"PARİSDƏ ZAKİR QARALOVUN OTAĞINA GETDİM..." - Elşad Abdullayev (Müsahibə)

“Gülər Əhmədova artistlik edir”

Sabiq deputat Gülər Əhmədovanın işi üzrə keçirilən məhkəmənin hazırlıq iclasında ilginc açıqlamalar oldu. Sabiq deputat və vəkili Əfsər Talıbov ABU-nun sabiq rektoru Elşad Abdullayev barədə xeyli iddialar və ittihamlar səsləndirdilər. G.Əhmədovanın əsas tələblərindən biri də E.Abdullayevin məhkəməyə gətirilməsi idi.

Biz də Elşad Abdullayevlə söhbətimizdə ünvanına deyilənləri və ümumən G.Əhmədovanın məhkəməsini təhlil etdik.

Müsahibimiz öncə bu prosesdəki statusuna toxundu.

- Mən bu günə qədər bu işdə zərərçəkmiş kimi tanınmamışam. Əgər cinayət və cinayətkar varsa, zərərçəkmiş kimi tanınmalıyam. Mən Gülər Əhmədovadan ilk dəfə 2008-ci ildə şikayət etmişəm. MTN rəhbərliyi həmin vaxt bildirdi ki, deputat olduğuna görə onu həbs etmək olmaz, toxunulmazlıq hüququ var, deputatlıq məsələsi bitəndən sonra bu məsələyə qayıdacağıq. Hələ hadisələr bu səviyyəyə qalxmamışdı. Gülər Əhmədovaya pul qardaşım Mahirin oğurlanması işinə görə verilib. İndi geri tələb olunan pul sırf deputatlıqla bağlı verdiyimdir.

- Qardaşınız Mahirə görə sizdən nə qədər pul aldığını iddia edirsiz?

- 500 min dollar bir alıb, sonra da 500 min dollar alıb. Bunda belə idi də. Əvvəl balaca məbləğ alırdı, sonra böyük tələb edirdi. Adamı şirnikləndirirdi, sonra pulun davamını istəyirdi. Videogörüntülərdə də bu görünür. Mən ona deyirəm ki, Mahir məsələsini qurtar. Deyir ki, deputatlıq həll olunandan iki gün sonra Mahir məsələsi də həll olunacaq. Heç mənim deputat keçmək fikrim yox idi - bu bir. Sadəcə, mənim cəmiyyətdə məşğul olduğum xeyli iş var idi - dərs deyirdim, komitədə fəaliyyət göstərirdim, ictimai fəal şəxs idim. Bunlar məni şirnikləndirdilər ki, əgər Mahirin geri qaytarılmasını istəyirsənsə, deputat keç və rahat al. Mən deputat da keçmişdim. Bunların mənim deputatlığıma köməkləri barmaqarası idi. Bilirdilər ki, mən deputat keçmişəm, seçilməyim realdır. Ona görə də bu addımları atırdılar.

- Gülər Əhmədova məhkəməsində sizin iddia etdiyiniz pulun məbləği ilə bağlı fikir söylədi. Dedi ki, daha öncə onun sizdən 2 milyon aldığını iddia etmisiz, daha sonra bu rəqəm azala-azala gedib. Bir dəfə 1 milyon 300 min, son olaraq 1 milyon dollar aldığını iddia etmisiz. “Fransız şərabından içib kefi yaxşı olanda mənə endirim edir” deyərək, iddianıza ironik də yanaşıb. Doğrudan da, nədir bu rəqəmlə bağlı anlaşılmazlıq? Niyə hər müraciətdə fərqli rəqəmlər səslənir?

- Orda anlaşılmazlıq belə yaranıb: qardaşımın məsələsi başlanandan İlham Əliyevə 30-dan çox müraciət etmişəm. Yalnız birinə cavab verib ki, işi nəzarətə götürmüşəm, tezliklə bunun üstü açılacaq. 3 ay bundan qabaq olub bu cavab. Mən də təəccübləndim ki, 4 oktyabr 2012-ci ildə 9 ildən sonra Müstəqil İstintaq Komissiyası yaradıldı. Bu komissiya isə işləmədi, bu cinayət işini hissə-hissə parçalayıb, heçə endirdilər...

- (Müdaxilə məcburiyyəti yaranır) Elşad bəy, konkret məbləğlərin fərqli olması məsələsinə qayıda bilərik?

- Bəli, onlar bu işi parçaladılar. Amma unutdular ki, bu, ABŞ Dövlət Departamentinin, Avropa Şurasının hesabatında da, Avropa Məhkəməsinin gündəliyində də var. Bu məsələdə məni zərərçəkmiş kimi tanımırlar. Çünki zərərçəkmiş kimi tanınsam, avtomatik hüquqlarım da yaranacaq. Onlar da bu hüquqlardan narahatdılar.

- Gülər Əhmədova çıxışında sizin qardaşınızın oğurlanmasına da şübhə ilə yanaşdı. Onun dediyinə görə, əgər kimsə sizdən pul qoparmaq istəsəydi, MTN zabiti qardaşınızı yox, oğlunuzu oğurlayardı. Bundan başqa, sizdə manyakal əlamətlər sezdiyini və gələcəkdə “mən bu videoları zarafatla yollamışdım ki, görüm nə edəcəksiz”, deyəcəyinizi də istisna etmədi.

- Xanım, gəlin bir-birimizi aldatmayaq, bir-birimizə sayğı ilə yanaşaq. Gülər Əhmədova artistlik edir, özünü qoyub artistliyə. Mənim göndərdiyim videolar gözlə görünür, qulaqla eşidilir. Bəli, siz Bakıda adamı salırsız içəri, öz dediklərinizi diqtə elətdirirsiz. Uzağa getmə, bu işdə 15 adam ölüb. Bax, Zərdab Maarif Şöbəsinin müdiri Baba Babayevin qardaşı Zülfü Babayev üç-dörd ay əvvəl bizim müdafiəmizə qalxdı. Saldılar içəri, təcridxanada infarktdan öldü. Bizi müdafiə edən adamı tutub salırlar içəri, sonra öldürürlər. Sən Sevinc Babayevanı niyə qaçırırdın Türkiyəyə, orda da öldürürdün? Nolsun ki, indi saxta arayışlar aldırıblar ki, guya ürəkdən ölüb? Hacı Məmmədovun öldürdüyü 102 adamla bağlı rəy verdilər ki, guya bunlar xəstəlikdən ölüblər. Amma sonradan Hacı Məmmədov etiraf etdi ki, bunları mən öldürmüşəm. Hər şeyi o qədər dolaşıq həddə çatdırıblar ki, açmaq mümkün deyil. Bizimçün hər şey açıqdır. Bir hüquqşünas kimi mənə məlumdur ki, burada iş hansı mərhələdə açılıb, hansında bitib.

- Gülər Əhmədovanın, eləcə də onun vəkilinin tələblərindən biri də sizin ölkəyə gətirilməyiniz, məhkəmədə ifadə verməyinizdir. Bunu mümkün hesab edirsizmi? Hansı halda gəlib məhkəmədə ifadə verə bilərsiz?

- Mən Bakıdan 21 sentyabr 2010-cu ildə çıxanda prezidentə də, Ramiz Mehdiyevə də, Mehriban Əliyevaya da şikayət ərizəsi yazdım ki, belə bir cinayət işi olub, bunu açmaq üçün mənə təzyiq edirlər, universitetimi əlimdən almaq istəyirlər günün günorta çağı. Amma buna baxan olmadı. Bir qardaşımı oğurlamısan, birini də zəhərləyib, böyrü üstə qoymusan, özümə yaşamağa imkan vermirsən, 3 dəfə mənə qara maskalılar hücum edib...

- (Müdaxilə məcburiyyəti yaranır) Elşad bəy, mən məhkəməyə gəlmə perspektiviniz barədə sual vermişdim. Belə bir şey mümkündürmü?

- Demokratik məhkəmə olsa, gələrəm. Avropa Şurası hər il bəyanat qəbul edir ki, ölkədə müstəqil məhkəmə yoxdur. Amma təhlükəsizliyimə təminat verilsə, məhkəməyə gəlməyim mümkündür. Götürüb məni beynəlxalq axtarışa veriblər. Ay xanım, bax konkret siz nə vaxt istəsəz, zəng edib mənimlə danışmısız. Hüquq-mühafizə orqanlarına da rəsmi sənədlə yazıb göndərmişəm ki, mən Parisdə Jurnalistlər Evində qalıram. Otaq nömrəm budur. Kim istəyirsə, buyurub gəlsin, görüşək. Müstəqil İstintaq Komissiyası mənə müraciət edəndə mən də “firmennı blanklı” məktub yazıb yollamışam ki, qaldığım yer budur, Parisin mərkəzidir. Necə olur ki, Bakıdan gələn istənilən şəxs bizimlə görüşə bilir? Amma bunlar bizi axtarışa verirlər? Ya da hüquq müdafiəçiləri gələndə onlarla necə görüşdük, məni necə tapdılar? Baş prokuror Parisə gələndə onunla görüşmək istədim, otağında yox idi. Halbuki ona hər şeyi izah etmək istəyirdim. Amma qonşu otaqdan Eynulla Fətullayev çıxdı. Hotelin resepsionundan bizə demişdilər ki, Qaralov otağındadır... Məndən pul alanların hamısının adını qoyublar dələduz: Arzu Kazımovun, Gülər Əhmədovanın... Çünki bunlara güvənmirlər, danışacaqlarından qorxurlar. Amma kimə ki, arxayındılar, onların adını heç yerdə çəkmirlər. Elələri də var ki, başqa maddə ilə həbsdə saxlayırlar. Məsələn, Telman Muradov. Sadəcə, Gülər Əhmədovanı idarə edə bilmədilər. Ona görə də içəridə saxladılar ki, artıq-əskik danışmasın. Gülər Əhmədova məlumatlı adamlıdır. Görmürsüz, türmədən adamları necə təhdid edir? Sən niyə təhdid eləməlisən bizi? Mən dünyanı gəzmiş, görmüş adamam...

- Sabiq deputatın vəkili bildirdi ki, “E.Abdullayev hətta 5 min dollar verdiyi Əli Zəngilanskiyə bu barədə təsdiqləyici ərizə yazdırıb, Arzu Kazımova verdiyi pulun müqabilində üçtərəfli müqavilə bağlayıb. Əgər G.Əhmədovaya da pul versəydi, ortada bunu təsdiqləyici sənəd olardı”. Həqiqətən də, niyə ortada pulun verilməsi ilə bağlı konkret sübut yoxdur?

- Çünki arada Ramiz Mehdiyev vardı. Mən onunla görüşəndən sonra Gülər Əhmədova ilə Sevinc Babayeva məni aşağıda gözləyirdi. (Bu barədə E.Abdullayev dəfələrlə müsahibəsində də bildirib -müəl.) Məlum məsələdir ki, Prezident Aparatına girib-çıxanda da hər şeyi yoxlayırlar. Ortada o boyda videolar var... Sevinc Babayeva bu günə qədər nə deyibsə, hamısı da düzdür. Hələ biz Sevincin videolarının 20 faizini göstərmişik. Məni düzgün başa düşün, hər hansı videonu çəkmək üçün həmin adamlarla bizim beş-altı dəfə də əlavə görüşlərimiz olur. Çayxanada oturmuşuq, ofisində danışmışıq, iş yerimdə söhbət etmişik. Sonra görürsən ki, cinayətkardır, bundan şübhələnirsən, başlayırsan çəkməyə.

- Gülər Əhmədova cəbhəsi yolladığınız videoların həqiqiliyinə də şübhə ilə yanaşdı məhkəmədə. Onların montaj olunması, şəxsin icazəsi olmadan çəkilməsi ilə bağlı məqamları da vurğuladı.

- Gülər Əhmədova özünü müdafiə etmək üçün min cür şər ata bilər. Onlar vəziyyətdən çıxış yolunu bunda görürlər. Tutaq ki, videogörüntü 3 saatdır, o boyda videonu youtube saytına qoymaq mümkün deyil. Biz oradan çıxarış götürürük, ictimaiyyətə təqdim edirik. Amma həmin videoların orijinal versiyasını prokurorluğa da, MTN-ə də vermişik. 3 saatlıq videoya baxmaq çətindir. İndi də məhkəmədə zərərçəkmişin hüquqlarını qorumaq əvəzinə, zərərçəkmişi, yəni məni təhdid eləməklə məşğuldular.

- Gülər Əhmədova məhkəmə zamanı bildirdi ki, Qazaxda saxlanılanda onun əşyalarının içindən hansısa disklər axtarılıb. Sizin məlumatınız varmı ki, söhbət hansı disklərdən gedir?

- Onun bu cinayətin içində olması faktdır. Amma onu hər zaman himayə ediblər. Nurəddin Hüseynov adlı İtaliyada yaşayan bir nəfər var, 10 ildir burdadır. Videolara baxandan sonra mənə dedi ki, “Elşad bəy, Gülər Əhmədova sənə qarşı nə edibsə, eyni şeyləri mənə də edib. Mənim də milyonlarımı alıb. İtaliyadan getdim, Gülər Əhmədova ilə görüşdüm və dedim ki, məndən alınanları geri qaytar”. Onlar çox cinayətlər edib. Fərqim odur ki, mən bunları ictimailəşdirdim.

- Məhkəmə boyunca sizin strategiyanız necə olacaq? Paralel yeni videolar yayacaqsız, müraciətləriniz olacaq, yoxsa... ?

- Biz tam haqq-ədalət yerini tapana qədər videoları davam edəcəyik. Onlar elə bilirlər ki, hər şeyi saxtalaşdırmaqla öz məqsədlərinə nail olacaqlar.

- Bu məhkəmədən nə gözləyirsiz? Gülər Əhmədovanın şərti azadlığa çıxması mümkündürmü?

- Azərbaycandan hər il Avropa Məhkəməsinə nə qədər işlər gedir. Ölkədə müstəqil məhkəmə hakimiyyəti yoxdur. Mənim qardaşım oğlunu - Mübariz Abdullayevi ondan şikayətçi olmadığım halda tutub həbs ediblər. Bunlar dünyaya meydan oxuyurlar. ATƏT-in və Avropa Şurasının hesabatında onun adı çəkilib. Feodal qaydaları ilə idarə olunan məhkəmədən nə desəz, gözləmək olar. Bu boyda faktın içində gözün kor, qulaqların kardırsa, feodaldırlar da.

Sevinc TELMANQIZI

musavat.com

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar