VERGİLƏR NAZİRLİYİ KİMƏ “ÜZDƏNİRAQ” DEYİR? - Nazirliyin adından qəribə bəyanat

Ötən gün mətbuatda Vergilər Nazirliyinin adından “Gizli məşğulluq bəzi üzdəniraq işəgötürənlərə sərf edir” başlıqlı (yazımı deyək, bəyanatmı deyək, bilmirik-red.) açıqlama yayılıb. Həmin bu açıqlamada əməkhaqlarının rəsmiləşdirilməsi sahəsindəki vəziyyət təhlil olunaraq, bir növ sahibkarlara və muzdlu işçilərə müraciət olunur. Və çağırış edilir ki, işəgötürənlərlə işçilər arasında indiyədək gizlədilən əmək münasibətləri əmək müqavilələrilə rəsmiləşdirilsin.

Əlbəttə ki, ideya və məqsəd olaraq, bir növ təbliğat xarakteri daşıyan bu açıqlamanı normal qarşılamaq olardı. Lakin kim olduğunu bilmədiyimiz mətnin müəllifi nədənsə birdən-birə hələ də işçilərilə əmək müqaviləsi bağlamayan, yaxud müqaviləyə real göstəriciləri daxil etməyən sahibkarları “üzdəniraq” adlandırır.

Yəqin ki, “üzdəniraq” sözünün heç də yaxşı ifadə olmadığını və son zamanlar daha çox kimlər üçün işlədildiyini xüsusi izah etməyə ehtiyac yoxdur. Kimsə deyə bilər ki, bu, adi sözdür və hüquqi baxımdan bəlkə də təhqir sayıla bilməz. Ancaq reallıqda bu sözün əksər halda torpaqlarımızı işğal edənlərə, yaxud dövlətçiliyimizin, tariximizin, mədəniyyətimizin və s. dəyərlərimizin əleyhinə fəaliyyətdə olanlara və digər məlum tiplərə ünvanlandığının şahidiyik. Yaxşı, bəs bu ölkədə yaşayan, özüylə bərabər digər həmvətənlərini pis-yaxşı işlə təmin edən, evinə çörək aparmasına yardımçı olan, büdcəyə vergi ödəyən vətəndaşa, sahibkara necə “üzdəniraq” demək olar? Bu nə ritorikadır, kim verib nazirliyə bu ixtiyarı?

Bəlkə elə bu nazirliyin başında oturub, uzun illər “at oynatmış”, sahibkarın dərisini boğazından çıxarmış, hətta MTN-in quldur dəstələrilə əlbir olub 3-5 manat qazancı olan vətəndaşı şərləyib tutduranlardır “üzdəniraqlar”?

Özü də biləsiniz ki, həmin məlum komandanın tör-töküntüləri hələ də bu qurumda qalmaqdadır. Əlbəttə ki, yeni rəhbərlik tərəfindən kadr məsələlərində ciddi təmizləmə işləri aparılıb. Ancaq görünür məmurların, yaxud nazirliyin adından bu cür açıqlamalar yayan vəzifəli şəxslərin sahibkarlara münasibətlə bağlı beyinlərində də təmizləmə işləri aparmağa ehtiyac var...

Əgər bir sahibkar işçilərin sayını gizlədirsə, yaxud əmək müqaviləsində real əmək haqqını tam göstərmirsə, bunun günahkarı təkcə sahibkar yox, həm də qanunvericiliyin real bizneslə hələ də tam ayaqlaşa bilməməsidir və bu, heç kimə sahibkarı “üzdəniraq” adlandırmasına haqq vermir. Əgər belədirsə, ən böyük “üzdəniraqlar” elə nazirlik rəhbərlərinin də çox gözəl tanıdıqları məmur-oliqarxlardır. Bugün vəzifədən oğurladıqları milyonlar hesabına biznes quranların 90 faizi nə əmək münasibətlərini, nə də digər hüquqi prosedurları tam və şəffaf şəkildə rəsmiləşdirmir. Ancaq buna baxmayaraq, onların biznesləri çiçəklənir, nə vergi orqanı ilə problemləri var, nə də digərləri ilə. Bəlkə elə ən böyük “üzdəniraqlar” da belələrinin əyri yollarla varlanmasına göz yuman, qanuni tədbir görməyən qurumlar və məmurlardır?

O ki qaldı sıravi, yəni sahibsiz sahibkarlara, onların da əmək münasibətlərini tam rəsmiləşdirməməsi səbəbsiz deyil. Bugün Azərbaycanda real sektorun necə ağır durumda olduğunu vergi orqanları hamıdan yaxşı bilir. Kredit faizləri kəllə-çarxda, digər maliyyə mənbələri əlçatmaz, rəqabət mühiti bərbad durumda, əhalinin alıcılıq qabiliyyəti aşağı səviyyədə və s. – hansı birini deyəsən?

Əvəzində vergi faizləri və sosial ödəmələrin miqdarı isə gəlirlərlə tərs mütənasib. Əgər gəlirlər yüksək olsa, kiçik və orta sahibkarların böyük əksəriyyəti əmək haqlarını olduğu kimi göstərər və 25 faiz sosial ödəməsini də edər. Ancaq onların gəlirləri buna imkan verirmi?

Yeni qanunvericiliyə görə, əmək haqqı aylıq 200 manatı keçirsə, bu məbləğin 15 faizi işəgötürən, 10 faizi isə işçi tərəfindən sosial sığorta haqqı kimi ödənilməlidir. Ancaq praktikada işçilərin böyük əksəriyyəti həmin 10 faizi ödəmək istəmir, çünki məsələn 300 manatla dolanan binəva işçi bunun 30 manatını sosiala ödəsə, evə nə aparacaq? Nəticədə razılaşır ki, rəsmi əmək haqqı 200 manatdan az göstərilsin və 25 faizlik sığorta haqqını sahibkar ödəsin (baxmayaraq ki, maaşı 300 manat civarında göstərmək sahibkara daha çox sərf edir-red.) Guya bundan vergi orqanının xəbəri yoxdur?

Sonda bir daha nazirliyin açıqlama yayanlarına xatırlatmaq istərdik ki, nə qədər xoşagəlməz hal olsa da, obyektiv və subyektiv səbəblərdən ölkədəki 1 milyona yaxın vergi ödəyicisinin olduqca böyük əksəriyyəti hələ də əmək münasibətlərini tam, yəni ideal formada rəsmiləşdirməyib. Bu qədər adama “üzdəniraq” demək isə nə etik qaydalara, nə də belə bir dövlət qurumunun statusuna və riayət etməli olduğu dil üslubuna uyğun deyil...

Cəlal

AzPolitika.info

635x100

Şərhlər

Görüb Bilməzov 2019-06-05 08:20:09

Ölkə bir ailədir, Dövlət də onun qanuni dayağı! Elə bir rayon varmı ki, onun İH, Vergi İdarəsi, SM və Əmək müfəttişi, Ərazi Polisi və Məhkəməsi olmasın? Vergi kəsirini VN deyil Arbitraj mühakimə etməli, Müqaviləsiz işi SM Əmək müfəttişi ayırd etməlidir və s. Qanun uca deyilsə vəzifə borcunun icrası əvəzinə sərhədçi də, MNdə 25 il olduğu kimi deyəcəklər-əmr olarsa? Məgər, maliyyə oğurluğu və ya öz ərazindən sənə hərbi atəş (BMT TŞ qətnaməsinə uyğun) cavab əmri deyilmi?

Vətəndaş 2019-06-05 08:20:09

...........Ən birinci "Paşa Holdinq","Paş sığorta" ,"Azərsun" və digər yuxarılarla əlaqəli iri import-eksport çular.Amma Mikayıl Cabbarov onların adamıdır.Onlara dəyməz və ya dəyə bilməz!

Sənan Ələsgərliyə 2019-06-05 08:20:09

Əgər bunlar sahibkarları üzdəniraq adlandırırlarsa biz də , kinoloqların bir fikrinə əəsaslanıb deyə bilərik bəzi( əslində çoxu) əmək müfəttişləri vergi müfəttişindən heç də geri qalan deyil.Atalar demiş ki ,.....O zamana qədər ki, vergi ,gömrük və əmək müfəttişi vəzifəsi mühəndis, texnoloq,aqronom vəzifəsindən üstün tutulacaq heç bir inkişaf olmayacaq. Mfəttişin istehsalçıdan yaxşı yaşaması quldarın quldan yaxşı yaşaması deməkdir.

Sənan Ələsgərov 2019-06-05 08:20:09

Vergi işçiləri emek qanunverciliyini bilmeden qeyri leqal meşğulluqla mübarize apara bilmezler.Ona görede bu nezaret Emek Müfettişliyine verilmelidir.

AAgahuseyn 2019-06-05 08:20:09

Hör.Cəlal Məl.Cox saq ol bu mövzuya toxunduqunuz ücün.ÜZDƏN-İRAQ bilirsiniz kimlərdir o sahibkarları bu işə məcbur edən o orqanın işciləri.Mən də bu sahə ilə məşqul idim ilin sonu məndən elə rüşvət istədilər bu işi 16-ildir tövbə etdim.O adama NƏRİMANOV metrosunun yanındakı idarələrində onun kabnetində dedim səni ALLAHA tapşırıram.Həmən ğün nahar fasiləsindən sonra eşitdim o üzdəniraqı işdən qovdular.Amma mən bir daha işləmədim cünkü belələri orda coxdur.

zaur 2019-06-05 08:20:09

---------------

Ali 2019-06-05 08:20:09

En yaxşi sözü vn deyir sahibkarlara neler demirler ne cür reftar etmirler bütün dövlet qurumlari !!!sahibkar en zulm ceken zumredir onlara mane olmasalar Azerbaycan önde olar bu yazi coh real ve cesaret teleb edir sağ olsun

Vaqif 2019-06-05 08:20:09

İndi vəziyyət çox çətindir.Hansısa kiçik müəssənin 3-5 nəfər yığılıb bir təhər çörək pulu çıxarmaq,yaşamaq uğrunda mübariaə aparırsa onun vergi verməyə ağır sosial fondlara ödəmə və başqa dövlət orqanları ilə hesablaşma imkanı olmur. Ona görə dövlət bu kimi kiçik bizneslərə bir dəfəlik qanun mıxarmalı bir neçə il vəziyyət düzələnə kimi güzəştə getməli hər şeydən azad etməlidir. Çünki bir az sıxan kimi məcbur olub bağlayır və artıq işsizlər narazılar artır.

Vətəndaş 2019-06-05 08:20:09

Onda yüzlərlə milyardları yeyənlər kimdirlər. Yetim yesiri söyməyə cəzalandırmağa nə var ki?

VÖEN 2019-06-05 08:20:09

Həmin nazirliyin və bir özəl qurumun üzdə olan adamlarinin fotolarini dərc edin.Silikon dodaqlara. boteks yanaqlara.ekstravaqant libaslara. əndrəbadi saç düzümlərinə.danisiq tərzinə baxin və .......

Ekspert 2019-06-05 08:20:09

Ədalət naminə qeyd etməliyəm ki,köhnə komanda dövründə hec vax elə qeyri-məqbul ifadə eşitməmişdim.Əgər kim elə bir ifadə ilə rastlaşıbsa "lingi" şərhdə əlavə edə bilər.Belə ifadlər peşəkarlıqdan,menecerlikdən uzaq insanların ifadəsi ola bilər.Kənardan "hop" eləyib,kresloya düşüb,na danışığını bilir,nə işini,nə də vəzifəsini.

Son yazılar