“ƏLİYEV CƏBHƏNİN ƏN YAXIN MÜTTƏFİQİ İDİ...” – “O, məsləhət bildi ki, qorxmadan üstünə gedin”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev son günlər yenidən geniş müzakirə olunan 1993-cü il hadisələri ilə bağlı partiyasının mətbuat xidmətinə müsahibə verib.

“AzPolitika” həmin müsahibəni oxucularına təqdim edir:

– Qüdrət bəy, 1993-cü ildə AXC-nin iflasa uğramasının əsas səbəbi nə idi?

– Əsas səbəb Xalq Hərəkatının önünə xalqımızın siyasi və idarəetmə təcrübəsi olan güclü liderlər çıxara bilməməsi idi. Bu da xalqımızın inkişaf səviyyəsinə birbaşa bağlı olan məsələdir. O zaman Pribaltika respublikalarından fərqli olaraq az-çox idarəetmə təcrübəsi olan Azərbaycan Kommunist Partiyası rəhbərliyinin səriştəsizliyi və qorxaqlığı, insanları küçələrə çıxarsalar da hərəkatın önünə keçməyə cəsarət etməmələri şərait yaratdı ki, təcrübəsiz, savadsız, bir çox hallarda elementar tərbiyəsi olmayan, psixi qüsurlu insanlar da Xalq Hərəkatının önünə çıxa bilsin. Bu insanlar isə çətin siyasi şəraitdə və müharibənin davam etdiyi bir zamanda ölkəni dalana gətirməliydilər və gətirdilər də. Xuliqanlıq, sözün həqiqi mənasında lotuluq edən nazirlər, siyasiləşmiş səhra komandirləri qısa bir zamanda iqtidarı tam olaraq xalqın gözündən saldı. Təsadüfi deyildi ki, Elçibəy Surətin qiyamı ərəfəsində korrupsiyaya həsr olunmuş müşavirə keçirmək məcburiyyətində qalmışdı və həmin müşavirədə açıq formada bəyan etdi ki, xalq rüşvətin miqyasını görüb, kommunistlərin atasına rəhmət oxuyur. Elçibəy bəyan etdi ki, korrupsiya elə bir vüsət alıb ki, Azərbaycanın bəzi rayonlarında benzin tapılmadığı halda, bizim yanacaq müxtəlif yollarla Ermənistana satılır…

Bütün bunların nəticəsi olaraq, 4 iyun qiyamı zamanı xalq iqtidarın çağırışına cavab verib Prezident Administrasiyasının qarşısına gəlmədi. Yanlış xarici siyasət ona gətirib çıxardı ki, nəinki qonşu dövlətlər, beynəlxalq birlik, hətta qardaş Türkiyə də iqtidarı qiyam zamanı ciddi müdafiə etmədi.

– Niyə belə düşünürsünüz?

– Türkiyə istəsəydi, hökumət bacarmasa belə, azacıq kömək etməklə Surətin dəstəsinin Nəvaidə tərkisilah edilməsini təmin edə bilərdi. Qiyamdan sonra Dəmirəl təkidlə Elçibəydən tələb edirdi ki, Heydər Əliyevi Bakıya dəvət etsin.

– Qüdrət bəy, AXC hakimiyyəti dövründə Heydər Əliyevə münasibət necə idi?

– İlk böyük səhv ondan ibarət oldu ki, Prezident seçkiləri ərəfəsində Heydər Əliyevin seçkilərdə iştirakını mümkünsüz edən yaş senzi aradan qaldırılmadı. Heydər Əliyevin Naxçıvanda Ali Məclis Sədri seçilməsində AXC-nin müstəsna xidmətləri olmuşdu. Heydər Əliyev də AXC-nin hakimiyyətə gəlişində müstəsna rol oynadı. 1992-ci ilin 14 mayında Mütəllibov qanunsuz olaraq yenidən hakimiyyətə gələndə, AXC liderləri nə etmək lazım olması barədə qərar qəbul edə bilmirdi. Bu zaman Qurban Məmmədov Heydər Əliyevə zəng edib məsləhət istədi. Heydər Əliyev məsləhət bilmişdi ki, qorxmadan onun üstünə getmək lazımdır. Qurban Məmmədov bu barədə AXC qərargahı qarşısında toplanmış insanlara məlumat verəndən sonra insanlar Milli Məclisə doğru yürüş etdilər, Mütəllibovu Rusiya qaçırdı və AXC hakimiyyətə gəldi. Amma Bakının yanlış siyasəti sayəsində qısa müddət sonra münasibətlərdə ciddi problemlər yarandı. AXC Heydər Əliyevin təcrübəsindən və böyük dövlət xadimi kimi imkanlarından istifadə edə bilmədi. Ən yaxın müttəfiqini ciddi siyasi rəqibə çevirdi.

– Qüdrət bəy, Heydər Əliyevin hakimiyyətə gələndən sonra 33 AXC batolyonunu buraxması və ölkəni ermənilər qarşısında müdafiəsiz qoyması, atəşkəs sazişi imzalaması barədə ittihamlarla bağlı nə deyə bilərsiniz?

– Bu iddialar cəfəngiyyatdır. AXC-nin 33 batolyonu var idisə, niyə Nəvaidə Surətin qarşısına çıxarmaq üçün Naxçıvandan, əsasən cəbhəçilərdən təşkil olunmuş bir dəstə gətirilirdi? Həmin dəstə də ilk atəş səslərindən sonra qaçıb getdi.

Heydər Əliyevin ən böyük xidmətlərindən biri də hakimiyyətə gələndən sonra ölkədə mövcud olan siyasiləşmiş hərbi müxalifəti aradan qaldırması oldu.

Atəşkəs sazişinə gəldikdə isə, ölkənin iqtisadiyyatı dağılmışdı, müharibəni davam etdirib qalib gəlmək mümkünsüz idi. Ona görə də atəşkəs elan olundu, neft müqavilələri imzalandı. Nizami ordu quruculuğuna başlanıldı. MDB-yə qoşulmaqla Rusiyadan qaynaqlanan təxribatların miqyasını əhəmiyyətli dərəcədə azaltdı. Azərbaycanın başqa bölgələrində başladılmış etnik separatizmə ciddi zərbə vuruldu. Elçibəyə, dövlətçiliyə xəyanət etmiş insanlar həbs olundu, ölkədə sabitlik təmin edildi.

635x100

Şərhlər

Arif 2019-06-15 19:35:22

AXC-si, Mütəlibov və daxildən digərləri olmasaidilərdə, Rusya Qafqazı yaralamalı idi, siyasətdə konkretlik var, artıq şərgi Avropada HATO quvvələrini yerləşdirirdilər, Rusya bunun qarşısını almağa gücü çatmırdı amma gözəl anlayırdıki şərgi Avropadan sonra nöbbə Qafqaza çatar bunun üçündə cənubi Qafqazın üç respublikasını yaraladı o, vaxtlar Rusyanın yalnız buna gücü çatırdı, yəni vaxtında basdırdığı minaları həmin zaman işə saldı buda hələlik onun işinə yarıyır təki NATO gəlməsin.

Əli 2019-06-15 19:35:22

Atəşkəs sazişinə gəldikdə isə, ölkənin iqtisadiyyatı dağılmışdı, müharibəni davam etdirib qalib gəlmək mümkünsüz idi İndi bəs güclənmişik sə niyə müharibə etmirik? Hanı o güclü iqtisadiyyat ki, ermənidən az maaş və pensiya alırıq....Yalandan gündə bir müsahibə vermıklə deyil fakt göz qabağındadır....

Türk 2019-06-15 19:35:22

Mütəllibov deyəndə ki,MDB-yə getmək lazımdır.Başda sən olmaqla bütün AXC üzvüləri onun üstünə getməyə başladınız.AXC hakimiyyətə gələn kimi MDB-yə girmək məsələsini gündəmə gətirdiniz.Əgər AXC-nin rəhbərliyində təmsil olunan və gizli olaraq başqa məqsəd üçün çalışan insanlar,imkan versəydilər indi bütün qarabağ və digər işğal olunmuş rayonlar hamısı Azərbaycanın əlində idi.AXC-nin bir çox üzvü(onları xalq yaxşı tanıyır) o cümlədən siz bu gün ki,iqtidarın hakimiyyətə gəlməsi üçün çalışıdı.

yalçın 2019-06-15 19:35:22

xalq cəbhəsi olmasaydı indikilər bir daha heç vaxt hakimiyyətə gələ bilməzdilər..26 ildə bir dəfə də bunu etiraf etmədilər, əksinə yıxıb sürüdülər..

Son yazılar