“ZELENSKİ YAXŞI AKTYORDUR, AMMA...” - Putin Ukrayna liderini ələ salmağa cəhd edib (VİDEO)

Peterburqda keçirilən beynəlxalq iqtisadi forumda moderatorun suallarını cavablandıran Rusiya prezidenti Vladimir Putin Ukraynanın yeni rəhbərliyi ilə münasibətlərdən də danışıb.

“AzPolitika.info” xəbər verir ki, Putinin Ukraynanın yeni prezidenti Vladimir Zelenski ilə bağlı açıqlamaları hər iki ölkədə böyük maraqla qarşılanıb.

Qeyd edək ki, tədbirin moderatoru olan Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin nəvəsi, jurnalist Sofiko Şevardnadzenin Zelenski ilə bağlı Putinə verdiyi ilk sual Rusiya prezidenti üçün bir qədər gözlənilməz olub. S.Şvardnadze soruşub ki, nədən V.Putin V.Zelenskini seçkidəki qələbəsi münasibətilə təbrik etməyib.

Putin cavabında deyib ki, Zelenski hələ də “müəyyən ritorikasını” davam etdirir: “O, bizi düşmən, işğalçı adlandırır. Necə də olsa, özü üçün müəyyənləşdirməlidir ki, nə etmək, nəyə nail olmaq istəyir. Biz əlaqə qurmaqdan imtina etmirik. İşləyəcəyik...”

“Heç bir şərt irəli sürmədən onunla görüşmək olmazmı” sualına cavab verən Putin deyib ki, ona belə bir təklif verən olmayıb. Ardınca isə hələ ki, Zelenskini tanımadığını bildirən Rusiya başçısı Ukraynanın yeni prezidenti barədə bir qədər ironik fikirlər səsləndirib: “Mən bu adamı tanımıram. Ümid edirəm ki, nə zamansa tanış olarıq. O, indiyə qədər işlədiyi sahə üzrə yaxşı mütəxəssisdir – yaxşı aktyordur. Mən ciddi danışıram, sizsə gülürsünüz...”

Zaldakılar onun sözlərini gülüş və alqışla qarşılayıblar. Zala toplaşanların əksəriyyətinin Rusiya hakimiyyətinə yaxın media mənsubları və iş adamları olduğunu nəzərə alsaq, bu hal başa düşüləndir. Ümumiyyətlə, prezidentin çıxışı tez-tez zaldakıların alqışları ilə kəsilirdi və bu ab-hava Rusiyanın hökumət kanallarında tez-tez sərgilənən və ikrah doğuran siyasi şou-proqramları xatırladırdı.

Ukrayna prezidenti ilə münasibətlərin onun sonrakı davranışlarından asılı olacağını önə çəkən Putin Zelenskinin “Sluqa naroda” serialındakı prezident roluna eyham vuraraq deyib ki, kiminsə rolunu oynamaq bir, ancaq həmin adamın özü olmaq başqa şeydir: “Oynamaq üçün istedad lazımdır... Ancaq dövlət işlərilə məşğul olmaq üçün başqa keyfiyyətlər lazımdır. Bunun üçün müəyyən təcrübə, biliklər, əsas problemləri tapmaq və onları görmək lazımdır. Bacarıqlı adamları bir komandada birləşdirməyi, onların azad şəkildə düşünməsinə və həll yolları ilə bağlı təkliflər verməsinə şərait yaratmaq lazımdır... Nəhayət, ən başlıcası qərar vermək və bu qərara görə məsuliyyət daşıyacaq cəsarətə malik olmaqdır...”

Zelenskidə hələ ki, bu keyfiyyətləri görmədiyini deyən Putin bununla yanaşı, Ukrayna prezidentinin belə bacarıqlara yiyələnəcəyinə ümid etdiyini söyləyib: “Mən demirəm ki, cənab Zelenskidə bu keyfiyyətlər yoxdur. Mümkündür ki, var... Ancaq mən bunu bilmirəm. O, hələ ki, özünü heç cür göstərməyib. Bizim gördüyümüz isə ziddiyyətli açıqlamalardır. Seçki kampaniyasında bir, seçkidən sonra başqa... Yaşayarıq, baxarıq... Mən demirəm ki, o, öz açıqlamaları ilə hələ heç nə etməmiş hər şeyi korlayıb. Baxarıq...”

Göründüyü kimi, Ukrayna ərazilərinin işğalını boynuna almayan Rusiya prezidenti bu da azmış kimi, münasibətlərin qaydaya salınması üçün ilk addımın da məhz Ukrayna tərəfinin atmalı olduğunu bildirir. Və həmin çıxışdan Putinin Zelenskini cəsarətli çıxışlarına, Qərbyönümlü kursuna və əhali arasındakı yüksək reytinqinə görə heç cür həzm edə bilmədiyi də aşkar görünürdü.

Yeri gəlmişkən, həmin forumda Putin bildirib ki, ruslar, belaruslar və ukraynalılar ayrı-ayrı ölkələrdə yaşayan eyni xalqdır. Ancaq nədənsə Rusiya başçısı eyni xalqın torpaqlarını işğal etməyin və qanını axıtmağın səbəbləri barədə heç nə deməyib...

Ümumiyyətlə, Putinin sözügedən forumdakı çıxışı bir daha bu ölkənin öz yaxın qonşularına münasibətdə aqressiv siyasətindən imtina etmək fikrində olmadığını, lakin bunu maskalamağa çalışdığını göstərdi. Rusiya başçısının çıxışının təqdim etdiyimiz videosunu izlədikcə isə dünya siyasi arenasında Zelenskidən də betər aktyorların, artistlərin olduğunu görməmək mümkün deyil...

Cəlal MƏMMƏDOV

AzPolitika.info

635x100

Şərhlər

-------- 2019-06-08 15:34:20

Bax gör o beş namizəd kimlər idi.

turan 2019-06-08 15:34:20

Necə yəni baqşqa namizəd olsa idi...bəs o 5 nəfər kim idi, namizəd deyildilər..Zelenskinin prezident seçilməsi onu göstərir ki,Yuşenko Ukraynaya demokratiyanı gətirdi və Ukrayna avtoritar Rusiyadan fərqli olaraq demokratiya yolunda irəliləyir..

Cəlal Məmmədova 2019-06-08 15:34:20

Mən yazdıqlarınızı oxudum və videoya baxdım.Heç bir ələ salmaqdan söhbət gedə bilməz.O ki,qaldı Ukrayna xalqının Zelenskiyə səs verməsinə,mən tam əminəm ki,xalq Poroşenkonun siyasətindən narazı olduğu üçün Zelenskiyə səs verdi.Burada Zelenskinin populyarlığından söhbət gedə bilməz.Başqa yeni bir namizəd olsaydı xalq ona səs verəçəkdi.İkinci bir tərəfdən Poroşenko ABŞ-ın etimadını tam doğrulmadığı,yəni Ukraynanı tam parçalamadığı üçün ABŞ onun üstündən xətt çəkmişdi.

Cəmşid Dərələyəzli 2019-06-08 15:34:20

Bəzi özünü güclü bilənlərin başına nə gəlir qarşıcındakının gücünü küçümsəməsindən gəlir.

Son yazılar