UNUDULMAYAN GÖRÜŞLƏR: “Bir insanı tanımaq istəsən, ona vəzifə ver…”

Dərc olunub: 14/06/2019 - 17:00

IMG-20190612-WA0013Xeyrəddin QOCA

Mən, əvvəllər də Ümummilli lider Heydər Əliyev haqqında xatirələrimi yazmışam. Lakin xatirələr bitmək bilmir, unudulmamaqla ömrümüzə ömür qatır…

Heydər Əliyev 1990-cı ilin iyul ayında Moskvadan doğma vətənə – Azərbaycana qayıtdı. Onda qardaşı, akademik Cəlal Əliyevlə birlikdə qarşılamaq üçün aeroporta getdik. Mən vaxta hələ qaldığından ətrafda gəzişərkən əllərində Heydər Əliyevin Bakıya gəlməsinə etiraz şüarları yazılmış transparatlar olan bir qrup saqqallı, tərbiyədən uzaq, kobud küçə adamları ilə rastlaşdım və onlara etirazımı bildirdim. Sonra komendantın yanına getdim (onda komendant saatı idi), həmin adamlara niyə təsir göstərmədiyini soruşdum. Komendant açıq-aşkar dedi ki, “mən nə edə bilərəm, onlar yuxarıların adamlarıdır”. O zaman Ayaz Mütəllibov hakimiyyətdə idi.

Heydər Əliyevlə VİP salonunda görüşdüm. Bu, mənim onunla ilk görüşüm idi. Heydər Əliyev məni görəndə gülümsədi və dedi: “Sən bilirsən ki, özünü əjdahaların, ilanların içinə atmısan?” (Heydər Əliyev 1989-cu ildən başlayaraq onun haqqında müdafiə xarakterli yazılarıma işarə edirdi). Doğrusu, bu sözlərdən bir az istiləndim, soruşdum ki, “mən nə etmişəm?” Heydər Əliyev “soruş, nə etməmisən? O yazılara görə sənə və ailənə böyük pisliklər edə bilərdilər” dedi. “Ədalət hissi məni susmamağa məcbur etdi”, – cavab verdim. Heydər Əliyev gülümsədi: “Amma gördüyün kimi, çoxları susdular!”

Bizim aeroportdakı qısa söhbətimiz bununla bitdi. Sonra Heydər Əliyev aeroportdan maşın karvanının müşaiyyəti ilə qardaşı Cəlal müəllimgilə getdi.

Səhəri gün biz orada Heydər Əliyevlə yenidən görüşdük. Narahat görünürdü. Səbəbini soruşdum. Qəribə istehza ilə dilləndi: “Xəbər göndəriblər ki, bu gün Bakını tərk edib ya Moskvaya qayıtmalıyam, ya da Naxçıvana getməliyəm…”

IMG-20190610-WA0004

Şəkildə: Heydər Əliyev, sağında Xeyrəddin Qoca, solunda Həsən Zeynalov, arxasında naxçıvanlılar. 1990-cı il.

Sonra çay süfrəsi ətrafında söhbət etdik. Cəlal müəllimin ömür-gün yoldaşı masaya şirniyyat qoymuşdu. Özü bişirmişdi… Heydər Əliyev üzünü mənə tutub dedi: “Sən qalx, masanın başına keç”. Dedim ki, “siz olan yerdə mən başda otura bilmərəm”. “Bu sözü sənə Heydər Əliyev deyir, keç, orada otur…” Mən yenə etiraz edəndə, Heydər Əliyev dilləndi: “Sən böyük kişilik nümayiş etdirərək məni müdafiəyə qalxmısan, bu, faktordur. Odur ki, keç yuxarı başa”. O, məni dediyi yerdə əyləşməyə məcbur etdi…

Bir gün sonra Heydər Əliyev Naxçıvana getdi və telefonla mənə zəng etdilər. Heydər Əliyevin səsini eşitdim: “Gəl Naxçıvana, özün yazdıqlarının şahidi ol ki, xalq məni necə qarşılayır!”

Əlbəttə, mən Naxçıvana getdim və bir neçə gün orada Heydər Əliyevlə birlikdə oldum. Gördüm ki, Heydır Əliyevi ziyarət etməyə gələnlərin ardı-arası kəsilmir. Oradan qayıdandan sonra “Xalq məhəbbəti… Böhtançıların aqibəti…” adlı böyük bir məqalə dərc etdirdim.

Bir neçə gün sonra Heydər Əliyev Naxçıvanın kəndlərinə, camaatla görüşlərə getməyə başladı və hər gedişində məni də özü ilə aparırdı. Cəhri kəndində Heydər Əliyev gənclik illərindən söz açdı, valideyinlərinin, ailələrinin kasıb, keşməkeşli həyatından danışdı. Bildirdi ki, tələbə olanda qatarın üçüncü qatında, tozun içində Bakıya gedib-gəlirdi. Çünki pulu çatmadığından həmişə ucuz bilet alırdı. Bu sozlərdən hamı təsirləndi, hamımız kövrəldik…

Bəli, Heydər Əliyev kasıb, lakin mənəvi cəhətdən çox zəngin bir ailədə dünyaya göz açmışdı. Valideyinlərindən aldığı yüksək tərbiyə, heç də hamar olmayan həyatı onun mənəviyyatını da getdikcə cilalamış, yüksəklərə qaldırmışdı. O öz ailəsi, balaları ilə birlikdə sadə, təvazökar bir həyat sürmüşdür…

Böyük Heydər Əliyevin fəaliyyəti ilə xalqımız yaxşı tanışdır. Mənim xatirələrim isə çoxdur… Oxuculara söz verirəm ki, yeri gəldikcə həmin xoş xatirələrlə onları da tanış edəcəyəm…

***

Heydər Əliyev mənə danışırdı ki, rəhmətlik Zərifə xanım çox sadə qadın, şərəfli bir ana idi. Heydər Əliyev deyirdi ki, Zərifə xanım ömrü boyu var-dövlət, daş-qaş aludəçisi olmadı. Ulu öndər deyirdi ki, Dövlət Təhlükəsizliyi Komitəsinin sədri işləyəndə əməkdaşlardan biri yanıma gəlib bildirdi ki, o zaman məşhur “Klimat” adlı Fransa qadın ətri gətirilib, sizə neçə ədəd lazımdır? Dedim qoy, işdən sonra Zərifə xanımdan soruşub deyərəm. Axşam Zərifə xanım dedi ki, bir dənə olsa, bəsdir. Mən də gəldim, dedim ki, bir “Klimat” bəsdir. Əməkdaş gülərək bildirdi ki, “işçilər hərəsi 10-15 ədəd alır, 1 ədəd az deyil?” Ona dedim: “Evdə bir ədəd istəyirlər, nə edə bilərəm?…”

Heydər Əliyev Zərifə xanımın vəfatını böyük kədər hissi ilə xatırlayaraq danışırdı ki, o, Moskvada həyatla vidalaşandan sonra “salfetkaya” bükülmüş sırğalarını mənə gətirdilər. Mən həmin sırğaları Zərifə xanımla evlənəndə ona bağışlamışdım…

Naxçıvana növbəti gedişlərimin birində Heydər Əliyev məni baş nazir Becan Fərzəliyevə təqdim edərək dedi ki, “jurnalistdir, Bakıdan gəlib…” Becan Fərzəliyev üzümə baxdı, “xoş gəlmisən” də demədi. O bir az aralananda Heydər Əliyevə dedim: “Gördünüz də, mənə “xoş gəlmisən” belə demədi”. Heydər Əliyev “gördüm” dedi.
Heydər Əliyev həmişə deyirdi ki, “insanı tanımaq istəyirsənsə, ona bir vəzifə ver”. O, həm də deyirdi ki, “kreslo insanı bəzəmir, insan kreslonu bəzəyir”.

Heydər Əliyevin Naxçıvanda keçirilən 70 illik yubileyinə Bakıdan çoxlu ziyalılarla birlikdə getmişdim. Onunla təklikdə xeyli söhbət etdik. Çünki o, məni həmişə qəbul etməyə vaxt tapırdı. Yubiley münasibəti ilə mən Heydər Əliyevə bir kitab bağışladım, bir qələm. Kitabın içərisində aşağıdakı misraları yazdım:
Hələ qocalmamışam, bilin,
Sıfırı yeddinin yanından silin!
Heydər Əliyev gülümsədi və dedi: “Bu ki, Süleyman Rüstəmin şeiridir!” “Bilirsiniz də, mən çair deyiləm”- dedim, “əsas odur, sizin xoşunuza gəlsin”…

IMG-20190612-WA0006

H.Əliyev Budapeştdə rəsmi səfərdə idi. Müxtəlif ölkələrin prezidentləri ilə görüşlər keçirirdi. Meksikanın prezidenti ilə görüş üçün otelin yeddinci mərtəbəsinə qalxmalı idi. Lift isə gəlmək bilmirdi. Heydər Əliyev pilləkənlərlə qalxmağa başladı. Biz də onun arxasınca qalxırdıq. Birdən o vaxt Xarici İşlər nazirimiz olan Həsən Həsənov dilləndi: “Cənab prezident, nəzərə alın ki, biz sizin təhlükəsizliyinizə cavabdeh deyilik. Bəlkə gözləyəsiniz Vaqif Axundov gəlsin…” Heydər Əliyev isə yeyin addımlarla pilləkənləri qalxmaqda davam edirdi. Bizim çoxumuzun az qala, nəfəsimiz kəsilmişdi…

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin və Respublika Prokurorluğunun orqanı olan “Sosialist qanunçuluğu” jurnalında işləyirdim. Düz 10 il Bakıda kirayənişin yaşadığımdan Ədliyyə Nazirliyində iş yeri üzrə mənzil növbəsində dayanmışdım və bir neçə il gözləyəndən sonra siyahıda birinci olmuşdum. Bir gün bildim ki, mənə çatası mənzili Rusiyada oxuyub yeni işə götürülən İlham Rəhimova (indi iş adamıdır) veriblər. Dözməyib, o zaman Azərbaycan KP MK-nın birinci katibi olan Heydər Əliyevə şikayət məktubu göndərdim. Ədliyyə naziri Nəriman Yusifovun birinci müavini Zülfüqarov var idi, xatirimi də çox istəyirdi. Mən də ona hörmətlə yanaşırdım. Çağırıb dedi ki, nazir deyir, ərizəni yaz, get. Soruşdum, niyə? Dedi ki, Heydər Əliyevə şikayət məktubu yazmısan, ona görə. Mən nazir Nəriman Yusifovla görüşmək istədiyimi bildirdim. Məsləhət bilmədi, “onsuz da sənin əlindən çox əsəbidir” dedi. Mən də ərizəni yazdım, qaldım işsiz…

1990-cı ildə Naxçıvanda H.Əliyevlə görüşlərimin birində gördüm Nəriman Yusifov məndən əvvəl Naxçıvan MR Ali Soveti sədrinin qəbul otağındadır. Heydər Əliyev ondan əvvəl məni kabinetinə dəvət etdi. Soruşdu ki, “sənin keçmiş nazirin hələ də gözləyir?” Dedim “bəli, gözləyir”. Dedi “mən onu qəbul etməyəcəm. O, Moskvada çoxlu otellərə rəhbərlik edir. İndi məndən iş istəməyə gəlib. Yadındadır, sən mənə işdən çıxmağın haqqında bir əhvalat danışmışdın. İndi gördün, “örkən necə doğanaqdan keçir?” Beləliklə, mən Heydər Əliyevin dövründə işsiz və mənzilsiz qalmışam. Deməli, Heydər Əliyev təqsirkar idi? O, mənə iş, mənzil verməli idi? Yaxud gərək o, hakimiyyətdən gedəndən sonra mən də başqa “qələm sahibləri” kimi onun haqqında tənqid yazaydım?

***

Bir gün peşə yoldaşlarımdan (belələrindən mənə yoldaş olmaz…) biri dedi ki, “burnunun ucunda nəsə qara var”. Mətbəədən təzə çıxmışdım, əllərim qaralmışdı, fikirləşdim yəqin əlimdən burnuma qara dəyib. Güzgüyə baxmaq istəyəndə, o, istehza ilə gülümsəyib dilləndi: “Mən zarafat edirəm, burnunda qara-zad yoxdur. Görürsən, burnunun ucunu görə bilmirsən”…

“Kolleqam” Heydər Əliyevlə əlaqədar yazılarıma işarə etdiyini bildirdi və mənə “burnumun ucundan qabağı görməyi” məsləhət bildi. Mən də cavab verdim ki, “ay bədbəxt, burnunun ucunu qoruya-qoruya hara gedirsən, axı?”

***

Bədxahları deyirdilər və yazırdılar ki, Heydər Əliyev Bakıda “Brejnevə ev” tikdirib. LakinAzərbaycan paytaxtında azərbaycanlılara layiq qonaq evi tikilib ki, həmin evdə çoxlu xarici qonaqlar və sovet qonaqları, o cümlədən, Brejnev də qalıb! Brejnev orada cəmi iki gün gecələmişdir!

Ə.Vəzirov Azərbaycan KP MK-nın birinci katibi olarkən həmin qonaq evini “Nikah sarayı”na çevirib. Lakin bu bina nikah sarayı üçün qətiyyən yaramırdı, odur ki, sensasiya xatirinə onu “Nikah sarayı”na çevirəndən sonra təzə evlənənlər binanın ancaq birinci mərtəbəsindən istifadə etmiş, yuxarı mərtəbələr isə bağlı qalmışdır. İranın prezidenti Rəfsəncani Bakıya gələndə həmin binada qalmış, binanın üstündə İran bayrağı asılmışdı. Belə çıxır ki, İranın prezidenti nikah sarayında gecələmişdir (?!) Sonradan binadan yenə qonaq evi kimi istifadə olunmağa başlanmışdır…

***

Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan sonra Moskva mətbuatı onu tamamilə unutdurmağa çalışırdı. Görün “Naçalo” qəzeti müxbirlərinin Heydər Əliyevlə o zamankı müsahibəsinin sonunda redaksiyanın şərhində nə yazılırdı:

“Rəsmi dövlət qəzeti olan “İzvestiya”da 1980-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olanda Neydər Əliyevin adı 60 dəfə, 1987-ci ildə 15 dəfə, “pensiyaya çıxmağı ilə əlaqədar” axırıncı iş yerindən azad olunandan sonra cəmi 1 dəfə çəkilib. 1989-cu ildən isə Əliyev soyadı qəzetin səhifələrindən birdəfəlik yox olub… Hansı ki, son illərə kimi o, partiya orqanlarında ikinci adam sayılırdı…”

Respublika qəzetlərində və Moskva mətbuatında Heydər Əliyevə saysız-hesabsız iftiralar atırdılar. Özü də böhtanlar, uydurmalar təkcə Heydər Əliyevə qarşı deyil, onun bütün ailəsinə, qohumlarına qarşı yönəldilirdi. Yazıların hamısında qərəz, kin, intiqam açıq-aydın hiss olunurdu. Azərbaycanda çıxan “Kommunist” qəzetinin 3 yanvar 1989 cu il tarixli sayında dərc olunmuş “Həqiqətin qılıncı” adlı məqalədə yazılırdı: “Yadınızdadırmı, Hydər Əlyev bir milyon ton pambıq təhvil verdiyi il ölümüzü bükməyə kəfənlik ağ tapmırdıq. Yorğan astarını sökməyə məcbir olurduq”.

Belə çıxır ki, ölənlərin ailələri yorğan astarını sökürdülər! Bu ki, xalqa təhqir idi! Mən 1992-ci ildə həftəlik “Dədəm Qorqud”qəzetində dərc etdirdiyim “Oyuna son qoyulmalıdır” adlı məqaləmdə yazırdım: “İndi necə, “kəfənlik ağ” tapılır?”

Xatirələr və faktlar çoxdur… Heydər Əliyevin qayıdışına mane olmaq istəyənlərdən yazsam, gərək aylarla yazam. Bütün bunlara baxmayaraq o Böyük İnsan qayıtdı və Milli Məclisdə Milli Qurtuluş günü təsis ediləndə mən də çıxış etdim…










loading...


Fikrinizi bildirin