TRAMP RUSİYA-ÇİN İTTİFAQINI NECƏ MÖHKƏMLƏDİR? – Son sözü Avropa deməlidir...

Moskva ilə Pekin yeni ittifaq bağlayaraq Trampa qarşı durmaq istəyirlər. Belə bir alyansın yaranmasında müəyyən mənada elə Trampın özü günahkardır. Çünki onun ticarət siyasəti Rusiya və Çini bu cür davranmağa məcbur edib.

Siyasətdəki bəzi hadisələr fizikadakı kimi baş verir. Əgər nəyəsə çox güclü təzyiq göstərsən, onda sıxılmış hava kütləsi özünə yeni yol axtarıb tapır. Trampın sanksiya və cəza tariflərini tətbiq etməsi siyasəti ona gətirib çıxarır ki, ABŞ prezidentinin diz üstə gətirmək istədiyi dövlətlər ondan uzaqlaşaraq, öz aralarında ittifaq qururlar. Elə bu səbəbdən də Kreml rəhbəri Vladimir Putin doğma Sankt-Peterburq şəhərində Çin dövlət başçısı Si Çzinpini təntənə ilə qarşılayıb.

Vladimir Putin və Si Çzinpinin “qlobla həmkarıq və strateji əməkdaşlığı” Trampın apardığı xarici siyasətə qarşıdır. Rusiyanın ən böyük mobil operatoru “MTC” öz şəbəkəsini “5G” texnologiyası ilə genişləndirməyə hazırlaşır. Təbii ki, onlar bunu Çinin “Huawei” konserni ilə birlikdə həyata keçirməyi planlaşdırırlar. Amerika Birləşmiş Ştatlarında Vaşinqton buna qadağa qoyub və istəyir ki, digər ölkələr də Çinin “Huawei” şirkəti ilə əməkdaşlıqdan uzaq dursunlar.

Çinin dövlət enerji konserni Rusiyanın sıxılmış təbii qaz ilə bağlı olan layihələrinə milyardlarla dollar pul yatırır. Beləliklə, Pekin nəinki Çini Rusiyadan gələn sıxılmış təbii qazla təmin edir və eyni zamanda da, çinlilərə imkan verir ki, özünün iri həcmli investisiyaları vasitəsilə Kremlə yaxın olan “Qazprom” və “Novatek” şirkətlərini zəiflətməyə çalışan Trampın strategiyasını dağıtsın. Çünki Tramp istəyir ki, dünyanın hər yerinə ABŞ qazı satılsın.

Bir tərəfdə ABŞ, digər tərəfdə isə Çin və Rusiyanın dayandığı cəbhədəki vəziyyət getdikcə daha da gərginləşir. Bu cəbhələr arasında alman siyasəti və alman şirkətləri dayanır. Məsələn, Avropa Komissiyası və Almaniya federal hökuməti istəyir ki, Almaniya müəssisələri sıxılmış qazı daha çox ABŞ-dan alsınlar. Bununla onlar Avropa avtomobillərinə tətbiq olunan cərimə tariflərindən qaçmağa ümid bəsləyirlər.

Lakin əksər alman enerji tədarükçüləri “Qazprom” şirkəti ilə sıx bağlıdır. Onlar Baltik dənizinin dibi ilə keçən “Şimal axını-2”-nin həm müştəriləri və həm də investorlarıdır. Vaşinqton isə bu layihəyə nifrətlə yanaşır. Beləliklə, bu şirkətlər hazırda çəkic və zindanın arasında qalıblar. Hazırda həmin şirkətlər həm Trampın sanksiya siyasətinin nəticələrini, həm də Rusiya-Çin yaxınlaşmasının nəticələrini öz üzərlərində hiss edirlər. (Handelsblatt-Almaniya)

İndi elə təsəvvür yaranır ki, sanki Çinlə Rusiyanın yaxınlaşmasının yeganə günahkarı Trampdır. Amma qətiyyən unutmayaq ki, 2014-cü ildə Rusiya Krımı işğal edən zaman ABŞ prezidenti Barak Obamaydı və sanksiyalar da həmin dövrdən tətbiq edilib. Əslində, Rusiya ilə Çinin yaxınlaşması 2001-ci ilə - “Şanxay Əməkdaşlıq Təşkilatı”nın yaradılmasına qədər gedib çıxır, biz hələ “BRİCS” (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının birgə formalaşdırdığı təşkilat) haqqında danışmırıq. ”BRİCS” isə 2006-cı ildə yaradılıb. Ona görə də, bunları nəzərə alaraq deyə bilərik ki, Rusiya və Çin yaxınlaşması strateji plandır. Hadisələrdən rasional nəticə çıxarılsa görünər ki, irəliyə hesablanmış xətt üzrə hərəkət edilir.

Amma bir məsələni əminliklə vurğulamaq lazımdır ki, bu ittifaqda Çin udan tərəf kimi görünür. Ərazisinə görə hər iki ölkə Avrasiya materikinin ən böyük ölkələridir. Bu ölkələrin ümumi ərazisi təxminən 27 milyon kvadrat kilometrə bərabərdir. Deməli, bu iki gücün birlikdə ABŞ-a qarşı dayanmaq potensialları var, amma Avropanın mövqeyi həlledicidir.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar