YILDIRIM VƏ İMAMOĞLU ARASINDA DEBAT BİTDİ... - Hansı namizəd qalib oldu? + VİDEO

Hər kəsin böyük maraqla gözlədiyi İstanbul bələdiyyə başqanı seçkisi öncəsi namizədlərin iştirakı ilə keçirilən teledebat yekunlaşıb. Əkrəm İmamoğlu ilə Binali Yıldırım arasında teledebat “Lütfü Kırdar Konqre Mərkəzi”ndə keçirilib.

Aparıcı İsmayıl Küçükkayanın moderatorluğu ilə baş tutan debat tərəflərin bir-birini qarşılıqlı olaraq Atalar Günü münasibətilə təbrik etməsi və hədiyyələr verməsi ilə başlayıb. Ardınca namizədlər İstanbulun həyatı ilə bağlı ayrı-ayrı sahələr üzrə vədlər veriblər.

B.Yıldırım 25 ildir AKP-nin bələdiyyəçiliyinin İstanbula çox şey qatdığını deyib. O, buna örnək olaraq bir çox rəqəmlər səsləndirib və Ə.İmamoğlunun bəzi endirim təkliflərini də onların tərzini qəbul etməsi kimi qiymətləndirib.

Ə.İmamoğlu isə 18 günlük bələdiyyə sədrliyi dönəmində vəd etdiklərini bir-bir yerinə yetirdiklərini bildirib və bir çox layihələrini qarşı tərəfin özünküləşdirməyə çalışdığını deyib. Qarşı tərəfə “25 ildə etdiklərinizi təbii ki edəcəksiniz” deyən İmamoğlu su endirimi, nəqliyyatla bağlı layihələrini səsləndirdikləri zaman qeyri-adekvat reaksiya ilə qarşılaşdıqlarını vurğulayıb. Namizədlər daha sonra nəqliyyat, uşaq və gənclər, şəhərin yaşıllaşdırılması ilə bağlı siyasətlərini açıqlayıblar.

Amma üç saata yaxın davam edən debatla bağlı ekspertlərin mövqeləri qənaətbəxş olmayıb. Musavat.com xəbər verir ki, istər sosial araşdırma şirkətləri, istərsə müstəqil jurnalistlər sosial şəbəkədə yazdıqları statuslarla bu axşamkı müzakirənin hər iki namizədin imicinə müsbət təsir etməyəcəyini bildirib.

Bundan başqa, bu debatın 23 iyun seçkilərinə hər hansı təsir göstərməyəcəyi, moderatorun kontr suallar hazırlamamasının yanlışlıq olduğunu deyənlər də çoxluq təşkil edib. Məşhur qəzetçi Uğur Dündar isə namizədlərə sualları cavablandırmaları üçün ayrılan 3 dəqiqənin yetərsiz olduğunu bildirib.

Son sözlərində Ə.İmamoğlu İstanbulun daha rahat nəfəs alacağı bir şəhər yaratma arzusunda olduğunu deyib və “hər şey çox gözəl olacaq” şüarını bir daha təkrarlayıb.

B.Yıldırım isə bu günə qədər həyata keçirdiyi layihələri xatırladaraq şəhərdəki nəqliyyat probleminə son qoyacağını vəd edib. Hər iki namizəd seçiciləri seçkilərdə aktiv iştirak etməyə çağırıb.

"AzPolitika.info" onu da əlavə edir ki, debat zamanı uzun müddət İmamoğlu 31 mart seçkisində özünüb qalib gəldiyini, Yıldırım isə ona verilmiş səslərin oğurlandığını sübut etməyə çalışıb. Bu zaman namizədlər səslərin 10 faizi sayıldıqdan sonra aradakı fərqin 29 mindən 13 min 700-ə, yoxsa 24 mindən 13 min 700-ə düşdüyü üzərində uzun müddət mənasız mübahisə ediblər.

İmamoğlu fərqin 24 mindən 13 min 700 düşdüyü iddia edərək, sanki 10 min səsin oğurlanmasının əhəmiyyətsiz bir şey olduğunu göstərməyə çalışırdı.

Yıldırım isə fərqin 29 mindən 13 min 700-ə düşdüyündə mənasız şəkildə israr edirək, sanki 15 min səs oğurlanmasaydı, seçkinin təkrarlanmasını istəməyəcəklərini göstərmək istəyirdi.

Debat zamanı diqqəti çəkən daha bir məqam Ə.İmamoğlunun əvvələr ictimaiyyətin qarşısında dediklərini danması oldu. Məsələn, telekanallardan birində Binali Yıldırımın aparıcı İsmayıl Küçükkaya ilə əlaqə saxlayaraq, əvvəlcədən sualları istədiyini söyləsə də, debat zamanı belə bir ifadə işlətmədiyini iddia etdi. Halbuki, bunu efirdən elan etmiş, Yıldırımın və Küçükkayanın təkzibindən sonra belə israr etmişdi.

Və yaxud Ordu valisini təhqir etdiyini televiziyalar yayımlasa da, hətta müxalifətçi FOX TV-nin aparıcısı Fateh Portakal da İmamoğlunun bu cümlələrini efirə verə bilməyəcəklərini bəyan etsə də, o özü belə bir ifadə işlətmədiyini söylədi. Ardınca da bunun İstanbula aid olmadığını bildirdi. 

18 günlük bələdiyyə sədrliyi dönəmində kənar adamları İstanbul Bələdiyyəsinə buraxaraq şəhərdəki obyektlərin, o cümlədən  təhlükəsizlik orqanlarının harda yerləşməsini göstərən  sənədlərin kopyalarını çıxartdırmasını hansı məqsədlə həyata keçirdiyini isə izah edə bilmədi. Sənədlərin ehtiyat variantını hazırlatdığını desə də, Yıldırım bunun da yalan olduğunu söylədi. Bildirdi ki, bələdiyyədə bütün sənədlərin 2 ehtiyat variantı saxlanılır...

İmamoğlu 75 min tələbəyə təqaüd verəcəyini desə də, Yıldırım məhz CHP-nin tələbi ilə qanunun bələdiyyələrə təqaüd verməyi qadağan etdiyini açıqladı.

Debat zamanı B.Yıldırım İstanbulda həyata keçirəcəyi 4-5  meqa layihəni açıqlasa da, Ə.İmamoğlu çıxışını  yoxsulluqla, israfla mübarizə aparacağına dair populist şüarlar üzərində qurmuşdu.

Moderatorun da debatda namizədlərə daha çox İstanbulda həyata keçirəcəkləri işlərlə, layihələrlə bağlı deyil, seçki və bütövlükdə Türkiyə ilə əlaqədar suallar ünvanlaması İmamoğlu üçün əlverişli şərait yaratmışdı. Bu üzdən Yıldırım iqtidarın təmsilçisi kimi müdafiə mövqeyində, İmamoğlu müxalifət nümayəndəsi olaraq ittihamçı  kimi çıxış edirdi.

İmamoğlunun danışıq qabiliyyətinin, debata hazırlığının Yıldırıma nisbətən yüksək olması isə ona üstünlük gətirən məqamlar idi. Yıldırımın İstanbulla bağlı ciddi layihələri olsa da, onları lazımı şəkildə təqdim edə bilmədi. Müzakirələrdə vaxtının çoxunu öz proqramını təqdim etmək əvəzinə, rəqibinin söylədiklərini təkzib etməyə sərf etdi, vaxtı nəzərə almadan sakit tərzdə danışaraq, fikirlərini tamamlaya bilmədi.

İmamoğlu isə ciddi bir layihəsi olmadığından bütün gücünü özünün,  türklər demiş, "mağdur" obrazını yaratmağa yönəltdi.  Natiqlik qabiliyyətindən istifadə edərək, həm qarşı tərəfi ittiham altında buraxmağa, həm də kütləni təsir altına almağa çalışırdı. Ancaq İstanbulla bağlı ciddi bir layihəsi olmadığından, əvvəldən sona kimi ümumi fikirlər təkrarlamaq məcburiyyətində qaldı...

Buna görə də müstəqil ekspertlər namizədlərdən heç birinin debatda üstünlük saxlaya, müzakirələrdən öz imiclərini yüksəltmək üçün istifadə edə bilmədiklərini düşünürlər.

Burada moderatorun debat üçün doğru suallar və format seçməməsinin də ciddi rolunun olduğu vurgulanır...

0138ff6b-ee98-44cb-b740-a74677271a82.jpg (79 KB)

Canlı yayına həyat yoldaşları və övladları ilə birgə qatılan hər iki namizəd aparıcının da təklifi ilə verilişdən sonra ailəcə şəkil çəkdiriblər.

***

Bir həftədən sonra – iyunun 23-də İstanbulda çox kritik və Türkiyədə son zamanların ən maraqla gözlənilən seçkilərindən biri – İstanbul bələdiyyəsi sədrinin seçkiləri keçiriləcək.

Qələbəyə 31 martda olduğu kimi, iki əsas namizəd var – AKP-dən keçmiş baş nazir və parlament sədri Binali Yıldırım, CHP-dən Ekrem İmamoğlu.

Bu iki namizəd arasında günlərdir gözlənilən teledebat bu gün baş tutub. Bakı vaxtı ilə saat 22:00-da başlayan və saatlarla davam edən debatın videoyazısını təqdim edirik.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar