DOSTUMUN ARZUSU - Kaş, «doyunca» çimə biləydim...

Qoçu Əsgərin sözü olmasın, dünən axşam saat doqquzun yarısında bazardan evə qayıdırdım...

Yolda köhnə dostlardan birinə rast gəldim. Salam-əleykdən sonra, vəziyyətini soruşdum. Sifəti dərhal tutuldu, havası çatmayan astma xəstəsi kimi ağzını ayırıb, töşüməyə başladı - əlləri ilə «havadan yapışmaq» istədi - havanı cımaq-cırmaq elədi. Düzü, bir az qorxan kimi oldum, dedim kişinin başına bir iş gələr, bais mən olaram...

Birtəhər sakitləşdirdim, ürək-dirək verməyə başladım: Ayə, qardaş nə oldu sənə? Özünü ələ al, belə olmaz axı, dünya oxundan sapmayıb ki? Bir danış, görək nədən narazısan, dərdin nədir?...

- Ayə, dünya dağılsaydı, bundan yaxşı olardı - işimizi bilərdik, birdəfəlik bu dünyaya yekə bir «ƏLVİDA» deyərdik. Amma dünya adəti üzrə öz işindədir, vətəndə isə heç bir rahatlığım-filanım yoxdur, elə bil «konslager»də gün keçirirəm..

- Niyə belə deyirsən, qardaş? Maşallah, azadlıq bizdə, təbii sərvətlər bizdə, pul-para bizdə, gözəl qanunlar bizdə... dünyada analoqu olmayan «dözüm» bizdə, kosmik sürətli inkişaf da bizdə - daha nə üçün nankorluq edirsən?

- Sən də bu insafsızların dediklərini mənə təkrarlayırsan?! Başınıza dəysin belə inkişaf, icrası mümkün olmayan qanunlar, psevdoazadlıq və s. Ayə, nə pul-para, nə inkişaf, nə sərvət? Hamısı yalnız sözdədir, işdə isə hansı səmtə baxırsansa, «qaranlıq görükür» - hər şeyimiz «üstü bəzək - altı təzək»dir...

Zavallı dostum bir qədər nəfəs dərərdən sonra, yazıq səslə söylədi: Ayə, mən qışın axır ayından üzübəri, gözü dolusu çimib, çirkabdan xilas ola bilmirəm, sən isə inkişafdan danışırsan - insafın yoxdurmu? İndi ölkədə hər şeyimiz «tərsinə fırlanır». Məsələn, əvvəllər bir atalar məsəlimizdə deyilirdi: «Mart çıxdı - dərd çıxdı...» İndi bu da başayaq olub - mart çıxanda, dərd gəlir. Necə? Ay qanmaz, bilmirsən ki, mart çıxandan sonra havalar qızır, ardınca yay gəlir? Bax, yay gələr-gəlməz, Bakının suyu da «quruyur»...

- Hə, nə olsun ki? İsti havada su da tez buxarlanar də!

- Sən özünü axmaqlığa vurmusan, ya ki, məni axmaq yerinə qoymusan? Yəni bilmirsən ki, isti havada insan daha çox su işlədər? Nə yazıq ki, sənin inkişaf etmiş ölkəndə bizim bu «seçimimizə də badalaq gəlirlər» - temperatur yüksəldikcə, suyumuzu da azaldırlar - su nasoslarını söndürüb, nasosxana tikililərini də «əxlaqsızlıq yuvası»nı çevirirlər! Odur ki, hər il olduğu kimi, bu il də havalar qızandan sonra bir əməlli-başlı çimə bilməmişəm - bir arzu olararq, bu əzab yükünü dartmaqdayam...

- Əşi, sən lap ağ elədin ki! Bir vedrə su tapmırsan ki, «qazın üstündə» qızdırıb, tökəsən başına?

- Danışırsan də... Ayə, ay qanmaz, qaz olur ki, suyu da qızdıram? Qaz da olmur axı... Bax belə: evimə su gələndə, qazı kəsirlər (heç bir xəbərdarlıq olmadan!), qaz gələndə isə suyu kəsirlər - elə bil ki, əvvəlcədən sözləşiblər. Fəqət, bu da hamısı deyil - həm su, həm də qaz olarkən, mən zavallı evdə olmuram eeeyyy!

Odur ki, bu dünyada indi ən böyük arzum doyunca çimmək arzusudur - ÇİMMƏKKKK!!!

Dostum bunu deyib, keçdi segah üstündə «mələyib», göz yaşı tökməyə...

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Mirzə AĞ 2019-06-17 20:07:41

Dadşquluya - Malades!..

dadaşyev 2019-06-17 20:07:41

Dostuvun ən böyük arzusu budursa ona de ki,İçərişəhərə Bağçabağ tərəfdən girəndə soldan üzüyuxarı 50 addım qalxsın,birinci yox ikinci döngədən sağa on addım getsin,orda rəhmətlik Qulammirzə dayının hamamı deyilən bir hamam görəcək,girsin pulunu versin,nə qədər istəyir çimsin.Əgər sənin də yazıçılığın bundan ibarətdisə,onunla sən də get hamama qoltuğuva çək kisə.

t.ədalət 2019-06-17 20:07:41

Su məsələsi,doğrudan da getdikcə problemə çevrilir.Dövlətin su üçün ayırdığı pulları Qubada və b.rayonlarda əmlaka çevirənlər əhalinin tələbatını nəzərə almırlar.Yoxlamaların da susduğunu görən su kralları ayrılan pulları qəpiyinədək çıxdaş etməyin yolunu tapıblar.Nəticə də göz önündədir.Bakı keçmişdə olduğu kimi,ya müəyyən saat ərzində qrafiklə su alır,ya da heç almır.Evlərə verilıən suyun kəmərləri üzərində qurulan "moykalar" da bir tərəfdən suyu yoxa çıxarır.

Son yazılar