Azərbaycan karbamidini daşıyan “Coral” gəmisi Türkiyə limanına çatıb

Sumqayıtda yerləşən “SOCAR Karbamid” zavodunun ilk ixrac məhsulu ünvanına çatıb.

"Report" xəbər verir ki, iyunun 19-da Azərbaycan karbamidini daşıyan “Coral” gəmisi Türkiyə limanına çatıb və yük başaldılır.

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi və “Caspian EPC” şirkəti karbamidin logistika zənciri prosesini əvvəldən sonadək tənzimləyib və nəzarət edib. “SOCAR Karbamid”in məhsulunun ilk alıcısı “Integral Petroleum” şirkətidir. Treydinq və logistika şirkəti olan “Integral Petroleum” 2008-ci ildə İsveçrənin Cenevrə şəhərində yaradılıb və hazırda Qafqaz-Xəzər regionu, Mərkəzi Asiya və Mərkəzi Amerika ölkələrinin bazarlarında iş görür.

“Integral Petroleum” şirkəti öz məktubunda bütün layihə iştirakçılarına minnətdarlığını bildirib və Azərbaycan karbamidinin yüksək keyfiyyətdə olduğunu qeyd edib.

Xatırladaq ki, iyunun 6–da Hövsan limanından zavodun məhsulu – karbamid gəmilərə yüklənərək göndərilib.

“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin ərazisində inşa edilən “SOCAR Karbamid” zavodu bu il yanvarın 16-da istifadəyə verilib. Zavod ildə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin təqribən 70 faizi ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə illik 160 milyon dollara qədər həcmdə əlavə gəlirin daxil olmasına imkan verəcək. “SOCAR Karbamid” hazırda ölkənin qeyri-neft sektorunda reallaşdırılan ən iri layihədir. Zavodun ümumi dəyəri təqribən 800 milyon avro təşkil edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar