onlar ABŞ-ın köməyinə ehtiyac duyurlar. Məruzədə daha sonra deyilir: “ABŞ-ın material-texniki və quru qoşunlarının arxa cəbhə təchizi kimi imkanlarının bəzi güc və vasitələrlə əvəz edilməsi çətin olmasa da, amma bu ucuz başa gəlməyəcək. Lakin ABŞ elə güc və imkanlara malikdir ki, avropalıların bunu əvəzləməsi hədsiz çətin məsələdir”.

Hazırda Rusiya ordusundakı əsgər və zabitlərin sayı təxminən 900 min nəfərə çatır. Rusiya quru qoşunlarındakı şəxsi heyətin sayı 280 min nəfərdir. Sovet İttifaqındakı hərbçilərin sayı 5 milyon idi. Aradakı fərq açıq görünür.

Ümumiyyətlə isə Sovet ordusu geniş miqyaslı əməliyyatlar aparmağa hazır vəziyyətdə tutulurdu. Rusiya ordusunda vəziyyət tamam başqadır. İkinci Dünya Müharibəsində Sovet ordusu yalnız Əfqanıstanda geniş miqyaslı döyüş əməliyyatları həyata keçirmişdi. SSRİ Silahlı Qüvvələrinin 40-cı ordusu səkkiz il müddətində Əfqanıstanda qalmışdı. Əgər Əfqanıstanın dağlıq relyefi və əfqan mücahidlərinə Amerikanın hərtərəfli dəstəyini nəzərə alsaq, onda Sovet ordusunun oradakı döyüş qabiliyyəti yüksək qiymətləndirilməlidir. Amma SSRİ-dən fərqli olaraq Rusiya ordusu əsl qoşun bölmələriylə döyüşməyib. Ruslar Gürcüstan və Ukraynada ordusu olmayan qonşularına hücum çəkmişdilər. O ki qaldı Suriyaya, orda yalnız şəhərlərı bombalayıblar və buradakı əməliyyatlar lokal xarakter daşıyıb. Suriyada Rusiyanın ən hazırlıqlı “Vaqner” qrupu ABŞ-ın “Delta Forse” xüsusi təyinatlıları ilə döyüşə girmişdi və bir neçə saat içində 300 nəfər itki verib, tutduğu ərazini dərhal tərk etmişdi. Bəli, Avropa ölkələrinin demək olar ki, yüksək hazırlıqlı və geniş ərazilərdə döyüş apara biləcək ordusu yoxdur və ABŞ da istəyir ki, Avropa həmişə ondan asılı qalsın. Amma unutmayaq ki, 1930-cu illərin əvvəlində Almaniyada da ordu yox idi, sonradan nə baş verdiyi tarixdən bəllidir. Sözsüz ki, Avropada da belə ola bilər.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar