“GERİ ÇƏKİLMƏYƏCƏM, CAVAB VERİN!...” – “Heydər Əliyevin qovduğu adamı nə məqsədlə vəzifəyə təyin etdiniz?” (ŞOK)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsinin və Su Ehtiyatları Dövlət Agentliyinin rəisi vəzifələrində çalışmış, hazırda formal olaraq nazirlikdə idarə rəisi vəzifəsini daşıyan Muradov Raqif Murad oğlu öz nazirliyinə qarşı məhkəmə çəkişməsinə başlayır.

Bu barədə “AzPolitika.info”-ya R.Muradovun özü məlumat verib.

Qeyd edək ki, təxminən ay yarım əvvəl R.Muradov saytımız vasitəsilə Prezident İlham Əliyevə sözün əsl mənasında sensasiyalı müraciət ünvanlamışdı. Müraciətdə vaxtilə Prezident Heydər Əliyev tərəfindən ölkədən qovulmuş və Azərbaycana girişi yasaqlanmış bir şəxsin Bakıya qaytarılaraq, xarici ölkə vətəndaşı olmasına baxmayaraq, FHN-də yüksək və strateji əhəmiyyətli vəzifəyə təyin olunmasından söhbət açılırdı. O, bildirirdi ki, bu faktın üstünü ehtiyatda olan xüsusi xidmət polkovniki açıb və dərhal rəhbərliyə məruzə etməsini tapşırıb. R.Muradovun dediyinə görə, nazirlə görüşə bilmədiyindən məsələni nazirin birinci müavini Rəfail Mirzəyevə məruzə edib. Elə bundan sonra da onun “qara günləri” başlayıb – Azərbaycanın müstəqilliyi və dövlətçiliyi əleyhinə fəaliyyətinə görə Heydər Əliyev tərəfindən ölkədən qovulmuş şəxsi FHN-dən nəinki uzaqlaşdırmayıblar, əksinə, qısa müddətdən sonra böhtan ataraq R.Muradovun özünü işdən uzaqlaşdıraraq xarici ölkə vətəndaşını onun yerinə təyin ediblər. Ardınca isə R.Muradova qarşı sistemli təzyiq vasitələrinə əl atıblar – oğlunu MTN-ə, özünü isə polisə apararaq 15 gün saxlayıblar. Nəticədə, o, bir müddət susmalı olub. Lakin indi R.Muradov yenidən bu məsələni qaldırır və şübhəli keçmişə malik, Heydər Əliyev tərəfindən ölkədə qovulmuş xarici ölkə vətəndaşının FHN-də yüksək və strateji vəzifəyə təyin olunmasının araşdırılmasını tələb edir. “Bu, millət, dövlət məsələsidir”, - R.Muradov qeyd edir.

“FHN rəhbərliyinin tapşırığı ilə mənimlə görüşdü…”

FHN-in idarə rəisi (R.Muradov sənəd üzərində idarə rəisi vəzifəsini tutur, lakin 5 ildir işə çıxmır-red.) Prezidentə müraciəti ilə bağlı bir yeniliyin olmadığını bildirir. Lakin FHN-dən onunla görüşən və müəyyən təkliflər verən olub: “İlkin olaraq Cənab Prezidentin adına ünvanlandığım müraciəti dərc etdiyiniz üçün “AzPolitika”nın bütün əməkdaşlarına təşəkkürümü bildirirəm. Verdiyiniz suala cavab olaraq bildirirəm ki, müraciətlə bağlı hansısa araşdırmanın aparılmasından xəbərim yoxdur, daha doğrusu mənə bu barədə heç bir yerdən məlumat gəlməyib. Lakin müraciətdən sonra nazirliyin yüksək vəzifəli baş idarə rəisinin dəvəti ilə onunla görüşdüm. O, nazirlik tərəfindən ona tapşırılan sifarişi mənə çatdırdı – 4 illik əməkhaqqının əlavələrlə birlikdə nağd formada ödənilməsini təklif etdi. Bu şərtlə ki, polisə aparıldığım gündən əvvəlki tarixə (4 il bundan əvvəlki tarixə) ərizə yazım. Dedi ki, belə məsləhət görülür. Aydındır ki, mən bu razılaşmadan imtina etdim və mənə dəyən maddi, psixoloji və mənəvi ziyanın ödənilməsi üçün məhkəməyə müraciət edəcəyimi bildirdim”.

“Mən bir daha soruşdum: o adamı nə məqsədlə ölkəyə qaytardınız?”

R.Muradov deyir ki, fürsətdən istifadə edərək bir daha Heydər Əliyev tərəfindən ölkədən qovulmuş şəxsin yüksək vəzifəyə təyin olunması haqda soruşub: “Mən təkrar olaraq ondan israrla soruşdum ki, Ulu öndərin göstərişi ilə ölkədən çıxarılmış və Azərbaycana qayıtmasına qadağa qoyulmuş adamın ölkəyə qaytarılması kimə və nəyə xidmət edirdi? “Korrupsiya” və “Dövlət qulluğu” haqqında qanunları kobud şəkildə pozaraq xarici ölkə vətəndaşının dövlət qulluğuna və yüksək vəzifəyə təyin edilməsi və ona ölkənin ən ciddi strateji obyektlərinin həvalə edilməsinin səbəbi nə idi? Bir gün ərzində İsrail dövlətinin vətəndaşına Azərbaycan pasportunu verərək qanunazidd şəkildə ikili vətəndaşlıq verilməsini kim sifarış etmişdi? Mən ondan soruşdum ki, niyə o vaxt israrla bu məsələnin araşdırılmasını tələb etdikdən sonra mənə əsassız hücumlar başlandı? Hansı əsasla, hansı qanunla məni - dövlət qulluğunda çalışan adamı - sifarişlə küçədən oğurlayıb 15 gün polisin zirzəmisində saxlayıblar? Ailə üzvlərimə basqı və təhdidlər niyə davam edir?”

“O, təkcə nazirim deyil, həm də dostum idi...”

kamal

R.Muradov deyir ki, onu ən çox incidən məsələlərdən biri bu müddət ərzində naziri və həm də dostu Kəmaləddin Heydərovun bir dəfə də olsun onunla maraqlanmaması olub. “Nazirlikdə işlədiyim müddətdə ciddi vəzifələrdə olmuşam və hər il fəxri fərmanla təltif edilmişəm. Cənab Prezidentin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalla təltif edilmişəm. Nazirlə tək rəis kimi yox, həmçinin dost münasibətində olmuşam. Niyə bu müddətdə cənab nazir bir dəfə də olsa məni qəbul etməyib və bu məsələlərin araşdırılmasına göstəriş verməyib? Mən bütün bu suallara aydınlıq gətirilməsini istəyirəm. O (Nazirliyin tapşırığı ilə onunla görüşən idarə rəisi-red.), mənim sözlərimi rəhbərliyə, Rəfail Mirzəyevə (Birinci müavin-red.) çatdıracağını və nəticəsi haqqında əlavə məlumat verəcəyini bildirdi. Hələ ki, heç bir nəticə yoxdur. Həmin idarə rəisi səmimi olaraq bildirdi ki, nazirin sənə qarşı heç bir pis fikri olmayıb, hələ də sənə əvvəlki kimi dost münasibətindədir”.

R.Muradov deyir ki, qaldırdığı məsələlərin araşdırılması və pozulmuş hüquqlarının bərpasıyla bağlı FHN rəhbərliyinin hər hansı addım atmaq niyyətini görmədiyindən vəkil tutaraq, məhkəməyə müraciət etmək qərarına gəlib. “Hazırda müəyyən hüquqi prosedurlar gedir, yəqin ki, gələn həftə məhkəməyə müraciət edəcəyəm və bu məsələlərin hüquqi müstəvidə araşdırılmasına çalışacağam”.

“Mənim və ailə üzvlərimin təhlükəsizliyini təmin edin...”

Bununla belə, R.Muradov şübhəli keçmişə malik xarici ölkə vətəndaşının strateji vəzifəyə təyin olunmasının elə nazirlik tərəfindən araşdırılacağına inamını tam itirməyib. “Mən geri çəkilməyəcəm. Yaxın günlərdə bu hadisələr haqqında sizin suallarınızı tam təfsilatı ilə cavablandıracağam. Əslində bu məsələlərin nazirlik tərəfindən araşdırılacağına inamımı tam itirməmişəm. Ona görə də bu məsələlərin bütün təfərrüatı ilə ictimailəşdirilməsinə tələsmədim. Uzun illər dövlət qulluğunda işlədiyimə görə bilirəm ki, bu hadisələrin ictimailəşdirilməsi dövlət və hakimiyyət adına yaxşı hal deyil. Lakin hakimiyyət strukturlarında oturan bəzi məmurların laqeydliyi məni dövlətimizin gələcəyi barədə narahat olmağa vadar edir. Bizim hər birimizin ən önəmli və müqəddəs amalımız dövlətimizin müstəqilliyi və onun qorunması olmalıdır. Vəzifəsindən asılı olmayaraq, hər kəs öz məsuliyyətini dərk etməli və bilməlidir ki, dövlətin müstəqilliyinə xələl gətirə biləcək hər bir hərəkətinə görə qanun qarşısında cavab verəcək. Bu məsələlərin araşdırılmamasında məni ən çox narahat edən dövlətimizin təhlükəsizliyinə edilən xəyanət qorxusudur. Ona görə də aprel ayında cənab Prezidentə müraciətimdə qaldırdığım məsələlər şəxsim adına deyil, dövlətimizin təhlükəsizliyi naminə olmuşdur.

Fürsətdən istifadə edib, saytınız vasitəsilə təkrar olaraq cənab Prezidentə müraciət edirəm: Cənab Prezident! Xahiş edirəm 19 aprel 2019-ci il tarixdə Sizin adınıza ünvanladığım müraciətin araşdırılmasına, həmçinin mənim və ailə üzvlərimin təhlükəsizliyinin nəzarətə götürülməsinə göstəriş verəsiniz”.

Raqif Muradovun bu ittihamları ilə bağlı Fövqəladə Hallar Nazirliyi susqunluğunu pozmur. Bununla belə FHN-nin və adı çəkilən şəxslərin mövqeyini yayımlamağa hazır olduğumuzu bəyan edirik.

Rasim ƏLİYEV

AzPolitika.info

Şərhlər

Mux 2019-06-13 19:51:59

Rafiq bəy,siz heç nədən qorxmayın.Sizə ALLAH dayaq oacaq.Sadəcə səbirli olamq lazımdır və mübarizəni sona qədər davam etdirmək lazımdır.Bəzi qara qüvvələr sizə mane olacaq.Siz isə mətbuatın köməkliyi ilə daha da irəli gedin.Bax onda bütün məlumatlar Prezidentə çatacaq.Necə ki,MTN və RYTN birgə hoqqaları üzə çıxdı.

Müəllif 2019-06-13 19:51:59

Hərdən kimsə deyir ki, gəlin ermənilərlə müharibəyə başlayaq. Mən isə bu müharibəni istəmirəm ! Çünkü BÜTÜN dövlət orqanlarına yeridilmiş aqentura (maraqlıdır ki, onların kimlıyi heç kim üçün sirr də deyil)dava başlayan kimi ordunu, dövləti və xalqı satacaq. Azərbaycan total məqlub olacaq. Bu səbəbdən.

Vətəndaş 2019-06-13 19:51:59

Ölkədə anarxiya hökm sürməkdədir..son zamanıar qarşılaşdığım haqsızlıqlar buni bir daha sübut etdi.

omer 2019-06-13 19:51:59

gunahkarlar ceza alib ,cezasini cekirler..mence bele bir ceza yoxduki olkeden cixarilsin.. eger bele bir ceza varsaki olkeden cixarilsin, onds onu tetbiq etmek olar... allah komeyiniz olsun

Xottab 2019-06-13 19:51:59

MTN-in fəaliyyəti FHN ilə sıx əlaqəli olub, R.Mirzəyev də birgə fəaliyyətin koordinatoru olub, oranı araşdırsalar çox mətləblər üzə çıxar...

Son yazılar