AXCP yeni qərargahından çıxarılır?

AXCP-nin qərargah üçün icarəyə götürdüyü mülkün sahibinə təzyiqlər başlayıb. Bu barədə Modern.az saytına AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib.

“Bizdə olan məlumata görə hakimiyyət həmin mülkün sahibinə təzyiqlər edir ki, qərargahı AXCP-dən geri alsın”-deyə partiya funksioneri bildirib.

Xatırladaq ki, AXCP yeddi il qərargahsız fəaliyyət göstərsə də, 2013-cü ilin oktyabr ayının əvvəlində bu problemi həll edə bilib. Partiya Açıq Cəmiyyət Partiyasının (ACP) Təbriz küçəsində yerləşən əvvəlki qərargahını icarəyə götürüb. AXCP rəhbərliyinin bu binanın icarə haqqı üçün hər ay 2500 manat ödəyəcəyi qeyd olunub.

Mülkün sahibi Azər Əsgərov adlı Naxçıvan sakinidir. O, xeyli vaxtdır Türkiyədə yaşayır.

Bizə verilən məlumata görə, mülk sahibinə təzyiq indi yox, AXCP ilə müqavilə bağlanmamışdan əvvəl olub. Hakimiyyətdəki müəyyən dairələr çalışıblar ki, qərargah AXCP-yə verilməsin. Lakin sahibkar Türkiyədə yaşadığından bu cəhdlər bir nəticə verməyib.

Məlumatlı bir mənbə deyir ki, əslində indi Azər Əsgərova heç bir təzyiq yoxdur. Sadəcə onun əsas məqsədi öz mülkünü satmaqdır. Bu məqsədinə nail olmaq üçün isə müxalifət kartından istifadə etməyə çalışır. "Özü maraqlıdır ki, AXCP-nin qərargahı ətrafında söz-söhbət olsun və hakimiyyət əsas müxalifət partiyasını yenidən qərargahsız qoymaq üçün mülkü ondan alsın. Təbii ki, real dəyərindən artıq qiymətə", deyə, mənbə AzPolitika.info-ya bildirib.

V.Nəsibov

 

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar