Solovyovdan daha bir çirkin hərəkət – Mərhum həmkarını “satqın” adlandırdı

Dərc olunub: 25/06/2019 - 17:38

solovyovRusiyada məddahlığın ən yüksək zirvəsini fəth etmiş jurnalist kimi tanınan Vladimir Solovyov növbəti qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, Solovyov bu dəfə cəmi ay yarım bundan öncə dünyasını dəyişmiş tanınmış rusiyalı jurnalist Serqey Dorenkonu təhqir edərək, onu “satqın” adlandırıb.

“Vesti FM” radiosunun qonağı olan Solovyov mərhum həmkarını Putini tənqid etdiyinə görə satqın hesab etdiyini deyib: “Mən Dorenkonu dərindən nəfəs alaraq, xatırlayanları anlamıram. Mən sağlığında da deyirdim ki, Dorenko satqındır. O, istedadlı jurnalist idimi? Əlbəttə, çox! Bu onun satqınlığını aradan qaldırırmı? Yox!”

“Rossiya-1” telekanalında aparıcılıq edən və hakimiyyətin təbliğatını aparan, əksər rusiyalılar tərəfindən isə ikrah və nifrətlə qarşılanan Solovyovun Dorenkoya qarşı bu münasibətinin arxasında ikincinin daha istedadlı olması və izləyicilər tərəfindən rəğbətlə qarşılanmasının durduğu hesab edilir. Solovyov iddia edir ki, Dorenko 2004-cü ildə Kiyevdə Maydan hərəkatı zamanı “Putini qəfəsdə gətirəcəyəm” deyə qışqırırmış.

dorenko

Dorenko özü isə sağlığında bir neçə dəfə Solovyova açıq şəkildə yerini göstərib. Dorenko müsahibələrinin birində Kremldə prezidentlə KİV nümayəndələrinin görüşü zamanı da Solovyovun onu “sən Putini satmısan” deyə ittiham etdiyini bildirib. Ona cavab verən Dorenko həmin tədbirdə Solovyovu “əyləncəli nəcis” adlandırmışdı.

Qeyd edək ki, Serqey Dorenko bu il mayın 9-da vəfat edib. Motosikletdə hərəkət edən jurnalistin qəfildən aorta damarı qırılıb və qəza keçirən Dorenko yerindəcə dünyasını dəyişib.

Sosial şəbəkələrdə Solovyovun Dorenko barədə dedikləri böyük etirazla qarşılanıb və həmişəki kimi Solovyovun ünvanına artıq öyrəşdiyi ağır ifadələr işlədilib.

Onu da xatırladaq ki, V.Solovyov ifrat ermənipərəst mövqeyi və Azərbaycana qarşı təxribatçı açıqlamaları ilə tanınır.

“AzPolitika”










loading...


Fikrinizi bildirin