ÇİN AMERİKAYA QARŞI – Çzinpin “dostumdur” deyir, Tramp vaxt verir…

Dərc olunub: 23/06/2019 - 15:22

- ABŞ və Çin arasındakı ticarət müharibəsi necə gedir?

tramp si

İki ölkə arasındakı ticarət müharibəsinin təşəbbüskarı bir il bundan öncə ABŞ prezidenti Donald Tramp olub. Ölkələr arasındakı ticarətdə mövcud balans uyğunsuzluğu onun qətiyyən xoşuna xəlmir. 2017-ci ilin məlumatına əsasən, ABŞ Çinə 130 milyard dollarlıq mal tədarük edib, əvəzində isə oradan 505,5 milyard dollarlıq məhsul alıb.

Amerika-Çin danışıqlarının son raundu may ayının ortasında aparılıb. Bu danışıqlardan sonra ABŞ 200 milyard dollarlıq Çin məhsullarına 10%-dən 25%-dək gömrük tarifi tətbiq edib. Bundan başqa Tramp göstəriş verib ki, tarif qoyulmamış Çinin digər idxal məhsullarının rüsumu da yüksəldilsin. Bu isə təxminən 300 milyard dollar dəyərində məhsula şamil olunacaq. Vaşinqtonun addımlarına cavab olaraq Pekin 1 iyun tarixindən 60 milyard dollar həcmindəki ABŞ məhsullarına qoyulan gömrük rüsumlarını artırıb.

“Huawei” böyük qurbana çevrilib

Vaşinqtonun Pekinə vurduğu ən güclü zərbə “Huawei” şirkətinin telekommunikasiya avadanlıqlarına sanksiya tətbiq etməsidir. Belə ki, ”Huawei” Cənubi Koreyanın “Samsung” və Amerikanın “Apple” şirkətlərindən sonra dünyada smartfonlar istehsalına görə üçüncü yerdə gedir.

Ağ evin təzyiqi altında “Google”, ”Microsoft”, ”İntel”, ”Qualcomm” kimi şirkətlər “Huawei”-ə texnologiya və proqram təminatı göndərməkdən imtina ediblər. Bu isə mikrosxemlər, Android əməliyyat sistemləri və müxtəlif xidmətlərdir. Amma “Huawei” təkcə telefon istehsal etmir. Çin konserni mobil rabitə üçün avadanlıq hazırlamaqda dünya lideri hesab edilir. Avropanın”Nokia” və “Ericsson” şirkətləri bu sahədə “Huawei”-dən 2-3 il geridə qalırlar.

Vaşinqton Amerika şirkətlərinə Çin istehsalı avadanlıqların istifadəsinə qadağa qoyub. Çin şirkəti texniki casusluq və məxfi məlumatların toplanmasında ittiham olunur. ABŞ, həmçinin Böyük Britaniya və Almaniyaya xəbərdarlıqla bildirib ki, çinliləri beşinci nəsil mobil sistemlərin işlənib hazırlanması proqramına buraxmasınlar.

İndi “Huawei” özünə çıxış yolu axtarır. Keçən həftə Peterburqda illik beynəlxalq iqtisadi forum keçirilib. Budəfəki forumda Çin dövlət başçısı Si Çzinpin də daxil olmaqla, minə yaxın çinli nümayəndə iştirak edirdi. Si Çzinpin və Vladimir Putinin müşayiətiylə “Huawei” Rusiyanın “MTC” mobil şəbəkə operatoruyla birlikdə Rusiyada 5G texnologiyasının inkişaf etdirilməsiylə bağlı müqavilə imzalayıb.

- Soyadan imtina edilməsi

“Huawei”-yə qarşı yönəlmiş sanksiyaya Çinin daha bir cavabı ABŞ-ın soya almaqdan imtina etməsidir. 2018-ci ilin dekabrından 2019-cu ilin mayınadək Çin Amerikadan 13 milyon ton soya alıb. Bu ilin fevralında ABŞ kənd təsərrüfatı naziri bəyan etmişdi ki, Çin əlavə 10 milyon ton soya almağa söz verib.

Amma burada Vaşinqton üçün pis olan şey, Moskvaya yaxşıdır. Moskva ilə Pekin Rusiyanın Çinə göndərdiyi kənd təsərrüfatı məhsullarını genişləndirmək barədə razılaşıblar. Konkret rəqəmlər bəlli olmasa da, Çinə qarğıdalı, düyü, arpa və eləcə də soya göndərilməsi nəzərdə tutulur.

- Tərəflər bəlağəti yumşaldır

Münasibətlərdəki gərginliyə baxmayaraq, Çin və ABŞ danışıqları dəstəkləmək barəsində bir-birlərinə siqnal göndərirlər. 7 iyunda Si ÇzinpinTrampı öz dostu adlandırıb və bildirib ki, Amerika lideri Çin ilə münasibətlərin tam qopmasında maraqlı deyil.

Çin lideri deyib: “Hərçənd ki, ABŞ və bizim aramızda hansısa narazılıq var, lakin indi Çin və ABŞ bir-biriylə sıx bağlıdır. Bizim aramızda böyük ticarət var. ABŞ-ın Çindən tam qopmasını təsəvvür etmək çətindir. Biz əməkdaşlıqda maraqlıyıq, buna amerikalı tərəfdaşlarımız da maraqlıdır. Prezident Tramp mənim dostumdur, mən əminəm ki, o da bunda maraqlıdır”.

Öz növbəsində Ağ Ev rəhbəri söyləyib ki, Çinə G20 sammitinə kimi vaxt verib. Bu sammit 28-29 iyunda Yaponiyanın Osaka şəhərində keçiriləcək.

Donald Tramp deyib: “Çinlə bağlı tarif qərarını yəqin ki, G20 sammitindən sonra verəcəm. Hər necə olmasından asılı olmayaraq, mən bunu G20 toplantısından sonra edəcəm. Baxaq görək bu necə nətilənəcək. Əgər Si Çzinpin sammitə gəlməzsə, onda rüsumlar birmənalı olaraq genişlənəcək. Mən belə deyərdim, istərdim ki, müqavilə imzalansın, amma onların etdikləri çox pisdir. Bizim müqaviləmiz vardı və onlar razılaşmanın şərtlərini dəyişdirməyə çalışdılar. Onlar bunu edə bilməzlər”. (“Russkaya Germaniya”-Almaniya)

Xatırlatmaq yerinə düşər ki, Çin dünyaya 2,3 trilyon dollar dəyərində məhsul ixrac edir. 2018-ci ilin məlumatına görə, ABŞ-ın Çin ilə ticarətindəki mənfi balans 419 milyard dollardır.

Ticarətdəki gömrük tariflərinin artmasına baxmayaraq, Çindən ABŞ-a ixrac edilən məhsullarda artım var. Əslində məsələyə ciddi diqqət ayırsaq görərik ki, bu gələcəkdə Amerikanın Çinə qarşı istifadə edə biləcəyi ən güclü vasitə ola bilər. Amma ən maraqlısı Donald Trampın bundan necə istifadə etməsidir. İndi Çində elə şəhərlər var ki, oranın əhalisi yalnız ABŞ-a ixrac edilən məhsullar hesabına yaşayır. Əgər ABŞ tarifləri hədsiz yüksək həddə qaldırarsa və ya Çindən bəzi məhsulların alışını tam dayandırarsa, onda Çin heç zaman qarşılaşmadığı böyük problemlərlə üzləşəcək. Yəni Tramp qəfil zərbə yox, tədrici təzyiq üsulları və ya tariflərin qismən yüksəldilməsi siyasəti yürüdəcəksə, bu elə də effekt verməyəcək.

Vaqif NƏSİBOV
AzPolitika.info








loading...


Fikrinizi bildirin