İMAMOĞLU-YILDIRIM DEBATI – Vaxtı, yeri və moderatorun adı açıqlandı

Bütün Türkiyənin böyük maraqla gözlədiyi İstanbul bələdiyyə başqanı seçkisi öncəsi namizədlərin iştirakı ilə keçiriləcək teledebatın vaxtı, yeri və aparıcısı məlum olub.

“AzPolitika” Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təmsilçiləri arasında aparılan müzakirələrdən sonra ortaq qərara gəlinib.

AKP sədrinin müavini Mahir Ünal və CHP qrup sədrinin əvəzedicisi Engin Altay arasında aparılan danışıqda qərara alınıb ki, Əkrəm İmamoğlu ilə Binali Yıldırım arasında teledebat iyunun 16-da saat 21.00-da “Lütfü Kırdar Konqre Mərkəzi”ndə keçirilsin. Namizədlər debatın moderatorluğunun isə aparıcı İsmayıl Küçükkayaya həvalə olunmasına razılıq veriblər.

Xatırladaq ki, bundan əvvəl aparıcılıq tanınmış jurnalist Uğur Dündara təklif olunmuşdu. Lakin namizədlərə minnətdarlığını bildirən Dündar bu təklifi qəbul etməmişdi. Jurnalist bunu üstüörtülü şəkildə hakimiyyət tərəfindən üzərinə basqı ediləcəyi ilə əlaqələndirmişdi.

İsmayıl Küçükkaya da Türkiyədə kifayət qədər tanınan jurnalistlərdəndir. Küçükkayanın çalışdığı “FOX.TV” isə Türkiyədə hazırkı hakimiyyətə yaxın olmayan və nisbətən müstəqil mövqeyilə seçilən azsaylı telekanallardan biri sayılır.

Qərarla bağlı namizədlərdən ilk açıqlamanı Əkrəm İmamoğlu verib. Öz sosial media hesabından B.Yıldırıma səslənən İmamoğlu “İsmayıl Küçükkayanın moderatorluğu ilə sizinlə İstanbulun bütün yönlərinə dair danışmaqdan böyük zövq alacağam. Müvəffəqiyyət arzu edirəm” - deyə bildirib.

“AzPolitika”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar