NİYƏ 700 BALLAR YOXA ÇIXIB?

Etibar ƏLİYEV, təhsil ekspert

Bu il ali məktəblərə qəbul imtahanlarında maksimum bal toplayan olmayıb və istər-istəməz bunun səbəbləri ilə bağlı suallar yaranır. Yaranmalıdır. Amma emosionallıq üçün yox, doğru analiz və faydalı müzakirə üçün.

Gəlin ilk olaraq bir suala cavab verək: bunu təhsilin səviyyəsinin aşağı düşməsi kimi qiymətləndirmək olarmı?

Obyektiv yanaşaq, tutaq ki, ötən ildən bu yana inkişaf olmayıb, lakin enmə də olmayıb. Eyni nazirdir, eyni abu-havadır, eyni məktəblərdir. Başqa vaxt 700 balları məktəbin yox, repetitorların uğuru sayanlar da olurdu, indi bunu repetitorların uğursuzluğu da saymaq olmaz, onlar da yerində qalıb. 700 bal yığılmaması ilə bağlı mətbuatda tənqidi yazılardan birində müəllif haqlı olaraq soruşur: “Bəs bu necə oldu? Təcrübə göstərir ki, builki abituriyentlər keçənilkilərdən (eləcə də 10, 20 il öncəkilərdən) daha çox oxuyur, daha çox hazırlaşırlar”.

Deməli, səbəb test suallarının məzmunu ilə bağlıdır. Aşağıdakılardan hansılar baş verib:

1) Tapşırıqlar daha çətin olub;

2) Yeni tip tapşırıqlar olub;

3) Keyfiyyətsiz tapşırıqlar olub;

4) Daha keyfiyyətli olub.

Tapşırıqlar daha çətinmi olub? Mənim yadıma gəlir, vaxtilə Misir Mərdanov imtahan nəticələrinin aşağı olması ilə bağlı qəribə və gülməli bir izah vermişdi ki, suallar çətin olur. O zaman mətbuatda nazirə yaxşı cavab verdilər: suallar niyə asan olmalıdır? Doğrudan da suallar asan ola bilməz, məktəb proqramının tələblərini aşmadan (kurikulumlar bunu daha dəqiq aparmağa imkan verir) çətin sualların düşməsi təhsilə ziyan deyil. Çətin dedikdə, olimpiada suallarından, proqramı aşan tapşırıqlardan söhbət getmir. Normalda məktəb dərslərinin tələblərinə daxil olan və asan olmayan suallar nəzərdə tutulur. Bundan qorxmaq əvəzinə, nəzarət etmək lazımdır ki, əksinə, asan suallarla yüksək nəticə göstərənlər, ictimaiyyəti aldatmasın.

Mənim təhlillərimə görə bu il sualların çətinlik səviyyəsi də dəyişməyib, onların keyfiyyətinin azalıb-artmasından da söhbət getmir, əsl səbəb doğrudan da, yeni tip sualların – açıq tipli sualların imtahana salınması ilə bağlıdır.

Nazirlik əvvəldən bəyan etmişdi ki, digər tip bacarıqların aşağı olmasına görə imtahanın məzmununa açıq tipli suallar salınacaq. Bütün suallar bu məsələ üzərində qoyulmalıdır. Deməli, doğrudan da uşaqlarımız açıq tipli suallara cavab verməkdə çətinlik çəkir. Təsdiq olunan budur. 700 balların arxasında gizlənib, yalandan öyünməkdənsə, bu cür etiraf yaxşıdır. Məktəb doğrudan da açıq tipli sualları çözmək bacarığını yüksəldə bilmir.

Gəlin öncədən razılaşaq ki, imtahanın başlıca nəticəsi 700 balların sayı ilə ölçülmür. Zatən 85 faizlik göstərici bütün dünyada əla kimi qiymətləndirilir. 700 bal böyük uğurdur, bu uşaqlar hər cür hörmətə və diqqətə layiqdir, amma çox istedadlı uşaqlar, o cümlədən olimpiada uğurları olan uşaqlar dünyanın hər yerində ümumi standart test imtahanlarında 100 faizlik nəticə göstərmir. Bunun da müxtəlif səbəbləri var, kifayət qədər öyrənilmiş məsələdir.

Yəni 700 bal toplayacaq abituriyentlər yenə də çempiondur, bu dəfə tutaq ki, 695 balla. Heç kimin haqqına girilməyib. Bizim qorxacağımız ədalətsizliyin olmasıdır. Bunu da iddia edə bilmərik. Bütün dünyada test üsulunu pisləyənlərə qarşı ən yaxşı cavab odur ki, bundan ədalətli seçim yoxdur.

Hamı eyni şərtlər altında yarışıb. Çempion yenə öndədir, əla qiymət alanlar yenə öndədir, uğursuz olanlar da yenə ortadadır.

Şişirtmədən, asan imtahandansa, daha sərt müsabiqə üstündür. Ədalət hər hansı digər göstəricidən üstündür.

Keçək yeni tapşırıqlara, açıq sualların salınmasına. Mən açıq suallara cavab vermək bacarığının vacib olmasını, yazı bacarıqlarının inkişafını və tənqidi oxu keyfiyyətinin, natiqliyin vacib olduğunu qəbul edirəm. Dövlət İmtahan Mərkəzinin bu qayğısını başa düşürəm, haqsızlıq saymıram, amma yenə də açıq tipli sualların imtahana salınmasının üzərində düşünməyi vacib sayıram. Onu da bilirəm ki, buna çağırışlar bütün dünyada var. Həm də qiymətləndirmədə insan iştirakına birmənalı olmayan münasibətləri də bilirik.

İmtahana düşən açıq tipli suallardan uşaqlar razı qalmır, onların bəzilərinin ikibaşlı cavablar tələb etdiyini deyirlər. İldən-ilə bunu da təkmilləşdirmək olar. Amma yenə də bütün ixtiyarı Ədalətin Təntənəsinə xələl gətirməyəcək maşınlara verməyin tərəfindəyəm. O maşınlar ədalətli və dəqiq işləyən riyaziyyat proqramlari ilə işləyir. İnsan amili ilə şübhə yeri qoymur. İnsan amilinə xərclənən vəsait isə məzmuna xərclənsə daha yaxşı olar. Nazirlik, DİM bunu yenidən düşünməli, cəmiyyətin qəlbində özünə yurd qurmuş bir sistemi saxlamalıdır.

Bəli, qapalı test sualları ilə qiymətləndirmənin də qüsurları var, amma üstünlükləri daha çoxdur. Bu üsulla gedən ABŞ universitetləri gerimi qalıb?! Çoxlu tədqiqatlar var, test üsulunun əvəzsiz olduğunu göstərir. Bunları sadalamaq istəmirəm.

Bunun əvəzinə, qapalı test suallarının keyfiyyətini dəyişmək olar, onlara tənqidi oxu məzmunu əlavə etmək olar, keys (situasiya) suallarının qapalı forması ilə digər bacarıqları da yoxlamaq olar, amma qiymətləndirmədə insan amilinin lap aşağı salınması istiqamətində çalışmalar davamlı olmalıdır.

Bu, 700 yox, 1000 ballıq məsələdir.

635x100

Şərhlər

Rahim 2019-06-02 12:53:42

Etibar muellimle tam raziyam. Nebyenilik efirsinizse, edin. Am a yoxlama prosesinde insan amili qetiyen yol verilmezdir.

Hafiz 2019-06-02 12:53:42

Açıq sualların qiymətləndirilməsi bərbad vəziyyətdədir. Necə olur ki, eyni suala eyni cavab yazmış iki abuturyentdən biri 2(iki) bal alır, digəri 0(sıfır) bal alır. Azərbaycanda yenə yoxlamada insan amili???!!!... .

SAHLA xanım 2019-06-02 12:53:42

Ölkədə təhsil pis günə qalıb.Artıq hamı bilir ki,təhsil naziri hansı məqsədlərə xidmət edir.

AAgahuseyn 2019-06-02 12:53:42

Cox.Hör.Etibar Müəllim bunun bir səbəbi var orta məktəblərdə müəllim dərs kecmir yorqun olduqu ücün yatır,şağirdlərə kimin testi varsa məşqul olsun deyir.Mənim 5-nəvəm orta məktəbdə oxuyur.2-ci sinifdən başlayaraq Müəllim yanına gedirlər.Buda öz nəticəsini ğöstərir şağird yarımcıq olur.54-il bundan əvvəl orta məktəbi orta qiymətlə bitirmişəm.Bizim bu ilki 700-bal toplayan məzunlar mənim qədər məlumatlı deyil.Əsil səbəb MÜƏLLİMİN az əmək hakqı almasıdır.Bazar maxlerı ondan yaxşı yaşayır.HAYIF SƏNDƏN MÜƏLLİM

Veteran 2019-06-02 12:53:42

Eger sohbet dogrudan da tehsilin keyfiyyetinden gedirse ici Etibar muellim Eliyev qariwiq hamimiz sovet tehsilinin winelinden cixmiwiq. Hamimiz ibtidaini 2 kitabla bitirmiwik. Qardaw beyem bunu danmaq olar? Neyi pis olub bu tesil sisteminin. Problemsiz noqsansiz hecne yoxdur. Lap bele pis terefleri vardisa da yonub duzelderdi bawbilen mutexessislermiz vessalam. Hami bu tesil sistemin hesabina ortaya cixib, indi hec kim bunu beyenmir. Yeqin gunde bir metod tetbiq etmek daha yaxwidir, onda edin gorek axirini!

Müəllim 2019-06-02 12:53:42

"Müfəttiş" bəy. Qəbul imtahanına cüzi vəsait ödəmək istəməyənlərin imtaha gəlib gənclərə mane olmamasına xidmət edir.

Müfəttiş 2019-06-02 12:53:42

Təhsili biznesə qurban verənlərin birisi də elə M.Abbaszadədir.Gecələr yatmayıb baş sındırırlar ki, necə xəzinəyə daha çox vəsait cəlb edək, bizə sağ ol desinlər....

dadaşyev 2019-06-02 12:53:42

davamı;Bədbəxt gənc gözünü açandan eyni vəzifələrdə eyni gülyanaqları,eyni köppəşdodaq tirboyunları,eyni sifa və mordalararı,yüz ilin deputat və nazirlərini görür deyə kitaba əl vuran kimi qaşınma tutur yazığı.Deyir mənə qədər oxuyanlar adam olmuş olsaydılar bunları əvəz eliyərdilər hərhalda.Demək ki kitab oxumaqla dönmür bu cəmiyyətin dəyirmanı.

dadaşyev 2019-06-02 12:53:42

Əgər gənc görürsə ki,karyera qurmaq üçün,ümumiyyətlə gözəl yaşamaq üçün bu cəmiyyətdə təhsilə-filana ehtiyac yoxdu,JEK müdirinə qədər daydayla,pulla,yerlibazlıqla,qohumbazlıqla təyin olunur,nə deyib oxusun,niyə gözünün nurunu toksün?Niyə? Yazıq deyilmi o gözlərə?Ən uzağı,əlinə nağaradan-zurnadan-şeypurdan zaddan götürüb düşər toyxanalara,dum-dum-dum dumbulu-dumul,şıllaq atar,sazı paçasından,güngörməz tərəflərindən bir-iki dəfə dala-qabağa eliyər,vəssalam.Pulu pul,hörməti hörmət.Səbəb bir tək budu yəni.

Veteran 2019-06-02 12:53:42

Etibar müəllim.heç olmasa siz mane olun.axı belə olmaz.kimlərinsə uşagı ali məktəbə heç bir imtēhan vermədən asan yolla girsin deyə absurd bir şey fikirləşiblər:Beynəlxalq və Respublika Olimpiadalarında qalib olmaq.təhsillē baglı olan hēr kəs bilir bu olimpiadalara uşaqlar "necə seçilir".beynəlxalq olimpiadalara kimlərin necə seçilmişlērin övladlarının getdiyi də gün kimi aydındır.BU BOYDADA ƏDALƏTSİZLİK OLAR?! Allah bu haqsızlıgı gøtürmēz vallah.mənim nəvəm 1 ci sinifdən əlaçıdır.4 cü qrupa hazırlaşır.niyə onu seçmirlər olimpiadaya?!ona görə ki adi bir ailənin uşagıdır.belə olmaz.yazıq deyilmi øz biliyi ulə oxuyanlar.bu il 274 nəfər bilikli uşagın yerini tutacaq.BUNU ALLAH GÖTÜRMĒZ Kømək edin savadlı uşaqların yerini tapşırılmış imkanlı valideynlēr tutmasınlar

Son yazılar