TÜRKİYƏ SİYASƏTİNDƏ 2023 HAZIRLIĞI – Əli Babacan yeni hərəkatını kimlərlə qurur?

Dərc olunub: 29/06/2019 - 21:00

babacan

23 iyundan sonra türk siyasi həyatı sakitləşmək yerinə, daha da hərəkətləndi. 2023-cü ilədək bir daha sakitləşəcəyini də düşünmürəm.

Bir neçə gündür ki, bu hərəkətliliyin bütün tərəfləri ilə danışmağa və məlumat toplamağa çalışıram.

Şübhəsiz, hazırda ən çox maraq doğuran hadisə yeni siyasi partiya qurması dəqiqləşən Əli Babacanın yaratdığı hərəkatdır.

İstanbul şəhər bələdiyyə sədri postuna yeni oturmasına rəğmən, artıq Əkrəm İmamoğlu hərəkatı da var və onun daha yüksək mövqeləri hədəf seçdiyi sirr deyil. Əkrəm bəy cəbhəsi də Babacan cəbhəsində baş verən hadisələri diqqətlə izləyir.

Davudoğlunu kim istəmir?

Digər tərəfdən, artıq Əli Babacanla bir yerdə olma ehtimalı qalmayan Əhməd Davudoğlu hərəkatı da var. Davudoğlunun da yoluna yeni bir siyasi partiya ilə davam edəcəyi artıq qətidir.

Əslində, Davudoğlu üçün ayrı bir siyasi partiya qurmaq önəmli hədəf deyil. Əhməd xoca Babacanla eyni partiyada olmağa son dərəcə isti baxır, lakin Babacan hərəkatının mənəvi öndəri mövqeyində olan Abdulla Gül qəti şəkildə onu yeni siyasi partiya daxilində görmək istəmir. Bunun səbəblərini gələcəkdəki yazılarımda qələmə alacam.

Hər kəsin adını unutduğu biri də var

2023-cü ilə doğru gedən yolda Əli Babacan, Əkrəm İmamoğlu və Əhməd Davudoğlu ilə bərabər, adını hər kəsin unutduğu biri də var: Məhərrəm İncə. Bu gün Məhərrəm İncə faktından da bəhs etməliyik.

Mən həm bu köşədəki yazımda, həm də “Habertürk TV” ekranlarında “Əkrəm İmamoğlunun çıxışı Məhərrəm İncənin bitişi oldu” yazan və deyən bir jurnalistəm. Lakin Məhərrəm İncə 2023-cü il yolundan vaz keçmir.

Onunla bağlı verilən şərhlərlə əlaqədar ötən həftə mənə zəng etdi və tam olaraq qeydə alınmaması şərtilə, uzun bir söhbət etdik. Həmin söhbətdə Məhərrəm İncənin qarşıda gözlənilən prosesi yüksək siyasi zəka ilə şərh etdiyini söyləməliyəm. Bəzi məsələlərlə bağlı məni razı saldı. Yəni, gözlənilən prosesdə Məhərrəm İncə hərəkatının da sürprizləri ola bilər.

Əlbəttə, bütün bu şəxslərdən və yeni siyasi hərəkatlardan kənarda Türkiyə Cümhuriyyətinin mövcud prezidenti olan Rəcəb Tayyib Ərdoğan faktı da var.

Ərdoğanın “mühafizəkarların Mustafa Kamalı” olması reallığını heç bir siyasi təhlilçi ağlından çıxarmamalıdır. Məncə, Babacan da, Davudoğlu da, İmamoğlu da bu reallığı nəzərə alır. Doğrusu, diqqət etsəniz, buna uyğun bir üslub və dildən istifadə etdiklərini görərsiniz.

Tayyib bəyə “mühafizəkarların Mustafa Kamalı” bənzətməsini ortaya atan da mən deyiləm. Bu anlayışın patenti hazırda Ərdoğana qarşı tənqidi mövqedə olan ziyalı Əli Bayramoğluna aiddir. Məncə, bu, son dərəcə obyektiv bir təsbitdir.

Gül və İncənin baxışları hansı nöqtədə birləşir?

Lakin belə qənaətdəyəm ki, Abdulla Gül və Məhərrəm İncə, Bayramoğlu tərəfindən ağıllıca təsbit edilən bu sosial reallığı rədd edəcək. Bir-birinə çox zidd olan iki fərqli xarakterə sahib Gül və İncə maraqlı şəkildə bu nöqtədə birləşirlər.

Babacanın partiyasının adı nə olacaq?

Əli Babacanın yeni siyasi hərəkatı ilə bağlı bir çox pərdəarxası söhbət mediaya sızıb, lakin bir mövzu haqqında məlumat heç sızmadı. Partiyasının adı nə olacaq?

Öyrəndiyimə görə, bu partiyanın adı öncə “Azadlıq və Ədalət Partiyası” və ya “Azadlıq və Rifah Partiyası” qoyulub. Sonra isə AKP və Rifah Partiyası ilə hər hansı bir bənzərliyin olması istənməyib.

Ardınca “Azadlıq və Hüquq Partiyası” adı ortaya atılıb. Babacanın siyasi fəlsəfəsinə və mövcud sosial tələblərə ən uyğun ad olaraq bu düşünülüb.

Digər tərəfdən, istəyirlər ki, yeni partiyanın adı qısaldılarkən də diqqəti cəlb etsin. Bu səbəblə, başqa təkilflər də müzakirə edilir. Ancaq hazırda ən güclü ehtimal budur.

Yaxşı, bəs Əli Babacanın Azadlıq və Hüquq Partiyası (AHP) nə zaman qurulacaq? Öncə sentyabr ayı düşünülmüş, lakin hazırda Babacanın yaxın ətrafı iyul ayına işarət edir. Yəni, çox yaxında qurulacaq.

Bu hərəkat Türkiyənin ən önəmli siyasi ehtiyacını azadlıqların təmin edilməsi və hüquq dövlətinin sağlam şəkildə qurulması olaraq görür.

İşin digər maraqlı tərəfi isə Əli Babacanla Abdulla Gül arasında olan siyasi münasibətlərin Əkrəm İmamoğlu ilə Kamal Kılıcdaroğlu arasında olan münasibətlərə oxşar olmasıdır.

Həm Gül, həm də Kılıcdaroğlu siyasi lider olmaqdan əlavə, bir növ, mənəvi lider olaraq da Babacan və İmamoğluna dəstək verirlər. Pərdə arxasında rol oynayırlar.

2023-cü ilə doğru gedən yol sanki böyük şahmat oyunudur…

Nagehan Alçı

“Habertürk”, Türkiyə, 29 iyun 2019-cu il

Tərcümə Strateq.az-ındır








loading...


Fikrinizi bildirin