Nikola Yurçeviç: "Oyunda müsbət məqam, demək olar ki, yox idi"

“Azarkeşlərimizə bugünkü gözəl dəstəyə görə təşəkkür edirəm”.

APA-nın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç deyib.

AVRO-2020-nin seçmə qrup mərhələsinin III turunda Macarıstanı qəbul edən yığmamız 1:3 hesabı ilə uduzub. Oyundan sonra təşkil edilən mətbuat konfransında xorvatiyalı çalışdırıcı fikrini bu sözlərlə davam etdirib: “İlk 10-15 dəqiqədə həyəcanlı idik. Macarlar standart vəziyyətlərdə təhlükəli olurdular. Onlara da belə anlarda hədiyyə etdik. Getdikcə oyunu bərabərləşdirdik, döyüşdük. Futbolçularımızın performansı pozitiv idi. Topa nəzarət ürəkaçan idi. Ancaq ən önəmli olan nəticəni qazana bilmədiyimiz üçün məyusam. Bu gün yeganə fərq standart vəziyyətlər idi. Xorvatiya ilə matçda da belə vəziyyətdən qol buraxmışdıq. Hesabı 1:2 etdikdən qısa müddət sonra çox tez qol buraxdıq. Bu oyunda daha artığına layiq idik”.

O, Rahil Məmmədovu start heyətində meydana buraxmasından da danışıb: "Bəli, bu gün bir az həyəcanlı idi. Əlindən gələni etdi, onu tənqid etmək istəmirəm. Bizim mərkəz müdafiəçisi mövqeyində böyük rəqabətimiz də yoxdur".

Xorvatiyalı mütəxəssis heyət seçimi zamanı hücum xətti ilə bağlı səhvə yol vermədiyini deyib: "Hücum xətti ilə bağlı səhv etdiyimi düşünmürəm. Fikirlər fərqli ola bilər. Komanda olaraq yaxşı mübarizə apardıq. Standart vəziyyət oyunun tərkib hissəsindən biridir. Bu gün də bu amil öz sözünü dedi. Demirəm ki, hər şey pozitivdir. Nəticəyə görə çox üzülürəm. Sonradan meydana daxil olan futbolçular da oyunu canlandırdılar. Oyunda müsbət məqam, demək olar ki, yox idi. Bugünkü görüşü unudacağıq. Növbəti gündən Slovakiya ilə oyunun heyəti barədə düşünəcəyik. Hər oyunda ən yaxşısını etməyə çalışırıq. Xorvatiya ilə oyunda yaxşı çıxış etmişdik, xal qazana bilərdik. Bu gün ümumiyyətlə, alınmadı, məyusuq. Slovakiya önündə yaxşı nəticə əldə edə bilsək, mübarizənin içində olacağımızı düşünürəm".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar