“Əli Insanovun səhhətindən şikayəti yoxdur”

Keçmiş nazirə Ali Məhkəmədən işinə yenidən baxılacağı haqda məktub gəlib

Avropa Məhkəməsinin Əli Insanovun şikayəti üzrə çıxardığı qərar əsasında Ali Məhkəmənin Plenumunda keçmiş səhiyyə nazirinin işinə baxılacağı haqda məlumat təsdiqlənib. Bu barədə Əli Insanova dünən Ali Məhkəmədən məktub daxil olub. Oktyabrın 28-də saat 15.00-da Plenumda keçmiş nazirin işinə baxılacaq. Bu haqda “Azadlıq”a Əli Insanovun vəkili Toğrul Babayev məlumat verib.

Vəkil dünən cəzaçəkmə müəssisəsində Əli Insanovla görüşüb. Bugünlərdə mətbuatda keçmiş nazirin səhhətində ciddi problemlər yarandığı, hətta onun gəzməkdə çətinlik çəkdiyi haqda məlumat yayılmışdı. Bu məsələyə gəlincə, vəkil bildirib ki, Əli Insanov indiyədək ağır şəraitdə saxlanılmasına baxmayaraq, onun səhhətilə bağlı heç bir şikayəti yoxdur.

Xatırladaq ki, Əli Insanov 2005-ci ildən həbsdədir. O, dövlət çevrilişinə cəhd ittihamıyla həbs olunsa da, sonradan bu cinayət işinin nəticəsi naməlum qaldı. Əli Insanov vəzifədən sui-istifadə, mənimsəmə və s. bu kimi ittihamlarla məhkəmə qarşısına çıxarıldı və 11 il azadlıqdan məhrum edildi.

Bu il martın 14-də Avropa Məhkəmə Əli Insanovun işi üzrə qərarını açıqlayaraq, sabiq nazirin Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması) və 3-cü (işgəncəyə məruz qalmamaq) maddələrilə təminat verilən hüquqlarının pozulduğunu təsdiqləyib və buna görə Azərbaycan hökumətini cərimələyib. Avropa Məhkəməsinin qərarının icrası təkcə kompensasiya ödəməklə bitmir. Eyni zamanda, pozuntu aşkarlanan işə yenidən baxılmalıdır. Avropa Məhkəməsinin Əli Insanovla bağlı qərarı iyunun 14-də qüvvəyə minsə də, sabiq nazirin işinə yenidən baxılmırdı. Hətta bu səbəbdən Əli Insanov Ali Məhkəmənin sədrini məhkəməyə də vermişdi. Üstəlik, Avropa Məhkəməsinin qərarının icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsi də hökumətdən buna görə yazılı izahat tələb etmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar