Məhkəmə Akif Nağıya qarşı iddianı rədd edib

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağıya qarşı bir ilə yaxın müddət ərzində davam edən məhkəmə prosesi başa çatıb.

QAT-dan ONA-ya verilən məlumata görə, məhkəmə prosesi Binəqədi rayon Məhkəməsində başlayıb və bu gün Xətai rayon Məhkəməsində axşam saatlarında yekun qərar verilib.

Qeyd edək ki, 2017-ci ilin sonlarında 220 saylı məktəbin müəllimi Rövşən Əzizov sosial şəbəkələrdə Azərbaycanla Ermənistan arasında sülhü, dostluğu təbliğ edən materiallar yayırdı və bununla da Ermənistanın Azərbaycana qarşı işğalçı hərəkətlərinə bəraət qazandırır, eyni zamanda işğal faktının unutdurulması işinə xidmət edirdi. Bu məsələ o vaxt Qarabağ Azadlıq Təşkilatının da diqqətini cəlb eləmişdi və bu məsələ ilə bağlı QAT rəhbərliyi sosial şəbəkələrdə, mətbuatda müəyyən münasibətlər bildirmişdi. Bu məsələlərdən sonra həmin müəllim 220 saylı məktəbin rəhbərliyi tərəfindən işdən azad edilib.

Bundan bir müddət sonra Rövşən Əzizov həm məktəbin rəhbərliyinin, həm də Qarabağ Azadlıq Təşkilatının əleyhinə müxtəlif məhkəmələrə müraciət edib. QAT sədri Akif Nağını ittiham edirdi ki, guya işdən çıxarılmasında onun da günahı var. Bu uzun sürən məhkəmə prosesindən sonra bu gün, nəhayət ki, Xətai rayon Məhkəməsində hakim Sərdar Mehrəliyevin sədrliyi ilə işə baxılıb və yekun iclas olub. İclasın gedişində hakim məhkəmə çıxışlarına şərait yaradıb. Əvvəlcə Rövşən Əzizov yenə də öz iddialarını təkrar edib və iddialarının üzərində dayandığını bildirib. Bundan sonra QAT nümayəndəsi, hüquqşünası Əlövsət Sadıxlı əks arqumentlərlə çıxış edib və iddiaların heç bir əsası olmadığını göstərib və hakimdən bu iddanın rədd edilməsini xahiş edib. Sonra Akif Nağı da qısa çıxış edərək məsələnin mahiyyəti ilə bağlı mövqeyini bildirib. Sonda hakim Sərdar Mehrəliyev məhkəmənin yekun qərarını elan edib və bildirib ki, R.Əzizovun QAT-a və onun sədrinə qarşı irəli sürdüyü iddiaların və bu iddialara uyğun olaraq hansısa maddi kompensasiyanın alınması ilə bağlı iddiası, tələbi təsdiqini tapmır və ona görə də təmin edilmir. Beləliklə, xeyli müddət çəkən Məhkəmə prosesinə hələlik Xətai Məhkəməsi səviyyəsində yekun vurulub.

QAT sədri Akif Nağı mətbuat üçün açıqlamasında bildirib: “Biz heç kəsin işdən çıxarılmasını istəmirik, sadəcə olaraq hesab edirik ki, yaşlı və ya cavan olmasından asılı olmayaraq, hər kəs Azərbaycanın müəyyən prinsiplərinə əməl etməlidir. Azərbaycan torpaqları işğal altındadır. Belə bir vəziyyətdə hər kəs öz hərəkətində, sözündə, təbliğatında diqqətli olmalıdır. Bu cür adamlardan ola bilər ki, xaricdəki müəyyən mərkəzlər, o cümlədən Ermənistanın xüsusi xidmət orqanları Azərbaycanın daxilində Ermənistanın müəyyən maraqlarını, mövqeyini təbliğ eləmək üçün istifadə etsinlər. Diqqətli olmalıdırlar və hər kəs əgər yanlışlığa yol verirsə yanlışlığını vaxtında aradan qaldırmalıdır və Azərbaycanın maraqlarına xidmət edən vətəndaş kimi fəaliyyətini davam etdirməlidir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar