"SƏDƏRƏK"də MAĞAZALAR BAĞLANDI - Ticarətçilər gömrük və vergiyə etiraz edirlər

"Sədərək” Ticarət Mərkəzində bir qrup sahibkar etiraz əlaməti olaraq bu gün mağazaları bağlayıblar.

İş adamlarından biri deyib ki, etiraza səbəb vergi ilə bağlıdır. O qeyd edib ki, vergi orqanları bir neçə gündür mağazaları yoxlayır və bütün əmlakı qeydiyyata alırlar. Qeydiyyata aldıqlarına görə də indiki pulun yox, yeni gələcək malın vergisini istəyirlər: "Yəni əgər keçən ay 10 min manat malın vardısa, 1 aydan sonra gəlib yoxlayırlar, 11 min manat pul olacaqsa, o zaman min manatın vergisini verməlisən. Sahibkarlar da buna görə narazılıq edir.

Onsuz da bazara yer pulu üçün ödəniş edəndə bunun içində vergilər də var. Onunla yanaşı bu vergini də tələb edirlər. 10-15 gün qabaq vergi nümayəndəsi ilə iclas keçirildi. Orada nümayəndə bildirdi ki, malları öz adınıza gətirin. Mənim də dükanıma 8,600 manat pul yazıblar. O qədər malım var. İclasda dedilər ki, malı öz adınıza gətirin, karqoyla deyil.

Mən də nümayəndəyə dedim ki, tək deyil, gömrük işçisiylə gəlsin. Gedib Türkiyədə firmaya girirəm şalvarın biri 10 dollaradır. Mən deyirəm ki, keçən ilki model alacam, bir az ucuz mal istəyirəm. Mənə keçən ilki 5 dollarlıq malı verir. 5 dollardan öz adıma alıb gətirirəm, 36% vergiyə ödəmə edəndə, deyirlər ki, bu mal 5 dollar deyil, 10 dollardır. Sən yəqin, sənəddə qiyməti azaltmısan. Biri var 5 dolların 36%-ni ödəmək, bir də var 10 dolların”.

Sahibkarın sözlərinə görə, malı 5 dollara gətirəndə gömrükdə bu qiymətlə qəbul etmirlər: "Birinci sistemi gömrükdən düzəltsinlər. Gəlib gömrükdə problem yaşamayacamsa, öz adıma mal gətirə bilərəm. Amma problem olacaqsa, elə 3 dolları karqoya verib gətirərəm. Gömrük ucuz malı ucuz qeydiyyata almır. Köhnə mal da olsa, yeni kimi hesab edib yeniylə hesablayır. Biri var paltaryuyan maşın istehsal edir. Çindən 5 dollar 30 sentə motor alıb gətirmişdi. Gəldi burada 4 gün saxladılar. Dedilər ki, bunun qiyməti 15 dollardır”.

Sahibkar bildirib ki, hazırda yalnız geyim mağazaları açıqdır. Amma təsərrüfat və şirniyyat deyilən ərazidəki mağazalar bağlıdır. Sahibkarlar bazar rəhbərliyinin ofisinin qarşısına toplaşaraq problemin həllini tələb edirlər.(YeniSabah)

Axar.az xəbər verir ki,  bazara nəzarət edən şəxslər mağazasını açmayan sahibkarlara hədə-qorxu gəlib və mallarının dükandan çıxarılacağını deyiblər.

Hazırda “Şirniyyat” bölməsində olan bir sıra dükanlar açılıb. Lakin təsərrüfat bazarı tamamilə bağlıdır. Mağaza sahibləri baş verənləri telefon vasitəsilə lentə almağa çalışsalar da, nəzarətçilər buna imkan verməyib.

“Şirniyyat” bölməsində dükan sahibi olan Elməddin Mirzəyev bildirib ki, o da özünə məxsus bir neçə mağazanı bu gün açmayıb.

Təsərrüfat malları satışı ilə məşğul olan Fərid Nəsibov isə deyib ki, ticarət mərkəzində artıq əvvəlki kimi alver olmadığına görə yerhaqqının qaldırılması onlara sərf etmir: “Burada indi nə alver var ki, vergi qoyulur, icarə artırılır?! Təsərrüfat bazarı indi tamamilə bağlıdır. Səhərdən heç kəs dükanını açmayıb”.

Vaxtilə “Sədərək” Ticarət Mərkəzinin mühafizə xidmətində çalışan Kamran Zeynalov isə bildirib ki, belə məqamlarda rəhbərlik özü kənarda dayanaraq, mühafizəçilərlə dükan sahiblərini üz-üzə qoyur: “Mən hazırda “Sədərəy”in mühafizə xidmətindən ayrılmışam. Yaxşı ki, vaxtında oradan ayrılmışam. Belə məqamlarda rəhbərlik həmişə kənarda dayanırdı, mühafizə xidmətinin işçiləri ilə sahibkarları üz-üzə qoyurdu”.

Qeyd edək ki, “Sədərək” Ticarət Mərkəzindən heç bir səlahiyyətli məsələ ilə bağlı suallarımızı cavablandırmadı.

635x100

Şərhlər

vuqar 2019-06-24 12:25:10

Menim dovletim meni yasatmir eksine soyur verginin eli ile! Qorxumuzdan sesimizi cixara bilmirik dukanlarimizi baglayib gedib oturmusuq evde PREZIDENTE gece gunduz medhiyye deyenlere tamasa edirik televizyonda! AZERBAYCAN SURETLE INKISAF EDIR !

Şəkidən 2019-06-24 12:25:10

Vergi əməkdaşları tərəfindən həqiqətən qanuni vergi pulu toplamaq istəyirlərsə, birinci növbədə Bazarların gəlirlərinə nəzarət edilməlidir. Belə ki, Şəki-Bazar ASC-də ildə ən azı 600,0 -700,0 min manat vergidən yayınma halları baş verməsinə baxmayaraq Vergi Əməkdaşları tərəfindən göz yumulur,kiçik sahibkarlardan vergi ödənilməsi tələb olunur,Bazarda mal satanlara kassa qoyulmasını tələb edirlər,ancaq Bazardan qəbsiz toplanılan xidmət pullarına nəzarət etməyirlər...Bu səbəbli molla Eldəniz milyoner olubdur.

Vəkil 2019-06-24 12:25:10

Gömruk ve Vergi xalqi usyana hazirlayir! Artiq butun sahibkarlar derk edir ki bunlarla işleyib pul qazana bilmeyeckeler ona göre de gucleri baglamaq işi dayandirmaga çatir? Bes elerindeki qepig quruşlarai bitende ne edecekler bax musubet onda olacaq.

Aris 2019-06-24 12:25:10

Bu Vergilər Nazirliyinin işi-gücü kraska vurmaqdır.Guya büdcəyə vəsait yığırlar. Kraskanı bol edin,əsas kraskadır.

Son yazılar