BU MƏHKƏMƏNİN TARİXİNDƏ BƏRAƏT HÖKMÜ OLMAYIB! – Tanınmış vəkildən məhkəmə və hakimlərlə bağlı şok açıqlamalar! 

Dərc olunub: 18/06/2019 - 16:15

231437Azərbaycanda bəraət hökmlərinin 2014-2018-ci illər üzrə statistik rəqəmləri göstərir ki, 4 ildə məhkəmələrdə cəmi 137 bəraət hökmü çıxarılıb. Vəkillər deyirlər ki, bu, ümumi baxılan işlərə nisbətdə heç 1 faiz təşkil etmir.

Statistikaya görə, Bakı şəhər Yasamal Rayon Məhkəməsində hakim Ramin Qurbanov 16 bəraət hökmü ilə birinci, Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyev is 12 bəraət hökmü ilə ikinci yerdədir.

Maraqlıdır ki, ən çox bəraət hökmü çıxarmış hakimlərin hər ikisi rayon məhkəməsinin hakimləridir. Rayon məhkəmələrində əsasən yüngül xarakterli işlərə baxıldığından, bəraət alanların da ağır cinayətlərdə ittiham olunan şəxslər olmadığını söyləmək olar.

Əlbəttə, bu heç də onların çıxardığı bəraət hökmlərinin əhəmiyyətini azaltmır. Azərbaycan reallığında hakimlərin bəraət hökmü çıxarması o qədər də asan məsələ sayılmadığından, hər belə qərar çıxaran hakim alqışlanmalıdır.

Ancaq razılşaq ki, yüngül xarakterli cinayət işlərinə baxan rayon hakimlərilə müqayisədə ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunanların məhkəmə proseslərini aparan hakimlərin bəraət hokmü çıxarması xeyli çətindir. Hətta bir çox hallarda bu cür işlərdə prokurorluğun və ya polisin xüsusi marağı olduğunu nəzərə alsaq, hakimin bəraət hökmü çıxarmasının mümkünsüz olduğunu söyləyə bilərik. Bu baxımdan Azərbaycanda ağır cinayətlərə dair məhkəmələrdə hakimlik edənlərin də arasında bəraət hökmü çıxaranların olub-olmadığı ilə maraqlandıq.

ceyhunMövzu ətrafında söhbətləşdiyimiz vəkil Ceyhun Yusifov “AzPolitika.info”-ya açıqlamasında bildirdi ki, mətbuatda bəraət hökmü çıxaran hakimlərdən bir neçəsinin adı çəkilib: “Əlbəttə, bir vəkil kimi mən də həmin hakimləri bəraət hökmü çıxardıqlarına görə alqışlayıram.

Ancaq eyni zamanda qeyd edim ki, bəraət hökmü çıxaran hakimlər yalnız mətbuatda adları çəkilən şəxslərə yekunlaşmır. Azərbaycanda prinsipial mövqeləri ilə fərqlənən, ağır işlərə belə bəraət hökmü çıxaran hakimlər mövcuddur.

Mirzə Xankişiyev

Mirzə Xankişiyev

Onlara misal olaraq Bakı Ağır Cinayətlər Məhkəməsində Mirzə Xankişiyevi və Zeynal Ağayevi göstərə bilərəm. Bu şəxslər dəfələrlə bəraət hökmü çıxarıblar.

Onlardan əlavə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Rüstəmovu, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Vidadi Cəfərovu, Binəqədi Rayon Məhkəməsinin hakimi Rəşad Əliyevi, Nərimanov Rayon Məhkəməsininn hakimi Rəşad Abdulovu, Səbael Rayon Məhkəməsinin hakimi Aytən Əliyevanı göstərmək olar. Onlar da adları qeyd edilən hakimlərdən heç də az bəraət hökmü çıxarmayıblar. Bu cür cəsarətli və prinsipial hakimlərimizi də ictimaiyyət tanımalıdır”.

Zeynal Ağayev

Zeynal Ağayev

Vəkil Ceyhun Yusifov qeyd etdi ki, rayonlarımızda da bəraət hökmü çıxarmaqdan çəkinməyən hakimlərimiz var: Quba Rayon Məhkəməsinin hakimi Zamin Tahirov 11 bəraət hökmü çıxarıb. Belə hakimlərimizi də qeyd etmək lazımdır”.

Ceyhun Yusifov bildirdi ki, heç bir bəraətin əhəmiyyətini azaltmaq istəmir: “Ancaq onu da nəzərə almalıyıq ki, Mirzə Xankişiyevin, Zeynal Ağayevin, Elnur Rüstəmovun, Vidadi Cəfərovun çıxardığı bəraət qərarları ağır cinayətlərlə bağlıdır. Hansı ki, bu cür işlərdə bəraət qərarı çıxarmaq daha çox qətiyyət və cəsarət tələb edir. Bunu da qiymətləndirməmək doğru olmaz”.

Aytən Əliyeva

Aytən Əliyeva

Vəkil bildirdi ki, hakimlərimizi yalnız bəraət qərarlarına görə deyil, həm də həbs qətimkan tədbiri seçməkdən imtina etdikləri üçün də dəyərləndirmək lazımdır: “Yuxarıda adlarını qeyd etdiyin Rəşad Əliyev, Rəşad Abdulov, Aytən Əliyeva məhz belə hakimlərdəndir. Onlar onlarla işdə həbs qətimkan tədbiri seçməkdən imtina ediblər. Onların içərisində ağır cinayətlə bağlı verilmiş təqdimatdan imtina da var.

Bu cür qərarların ədalət və hüququn aliliyi baxımından əhəmiyəti heç də bəraət hökmlərindən az deyil. Hansı ki, qətimkan tədbirinin seçilməməsi sonradan həmin cinayət işinə xitam verilməsinə gətirib çıxarıb. Bunları da qeyd etmək lazımdır. Əksər hakimlər həbs qətimkan tədbirlərini yoxlamadan, araşdırma aparmadan təmin edir. Ancaq adlarını çəkdiyim 3 hakim buna getmir. Düşünürəm ki, həbs qətimkan tədbirindən imtina qərarının əhəmiyyəti heç də bəzi işlərdə çıxarılan bəraət hökmlərindən az deyil”.

8Ceyhun Yusifov maraqlı bir faktı da açıqladı: “Yurisdiksiyasına görə Azərbaycanın ən böyük məhkəməsi Lənkəran Ağır Cinayətlər Məhkəməsidir. Amma Lənkəran Ağır Cinayətlər Məhkəməsinin tarixində bir dənə də olsun bəraət hökmü yoxdur. Yarandığı gündən indiyə qədər bu məhkəmədə bir dənə də işdə bəraət qərarı çıxarılmayıb. Buna da xüsusi diqqət yetirilməlidir. Belə çıxır ki, bu məhkəmədə baxılan işlərdə istintaq orqanın gəldiyi nəticə hər hansı mübahisə doğurmur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasında 24 rayon var. Bu günə qədər minlərlə işə baxıb. Bu məhkəmədə bir dənə də bəraət hökmünün çıxarılmaması fikrimcə, Ədliyyə Nazirliyinin də diqqətini cəlb etməlidir. Ancaq eyni zamanda belə məhkəmələrin olması, bəraət hökmü çıxarmaqdan çəkinməyən hakimlərin də dəyərini artırır”.

R.Əliyev
AzPolitika.info










loading...


Fikrinizi bildirin