Rusiya səfiri ermənilərin cinayətini “malalamağa” çalışıb - “Bəziləri siyasi çalar verməyə çalışırlar...”

Bir neçə gün öncə Moskva vilayətində Rusiya keçmiş xüsusi təyinatlısı Nikita Belyankinin bir dəstə erməni tərəfindən qətlə yetirilməsilə bağlı istintaq davam edir. Artıq həbs edilən ermənilərin sayı 10-a yaxınlaşıb.

Ancaq maraqlıdır ki, onların heç biri qətli törətdiklərini etiraf etmirlər. İstintaq bütün kamera görüntülərini və şahid ifadələrini nəzərə aldıqdan sonra qatilin məhz hansı erməni olduğunu müəyyən edəcək.

Bu arada isə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvanda mətbuat konfransı keçirərək, baş verən hadisəni “malalamağa” çalışıb. Səfir deyib ki, bəzi dövlətlər(?) bu hadisədən istifadə edərək, ona siyasi çalarlar verməyə çalışırlar: “Bizim aramızdakı münasibətlər o qədər əhəmiyyətlidir ki, bəzi qüvvələr və dövlətlər tərəfindən müxtəlif reaksiyalarla qarşılanır. Bəziləri belə faciələrə siyasi çalar verməyə çalışırlar...”

Doğrusu, səfirin bu açıqlamasında məhz Azərbaycanı nəzərdə tutduğu şübhəsiz görünür. Ancaq təəssüf ki, vəziyyət heç də səfirin dediyi kimi deyil. Oxşar hadisə azərbaycanlılar tərəfindən törədilsəydi, ermənilərin hansı hoqqalardan çıxacağını, Rusiyadakı ermənipərəst telekanalların və aparıcıların öz təbliğat maşınlarını necə həvəslə işə salacaqlarını təsəvvür etmək çətin deyil. Lakin Azərbaycan tərəfi həmişəki kimi təbliğat işində olduqca zəif və dişsiz görünür. Əslində, Ermənistandakı Rusiya səfiri olmayan şeylərdən danışır və Azərbaycan tərəfinin təbliğat vasitələrini, bu sahədəki fəaliyyətini xeyli şişirdir.

Səfir bu cür hadisələrin Rusiya ilə Ermənistan arasındakı münasibətlərə mənfi təsir göstərməyəcəyinə əmin olduğunu söyləyib. Və nə qədər ikrah doğursa da, xatırladıb ki, ötən il də Ermənistanın Gümrü şəhərində rusiyalı hərbçi erməni qadınını qətlə yetirib. Az qala bununla da belə hadisələrə haqq qazandıran səfir özünün Moskvadakı rəhbərliyinin cılız sifətini bir daha ortaya qoymuş olub...

İstər-istəməz 2013-cü ildə Rusiyada qətl törətməkdə günahlandırılan Azərbaycan vətəndaşı Orxan Zeynalovun həbs edilərək, vertolyotda(!) daxili işlər nazirinin qəbuluna gətirilməsi səhnəsi yada düşür. O vaxt rusların özləri də bu şouya görə naziri və hüquq-mühafizə orqanlarını qınayır, lağa qoyurdular. Lakin bu hadisədən bir təbliğat vasitəsi kimi azərbaycanlılara qarşı gen-bol istifadə olundu, telekanallarda verilişlər, diskussiyalar keçirildi, hətta hadisənin baş verdiyi Brılyovda etiraz aksiyaları təşkil edildi.

Ancaq xatırladaq ki, həmin hadisəni O.Zeynalov tək törətmişdi və bu, bir milli, siyasi məqsədi omayan adi kriminal hadisə idi. 10-a yaxın erməninin rus xüsusi təyinatlısını qətlə yetirdiyi son hadisə isə ermənilərin işlətdiyi barda rus müştərilərlə ermənilər arasında məhz milli zəmində əmələ gələn mübahisə nəticəsində baş verib. Bundan sonra az sayda olan rusları çölə çıxarıb döyən ermənilərə təsadüfən ərazidən keçən N.Belyankin mane olmağa çalışıb və buna görə də, qətlə yetirilib. Ancaq bütün bunları yaxşı bilən Ermənistandakı Rusiya səfiri rəzil formada az qala öz həmvətənini qətlə yetirən ermənilərə haqq qazandırmağa çalışır...

Bu arada onu da xatırladaq ki, O.Zeynalov həbs ediləndə Rusiyanın Azərbaycandakı səfiri Ermənistandakı həmkarı kimi canfəşanlıq göstərməmişdi. Hətta onun bu cür təhqir edilərək, alçaldılmış formada nazirin qəbuluna gətirilməsində, bundan öncə isə döyülməsində heç bir hüquq pozuntusunun olmadığını demişdi...

C.Məmmədov

“AzPolitika”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar