Amerikada oxuyub, özünü "JEK" müdiri kimi aparmaq...

Etibar ƏLİYEV, təhsil eksperti

Təhsil nazirinin iki ciddi vəzifəni tapşırdığı Emin Əmrullayevin televiziyada qeyri-kompetent çıxışından sonra yazdığım tənqid nəticəsini verdi. Əslində, hörmətli Emin müəllim reaksiyası ilə özünü tanıtdı və yazdıqlarımı təsdiq etdi.

Azərbaycan təhsilində mühüm vəzifələr tutan və onların öhdəsindən gəlmək iqtidarında olmayan Emin Əmrullayev bizi lağa qoydu ki, o, xaricdə təhsil aldığı halda, biz xaricdə təhsil almamışıq.

Azərbaycan təhsilini ələ saldı, əslində. Azərbaycanda təhsil almaq belə ucuz və aşağı imiş ona görə. O zaman bu təhsilin uğurlarından necə danışırsız, niyə danışırsız? Burada oxumağı belə aşağı gördüyünüz halda, bizim tənqidləri niyə qəbul etmirsiniz?

Belə görünür ki, bundan sonra Təhsil Nazirliyinə tənqidçi lazım deyil: onun verdiyi təhsilə lağ eləyən adam oturub ocaq başında.

Yadıma bir əhvalat düşdü. Özəl ali məktəblər açılan zaman bir professor hamıya uşaqlarını onun universitetinə yerləşdirməyi tövsiyə edirdi. Bir dostumuz ondan soruşdu ki, bəs öz qızı harada oxuyacaq. Dedi ki, BDU-da. Dostumuz söylədi: “Necə olur, öz qızınızı başqa yerə yollayır, bizim uşaqları öz yanınıza dəvət edirsiniz?!” Həmin professorun misalı olmasın, özü xarici təhsili ilə öyünür, bizi yerli təhsili tənqid etməyə qoymur.

Emin Əmrullayev deyir ki, ingiliscə bilməyən adam təhsildən danışmasın. Azərbaycanın maarifçi babaları qəbirdən duracaq ayaq üstə, onların çoxu ingiliscə bilməyib. Bu adama xaricdəki təhsil də təsir etməyib, onun məntiqinə görə təhsilə poliqlotlar rəhbərlik etməlidir.

Uşaq deyilik, Emin Əmrullayev çəkinmədən deyir ki, Azərbaycanın təhsili də bir şey deyil, Azərbaycan dili də təhsil və elm dili deyil, ən azı sanballı mənbələrə sahib deyil.

Mən top xarici universitetlərdə təhsili yüksək qiymətləndirirəm. Amma gərək orada öyrədərdilər ki, ictimaiyyətə cavab verən məmur onu tənqid edənlərin adını dırnaq işarəsi içində yazmır. Hətta ona ən sərt və aşırı tənqid yazsalar belə. Amerikada oxuyub gəlib, özünü sovetlərdənqalma “jek” müdiri kimi aparmağın nə mənası oldu?!

Söhbətə yekun vurmaq istəyirəm. Mən Təhsil Nazirliyinin son illərdə gördüyü işləri danmıram, hətta olimpiada sahəsində təmizlik və ədalətin bərpa olunmasını ucadan deyirəm. Uğurlar da var. Amma uğursuzluqlar da çoxdur. Onları deyəndə bizi niyə topa tutursunuz? Baxın, mən yazmışam ki, olimpiada uğurlarında uşaqların və valideynlərin payı danılmazdır. Heç cür qəbul etmirsiniz. Fuad Qarayev də Emin Əmrullayevə qoşulub mənə  Avropada Qızlar olimpiadasında uğur qazanan Fidan Qarayevanı misal çəkir.

Əzizlərim, yaxşı, bu qədər də yox. Fidan balamızla qürur duyuram. Amma mən Azərbaycanın əksər elm adamlarını ya şəxsən tanıyır, ya da onları diqqətlə izləyirəm. Bir ay bundan öncə sizin nazirlikdən olan yoldaşlara mən söylədim ki, Fidan xarici universitetlərdə çalışan məşhur riyaziyyatçı Mübariz müəllimin qızıdır və Fidanı siz yox, o, hazırlayıb. Fizikləri niyə hazırlamadınız? Deyirsiniz, yaş problemi vardı. Bizdə hər yaşdan uşaq yoxdur bəyəm, hansısa illərdə doğum olmayıb bizdə?

Daha bu qədər də yox!

635x100

Şərhlər

nihad 2020-06-27 13:42:03

gürcüstana baxanda ölkəmizin gününə aglamagım gəlir,axı niyə belə olmalıdır

Etibar bəyə 2019-06-09 09:50:05

Bu yüksək vəzifə verilən guya ki,Amerikada,iİngiltərədə,Almaniyada təhsil almışların kimliyinə diqqət etsəniz,onların orta təhsili belə normal səviyyədə olmayan (inanmırsınız onları Məleykənin test imtahanlarına buraxın,görün neçə bal yığa bilirlər) olduqların aşkar olar.Onlar seçilmişlərin ( yəni deputat,icra başçısı,nazir və sairə YAP-çıların) uşaqları olduğunu görərsiniz.Onlar qəbul imtahanı vermədən,pulla həmin unnversitetlərin dinləyici sertifikatı ilə işə təyin olunublar.Əslində isə çoxusu turist kim

Türk 2019-06-09 09:50:05

t.ədalətdən ilk dəfə düzgün və qərəzsiz rəy.

Veteran 2019-06-09 09:50:05

Heç də yox.ingilis dili kimi rus dili də dünya dilidir.bundan başqa bizim dilimiz də heç bir dünya dilindən geri qalmır artıq.ingilis bizi heç tanımır.amma biz bütün dünya xalqları və dilləri haqqında məhz öz dilimiz vasitēsi ilə hərtərəfli məlumata malikik

Elli 2019-06-09 09:50:05

İngilis dilini bilmək bu dövrün qanunudur. Mənim fikrimcə ingilis dilini bildinsə dünya xəritəsi gözünün qabağında açılır.

t.ədalət 2019-06-09 09:50:05

Açığını demək lazımdır ki,sovet təhsil sistemi çox güclü idi.Əlbəttə,söhbət sovet təhsil sistemindən gedir,rus təhsil sistemindən yox!Xarici təhsil sistemi sovet dövrünün peşə məktəbləri səviyyəsindədir.Məsələn,peşə məktəbini bitirən çilingər,ancaq çilingərlik işini bilirdi.Xarici təhsil sistemi də o cürdür.Orada təhsil alanların mütaliəsi,digər elmlər haqqında təsəvvürləri ,o cümlədən elmi müzakirə və müqayisə etmə qabiliyyətləri olmur.Bir növ robota çevrilirlər.Müstəqil olmayan insanın biliyi də olmur.

Son yazılar