«ÖZ İŞİNİ BİLƏN» BAŞ NAZİR! - Çarəsizlikdən verilən qərar

Və yaxud Rəsizadənin ömürlük baş nazirliyinin «resepti»

9 oktyabrda 3-cü müddətə prezidentlik kreslosunda oturan İlham Əliyev, gözlənilmədən baş nazir postuna yenidən Artur Rəsizadənin namizədliyini irəli sürdü. Bu təqdimat ictimaiyyət üçün gözlənilməz olsa da, əslində təəcüblü deyil. Beynəlxalq ictimaiyyətin tanımadığı, Qərbin, o cümlədən ABŞ-ın kəskin tənqid etdiyi bir seçkinin nəticəsində prezident olan İlham Əliyevin artıq öz komandasında hər hansı radikal dəyişikliyə getməsi mümkünsüzdür. Xalqdan istədiyi dəstəyi ala bilməyən, beynəlxalq təcrid vəziyyətində olan prezidentin hazırda yeganə dayağı kimi mövcud komanda çıxış edir. İ.Əliyevin ondan imtina edəcəyini gözləmək yersizdir.

İham Əliyev çətin seçim qarşısında Artur Rəsizadəni seçdi

Əlbəttə, Artur Rəsizadənin baş nazirlikdən çıxarılması nə onun etirazına, nə də hakimiyyətə qarşı çıxmasına səbəb ola bilərdi. Zatən uzun müddətdir xəstə olan Rəsizadənin dəfələrlə istefaya getmək niyyətini bildirdiyinə dair məlumatlar var.

Ancaq Artur Rəsizadəni çıxaracağı təqdirdə, İlham Əliyev baş nazirlik postuna iddialı oliqarxlardan birinin xeyrinə seçim etməli idi. Bu oliqarxların bir-birinə rəqib qruplaşmalarda yer aldığını nəzərə alsaq, İlham Əliyevin nə qədər çətin seçim qarşısında qala biləcəyini təsəvvür etmək çətin deyil. İstənilən seçim narazılıqlara, hakim komanda daxilində onsuz da gərgin olan münasibətlərin daha da kəskinləşməsinə səbəb olardı ki, bu da indiki şəraitdə prezidentə qətiyyən lazım deyildi. Ona görə də prezidentin təqdimatını, 78 yaşlı Rəsizadənin adı üzərində dayanmasını çarəsizlikdən verilən qərar kimi də qəbul etmək olar.

Elə buna görə də Milli Məclisə bu təqdimatı müzakirə belə etmədən təsdiqləmək tapşırılıb. Və sensasiya baş verməyib - deputatlar demək olar ki, yekdilliklə (2 nəfər əleyhinə olmaqla) bu təyinatı dəstəkləyiblər.

Milli Məclisin sədri Oqtay Əsədov isə 17 ildir baş nazir vəzifəsini tutan 78 yaşlı şəxsin təkrar eyni posta təyin olunmasını müzakirəyə çıxarmağa ehtiyac görməməsini belə əsaslandırıb: “Artur Tahiroviçi biz hamımız yaxşı tanıyırıq. Peşəkar, işini bilən adamdır”.

Artur Rəsizadənin peşəkarlığı

Oqtay Əsədovun bu zaman nəyə əsaslandığını deyə bilməsək də, Artur Rəsizadənin baş nazir kimi üzərinə düşən vəzifələri yerinə yetirdiyini söyləmək çətindir. Ən azı ona görə ki, Artur Rəsizadə bu vəzifəyə təyin olunandan ölkə ictimaiyyətinə nə baş nazirin səlahiyyətləri məlumdur, nə də onun ölkəninin 2-ci şəxsi kimi fəaliyyəti. Hətta sorğu keçirilsə, ölkədə bəlkə də 2 adamdan biri baş nazirin kim olduğunu, axırıncı dəfə nə vaxt gördüyünü söyləyə bilməz. Əgər mətbuat nümayəndələri belə ən mühüm dövlət tədbirlərində baş naziri tapıb iki cümlə açıqlama ala bilmirlərsə, bəzən hökumətin illik hesabatlarını da müavinləri və ya nazirlər təqdim edirsə, sadə insanlar Artur Rəsizadəni hardan tanısınlar?

Artur Rəsizadənin peşəkarlığına gəldikdə isə, onun qiymətlərin bahalaşmasının səbəbləri barədə jurnalistlərin sualına cavabını yada salmaq kifayətdir. Nadir hallarda açıqlama verən baş nazir mövsüm olmadıqda əhaliyə bəzi məhsulları almaqdan imtina etməyi məsləhət görmüşdü.

Ancaq bunlara rəğmən, Artur Tahiroviçin həqiqətən də ÖZ İŞİNİ BİLƏN ADAM olduğunu qeyd etməmək insafsızlıq olar. Zatən öz işini bilməsəydi 17 ildir ölkənin formal da olsa 2-ci şəxsi postunda oturmazdı. Buna əmin olmaq üçün onun tərcümeyi-halına qısaca nəzər salmaq kifayətdir. Hansı ki, bunu vəzifədə «uzunömürlülüyün» resepti də hesab etmək olar. Əlbəttə Azərbaycanda...

Beləliklə, 1935-ci ildə fevralın 26-da anadan olan Artur Rəsizadə 1996-cı ildən ölkənin baş naziri postunu tutur. Ad günü Xocalı faciəsi ilə eyni günə təsadüf edən Artur Rəsizadə kimi düşüncə tərzinə malik birinin 17 ildir ölkənin baş naziri postunda oturmasının özü də əslində bir faciə sayıla bilər.

Ancaq daha acınacaqlısı odur ki, 22 illik müstəqilik tarixinin 17 ilini baş nazir olan A.Rəsizadə həm də bu müstəqillik üçün meydanlara çıxan insanları məhv etməyə gələn rus qoşunlarının Bakıya çağırılmasında iştirak edib. Söhbət 20 Yanvar faciəsindən gedir.

Müstəmləkə qoşunlarını Bakıya çağıran şəxs yenidən baş nazirimizdir!

Belə ki, AMİP sədri Etibar Məmmədov 20 Yanvar faciəsi ilə bağlı danışarkən bildirmişdi ki, həmin hadisələrdə baş nazir Artur Rəsizadənin «rolu» olub.

«20 Yanvarda Azərbaycana qoşun çağıran şəxslərdən biri Artur Rəsizadə hazırkı hökumətin baş naziridir. O zaman Sovet Ordusunun Bakıda törətdiyi vəhşilikləri dəstəkləyənlərin bir çoxu indi də yüksək vəzifələr daşıyır» deyə bəyan edən E.Məmmədov bildirmişdi ki, bu adamlar - vəzifəli və səlahiyyətli şəxslər situasiya yaranarsa, yenidən xalqın iradəsinə qarşı gedərək, ölkənin müstəqilliyinin əleyhinə digər ölkənin qoşunlarını Bakıya çağıra bilərlər: «Bir dəfə ediblərsə, təbii ki, yenə edə bilərlər. Təəssüf ki, belə adamlar sıravi, orta səviyyədə deyil, Azərbaycanın yüksək rəhbərliyində təmsil olunublar. Ən bariz nümunəsi isə hazırkı baş nazir Artur Rəsizadədir. Birbaşa onun imzası ilə Moskvaya teleqram vurulub və «qayda-qanun yaradılması» üçün qoşun yeridilməsinə ehtiyac olduğu bildirilib».

Məlumat üçün qeyd edək ki, həmin dövrdə Artur Rəsizadə Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin birinci müavini (sonradan Azərbaycan Respublikası baş nazirinin birinci müavini) vəzifəsində (1986 -1992-ci illər) çalışıb. O zaman Nazirlər Sovetinin sədri isə Ayaz Mütəllibov olub. 20 Yanvar faciəsindən sonra Ayaz Mütəllibov əvvəlcə keçmiş Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, sonra isə Azərbaycan Respublikasının prezidenti oldu. Artur Rəsizadə isə hakimiyyət dəyişənə qədər - 1992-ci ilə kimi baş nazirin birinci müavini kimi çalışdı.

AXC hakimiyyəti illərində vəzifəsindən çıxarılan Rəsizadə 1996-cı ildə əvvəlcə prezidentin köməkçisi, sonra baş nazirin birinci müavini, bir-neçə ay sonra isə baş nazir təyin olunur.

Artur Rəsizadənin Moskvaya teleqram vurub, Azərbaycanda «qayda-qanun yaradılması» üçün qoşun yeridilməsini xahiş etməsinin o vaxtkı rəhbəri Mütəllibovun tapşırığı, yoxsa özünün təşəbbüsü olduğu bizə məlum deyil. Ancaq heç bir hal Artur Rəsizadənin məsuliyyətini azaltmır. Çünki bu teleqramı əldə rəhbər tutan rus qoşunlarının Bakıya daxil olması nəticəsində 131 nəfər həlak olub (Onların sayının daha çox olduğu bildirilir-red.), 100-lərlə insan yaralanıb, itkin düşüb, minlərlə vətəndaşa maddi və mənəvi zərbə dəyib. Artur Rəsizadə ən azı bu insanların qarşısında məsuliyyət daşıyır.

Müstəmləkə qoşunlarını ölkəyə dəvət edən bir insanın sonradan müstəqil Azərbaycanın de yure ikinci şəxsi postunda oturdulmasına və yenidən daha 5 il bu vəzifəyə təyin edilməsinə ad tapmaq çətindir. Məgər bu ölkədə, elə hakim komandanın özündə bir nəfər kadr tapılmadı ki, 78 yaşlı, xəstəlikdən əziyyət çəkən bir şəxsi əvəzləsin?!

«Rus dilində oxumasaydım, vəzifəyə yüksələ bilməzdim»

Artur Rəsizadənin bir çox başqa addımları haqda yayılan məlumatlar da, onun milli düşüncədən uzaq olduğunu, daha çox şəxsi maraqlarından çıxış etdiyini göstərir. Məsələn, təxminən 2-3 il əvvəl belə bir məlumat yayıldı ki, Gürcüstanda Azərbaycan məktəblərinin bağlanması təklifinin müəllifi də Artur Rəsizadə olub. O, Borçalının (Kvemo-Katlinin) qubernatoru Zurab Melikaşvili Azərbaycanda olarkən onunla görüşdə bu təkliflə çıxış edib. Artur müəllim bildirib ki, o, Gürcüstandakı Azərbaycan məktəblərinin bağlanmasına tərəfdardır. Ölkənin ikinci şəxsi soydaşlarımızın gürcü dilində təhsil almasının vacibliyini bildirib, hələ üstəlik onu da qeyd edib ki, “mən rus dilində təhsil almışam. Rus dilində oxumasaydım, vəzifəyə yüksələ bilməzdim”.

ABŞ-ın səfiri Rəsizadənin İrandan ”stolaltı” maliyyə aldığını iddia edir

Və yaxud başqa bir məlumat. ABŞ-ın yüz minlərlə məxfi diplomatik teleqramlarını ələ keçirərək yayan İsveçin «Wiki Leaks» saytı baş nazir Artur Rəsizadənin şəxsi maraqlarını ödəmək naminə gizli işlərlə məşğul olduğuna dair məlumat yaymışdı. Daha dəqiqi, ABŞ-ın ölkəmizdəki səfiri olmuş Enn Dersinin 2008-ci il 24 oktyabr tarixdə Vaşinqtona ünvanladığı gizli teleqramında keçmiş müşavir Vəfa Quluzadənin onunla söhbətində baş nazir Artur Rəsizadənin, onun müavini Abid Şərifovun, eləcə də xarici işlər nazirinin müavini Xələf Xələfovun İranın hakimiyyəti və iş dünyası ilə əməkdaşlıq etdiyini bildirdiyini qeyd edib: “Politoloqun sözlərinə görə, Rəsizadə, Şərifov və Xələfov İrandan külli miqdarda ”stolaltı” maliyyə alır.»

Hər halda razılaşarsız ki, amerkalı diplomatların əsası olmayan məlumatları Vaşinqtona ötürməklə, ABŞ administrasiyasında yanlış fikrin yaranmasına yol verməsi ehtimalı çox azdır. Ağ Evə göndərilən məxfi teleqramlarda əks olunan fikirlər ya kəşfiyyat məlumatları nəticəsində əldə olunur, ya da ictimai fikirdə özünə möhkəm yer tutur.

Əlbəttə bu demək deyil ki, baş nazir Artur Rəsizadə və digərləri Azərbaycanda İranın hakimiyyətinin xeyrinə hansısa məxfi fəaliyyətlə məşğul olurlar. Hər halda bu inandırıcı deyil. Ancaq Azərbaycanda əksər məmurların xarici ölkələrlə, o cümlədən İranla biznes əlaqələri qurduğu, əcnəbi iş adamlarına Azərbaycanda daha əlverişli şərait yaratmaq, gizli baş tutan tenderlərdən «qalib çıxmaq» üçün himayəçilik etdiyinə dair saysız faktlar, iddialar mövcuddur. Bu baxımdan A.Rəsizadənin də İranla biznes əlaqələrinin olmasını, iranlı iş adamları ilə gizli sövdələşmələrə getməsini istina etmək olmaz.

Gizli sövdələşmələrdən söz düşmüşkən, onun «aşağılarla» «yuxarılar» arasında vasitəçilik etdiyi və burdan da payını götürdüyünə dair məlumatlar var.

Yuxarıda qeyd etdiyimiz bütün bu faktlar bir çox hallarda fağır hesab etdiyimiz Artur Rəsizadənin heç də göründüyü kimi olmadığını sübut edir.

«Rəsizadənin bir fikri olub: uduzmamaq və riskli addımlar atmamaq»

Onun vəzifədə daha çox qalmaq və ya öz marqlarını təmin etmək üçün bəzən Azərbaycan dövlətinin maraqları baxımından zərərli sayıla biləcək addımlar atdığı da bunun sübutu sayıla bilər. Təsadüfi deyil ki, vaxtilə Rəsizadə ilə eyni iqtidarda çalışmış sabiq dövlət müşaviri Eldar Namazov da onun uzun müddət postunda qalmasını vəzifəsini itirməmək üçün daim öz maraqlarına uyğun mövqe tutması ilə əlaqələndirib: «Rəsizadənin bir fikri olub: uduzmamaq və riskli addımlar atmamaq.»

Elə 2003-cü ildə Artur Rəsizadənin təxminən üç aylıq baş nazir postunu İlham Əliyevə təhvil verməsi və sonradan heç nə olmamış kimi qayıdıb öz əvvəlki yerində oturmasını da, ekspertlər vəzifəni itirməmək üçün onun hər şərtə razı olması ilə bağlayırlar.

Rəsizadənin Nazirlər Kabineti barədə heç bir səlahiyyəti olmayan və buna görə də baş nazirin ölkədəki proseslərə görə, hər hansı məsuliyyət daşımayan bir vəzifə sahibi imicini yaratması da bununla bağlanır. Təsadüfi deyil ki, Konstitusiyaya görə, Nazirlər Kabineti Azərbaycanda Prezidentin əsas icraedici orqanı, baş nazir isə ölkənin ikinci adamı olsa da, reallıqda bunu görmək mümkün deyil. Daim arxa planda qalmağı sevən Artur müəllimin sayəsində Nazirlər Kabineti üzərinə düşən səlahiyyətlərdən çoxdan imtina edib. Artur Rəsizadənin bir özəlliyi də elə onun yadda qalmaması sayılır. Bu gün reallıqda bir çox nazirliklərin səlahiyyətləri Nazirlər Kabinetinin səlahiyyətindən üstün görünür. Məsələn, heç kim Artur Rəsizadənin Kəmaləddin Heydərovun, Ziya Məmmədovun, yaxud da Cahangir Əsgərovun işinə qarışmasını və onlara hansısa göstərişlər verməsini təsəvvür belə edə bilmir.

Vəzifəni qorumaq naminə hamı ilə «dost olmaq» siyasəti

Bu da, əlbəttə, bir tərəfdən, Nazirlər Kabinetinin Konstitusiyada təsbit olunmuş səlahiyyətlərinin əlindən alınması ilə bağlıdır, ikincisi isə baş nazir Artur Rəsizadənin fəaliyyətsizliyi ilə əlaqədardır. Daha doğrusu, fəaliyyətini özünün toxunulmazlığını təmin etməyə və şəxsi büdcələrini artırmağa yönəltdiyindən, Nazirlər Kabinetinin arabanın beşinci təkərinə çevrilməsindən heç bir narahatlıq keçirmir. Onun uzun illərdir bu postda qalmasının səbəbi də məhz özəl mövqe ortaya qoymaqdan imtina edərək, «yuxarıdan», hətta bəzən «aşağıdan» gələn tapşırıqları sözsüz yerinə yetirməsi göstərilir. Buna da Rəsizadənin vəzifəni qorumaq naminə hamı ilə «dost olmaq» siyasətinin tərkib hissəsi kimi baxmaq olar. Artur müəllimin nəinki başqalarına, heç özünə aid məsələlərə bəzən qarışmadığı dəqiqdir. Bunu onun «üzunmüddətli baş nazirliyinin» resepti də saymaq olar.

Rəsizadə ayda 600 000 manat «məvacib»lə dolanır?

A. Rəsizadənin kifayət qədər hiyləgər adam olmasını onun ictimai rəydə özünü korrupsiyadan uzaq biri kimi təqdim etməyi bacarması da sübut edir. Halbuki, büdcədən Nazirlər Kabinetinə ayrılan pulların «təyinatı üzrə xərclənməsinə» Artur müəllim şəxsən nəzarət edir. Eləcə də büdcədən müxtəlif nazirlik və layihələrə ayrılan investisiyaları cənab Rəsizadə bölüşdürdüyündən burdan da ona pay düşdüyünə dair iddialar var. Düzdür, məlumatlara görə, Artur Rəsizadəyə Nazirlər Kabineti tərəfindən investisiya layihələrinə ayrılan vəsaitlərə qarışmamaq tapşırılıb. Hətta buna görə ona ayda 600 000 manat «məvacib» kəsiblər. Ancaq çətin ki, kimsə Rəsizadə kimi mahir bir oyunçunun ildə 6-7 milyon manatla «dolandığına» inana.

Hər halda Rəsizadənin imzasıyla bəzi layihələrə vəsait ayrılan zaman iri məbləğdə pulları «it-bata» salması hallarına da təsadüf edilir. Məsələn, 2008-ci ilin dövlət büdcəsinə əlavə və dəyişikliklər zamanı nəzərdə tutulmuş 1,5 milyard manatlıq investisiya xərclərinin 450 milyon manatının uzun müddət it-bata düşməsini yəqin xatırlayırsız. Düzdür, sonradan bu vəsait «tapıldı». Ancaq göstərilən istiqamətlər üzrə onsuz da böyük pullar ayrıldığından, baş nazirin bəzi nazirlərlə şərikli işləməsi məsələsi də gündəmə gəldi.

Qeyd edək ki, Rəsizadə bir sıra komissiyaların da rəhbəridir. Məsələn, 2007-ci ilin martından Artur Rəsizadə Özəlləşməyə Nəzarət üzrə Dövlət Komissiyasının sədridir. Kərəm Həsənovun cənab Rəsizadəni apardığı «şəffaf» özəlləşdirmə siyasətində də «səhv tapa bilməmək» üçün necə razı saldığını isə onların ikisindən başqa çətin ki, bilən tapıla.

Holdinqlər, şirkətlər və daha nələr...

Özəlləşdirmədən söz düşmüşkən, baş nazirin bu prosesdən kifayət qədər yararlandığına dair məlumatlar var. Bir qədər əvvəl mətbuata müraciət edən bir qrup iş adamı uzun müddət bir tikinti idarəsində «K 800» traktoru sürmüş Füzuli Dünyamalıyev adlı şəxsin 2007-ci ildə təsisi etdiyi «Qafqaz Holdinq» MMC-nin baş nazir Artur Rəsizadəyə məxsus olduğunu bildirmişdilər. Özəlləşdirmə adı altında 17-yə yaxın dövlət müəssisəsinin su qiymətinə bu holdinqə satılmasında Artur Rəsizadə Özəlləşməyə Nəzarət üzrə Dövlət Komissiyasının sədri olmasının hansı rolu olduğunun isə fikrimiczə şərhə ehtiyacı yoxdur.

Elə bu holdinqin Beynəlxalq Bank və digər mənbələrdən 10 milyonlarla manat uzunmüddətli, güzəştli kreditlər götürməsi və geri qaytarmaması da A.Rəsizadənin adı ilə bağlanır.

Beynəlxalq Bankdan söz düşmüşkən baş nazirin bu bankın səhmdarlarından biri olduğuna dair məlumatlar var. Elə bunun da ona öz şirkətinə heç bir real girov olmadan külli miqdarda kredit ayrılmasına nail olmaq imkanı verdiyi bildirilir.

Ümumiyyətlə Rəsizadənin baş nazir kimi funksiyasının nədən ibarət olduğu bilinməsə də, Nazirlər Kabinetinin rəhbəri olaraq özünə və yaxınlarına geniş biznes qurduğuna dair məlumatlar var. Məsələn, «Qafqaz Holdinq»lə yanaşı, «AZTURQAZ» Birgə İstehsalat Birliyinin (bu şirkəti baş nazirin kürəkəninin idarə etdiyi bildirilir-red.), Zərgərlik Zavodunun, "Hidromaş", "Espanyol" şirkətlərinin və sairin Artur Rəsizadənin nəzarətində olduğu bildirilir.

Bundan əlavə, baş nazirin paytaxtdakı bir neçə çoxmərtəbəli binaya, villalara (bir il əvvvəl baş nazirin Novxanıda tikdirdiyi villanın səs-küyü bütün Bakıya yayılmışdı), şəhərin mərkəzində ticarət şəbəkəsinə sahibi olduğuna dair də məlumatlar var.

Rəsizadənin yaxınları üçün də geniş biznes qurmalarına, yüksək vəzifə tutmalarına şərait yaratdığı bildirilir. Məsələn, son parlament

seçkisində 39 Saylı Kəpəz Seçki dairəsindən mandat verilən Xanlar Fətiyevin Rəsizadə ilə qohumluğu sayəsində iri biznesmenə çevrildiyi bildirilir. Xatırladaq ki, X. Fətiyev «Aznur», «Elruz» şirkətlərinin sahibi, Gəncə Avtomobil Zavodunun direktoru olmaqla yanaşı, şəhər Futbol Federasiyasının da prezidentidir. Fətiyevlər ailəsinin digər üzvləri isə Rəsizadənin səyi nəticəsində Maliyyə, Vergilər nazirliklərində yüksək vəzifə tuturlar.

Qeyd olunanlar əlbəttə Artur Rəsizadənin biznesini və imkanlarını tam əhatə etmir. O, özü kimi biznesini də toxunulmaz saxlamaq üçün onu məharətlə gizlədə bilir.

Bütün bunlardan sonra Oqtay Əsədovun «Artur Tahiroviç çöx işini bilən adamdır» deyərkən nəyi nəzərdə tutduğunu müəyyən etmək, yəqin ki, çətin olmaz...

Murad MƏMMƏDOV

Azpolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar