I qrup əlil 3 nəfəri döyməkdə ittiham olunur! – Tanınmış vəkil onun müraciətinə cavab verdi (Yenilənib)

Bir qədər əvvəl "AzPolitika.info"nun redaksiyası ilə əlaqə saxlayan tanınmış vəkil Adəm Məmmədov I qrup əlil, iki əli ümumiyyətlə işləmədiyi halda 3 nəfəri döyməkdə ittiham edilən Sənan İsmayılovun çağrışına cavab verərək, onun vəkilliyini öz üzərinə götürdüyünü bildirdi: "Saytınızda Sənan İsmayılovun müraciətini oxudum. Bir adamın iki əli işləmədiyi halda 3 nəfəri döyməsi absurddur. Onun dediklərindən belə anladım ki, Sənan İsmayılova qarşı çox böyük haqsızlıq olub. Xahiş edirəm, onunla əlaqə qurmağımıza kömək edəsiniz, mən onun vəkilliyini öz üzərimə götürürəm. Sənan İsmayılovun I qrup əlil olduğunu, əmək qabiliyyətini itirdiyini və   haqsızlıqla üzləşdiyini nəzərə alaraq, ona pulsuz hüquqi yardım göstərəcəm, məhkəmədə hüquqlarını müdafiə edəcəm. İnanıram ki, məhkəmədə Sənan İsmayılovun günahsız olduğunu sübut edə biləcəyik. Bütün media nümayəndələrini də həmin məhkəmə prosesində iştirak etməyə dəvət edirəm."

***

“Suraxanı Rayon Prokurorluğu I qrup əlil olduğum, iki əlim ümumiyyətlə işləmədiyi halda məni 3 nəfəri döyməkdə ittiham edərək, haqqımda Cinayət Məcələsinin 126.1 və 221.1 maddələrilə saxta cinayət işi açıb. Uzun müddət araşdırma aparılsa da, heç bir sübut tapa bilmədikləri, mənim ümumiyyətlə kimisə döyməyim qeyri-mümkün olduğu halda işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriblər. Bu ayın 9-da hakim Səbuhi Hüseynovun sədrliyi ilə işə baxılacaq. Mənim vəkilim yoxdur. Sizin saytınız vasitəsilə xahiş edirəm, tanınmış vəkillərdən biri məhkəmədə mənim müdafiəmə çıxsın”. Bu fikirlər “AzPolitika.info”nun redaksiyasına gələrək qarşılaşdığı haqsızlıq barədə məlumat verən I qrup əlil, Suraxanı rayonu Rafiq Alıcanov küçəsi ev12/1-də yaşayan İsmayılov Sənan Zakir oğluna məxsusdur.

Sənan İsmayılovun sözlərinə görə, Suraxanı rayon prokuroru Rəhim Əliyev onu həbs etdirmək üçün belə bir saxta cinayət işini tərtib edib: “2015- ci ilin oktyabr ayına Əhmədov Vəli İsa oğlu məni evimin qabağında təndir qoyduğum üçün “Vinçester” markalı silahla sinəmdən vurdu. Əllərimi güllənin qabağına qoymağım nəticəsində sağ qaldım. Amma iki əlim şikəst oldu, gördüyünüz kimi öz funksiyasını tamamilə itirib. Əllərimin heç birini normal şəkildə işlədə bilmirəm. Buna görə də məni güllələyən Vəli Əhmədovla bağlı 120.1 (ölümə cəhd) maddəsi ilə cinayət işi açıldı. Ancaq az sonra Rəhim Əliyev qarşı tərəflə hansısa formada “razılaşaraq” həmin maddə dəyişdirərək, 127. 2. (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə əvəzləndi. Təbii ki, mən də buna etiraz etdim. Ancaq buna baxmayaraq, işi həmin maddə ilə məhkəməyə göndərdi.”

Sənan İsmayılov bildirdi ki, Suraxanı Rayon Məhkəməsində işə Ceyhun Qədimovun sədrliyi ilə baxıldı. Prokurordan fərqli olaraq hakim tam obyektiv mövqe nümayiş etdirərək işi yenidən prokurorluğa qaytardı: "Bundan sonra iş Bakı Şəhər Prokurorluğu tərəfindən nəzarətə götürüldü. O zaman yeni vəzifəyə təyinat alan Bakı Şəhər Prokuroru general İlqar Abbasov məni silahla vuraraq şikəst edən Vəli Əhmədova verilmiş maddəni daha da ağırlaşdırdı. Ona qarşı ən ağır maddələrdən biri - ictimai təhlükəli üsulla ölümə cəhd maddəsi irəli sürüldü. Məhkəmədə də dövlət ittihamçısı ona 16 il iş istədi. Ancaq hakim 10 il iş verdi.”

Sənan İsmayılovun sözlərinə görə, bundan sonra Suraxanı rayon prokuroru Rəhim Əliyev ona qarşı düşmənçilik mövqeyi tutmağa başladı: “Təxminən bir il əvvəl də məni həmin həbs edilən Vəli Əhmədovun 3 qardaşını döyməkdə ittiham edərək, Suraxanı Rayon Prokurorluğu tərəfindən haqqımda 126.1, 221.1 maddıləri ilə cinayət işi açıldı. Halbuki ələrim öz funksiyasını tam itirdiyindən mən nəinki 3 nəfəri, heç uşağa belə zərər vermək qabiliyətinə malik deyiləm.”

Sənan İsmayılov bildirdi ki, ona qarşı qaldırmış cinayət işinin saxta olduğunu müstəntiqlər özləri də etiraf edib: “Əvvəl iş müstəntiq Vüqar Hadidə idi. O açıq şəkildə bildirirdi ki, mən kimisə döymək imkanına malik deyiləm. Buna görə də Suraxanı rayon prokuroru Rəhim Əliyev işi ondan alaraq digər müstəntiqə - kapitan Aqil Qasımova verdi. Ədalət naminə qeyd edim ki, o da mənim belə bir əməli törədə bilməyəcəyimi görüb, işi uzadırdı. Ancaq görünür Rəhim Əliyevin təzyiqi ilə mənim xəbərim olmadan, işi bir gecədə yekunlaşdırıb Bakı Ağır Cinayətlər Məhkəməinə göndərib. Halbuki, mənim 6 şahidimdən heç biri dindirilməyib. İstintaqın gedişi, yekunu haqda mənə heç bir məlumat verilməyib”

Sənan İsmayılov qeyd etdi ki, bu ayın 9-da hakim Səbuhi Hüseynovun sədrliyi ilə işə baxılacaq: “Mən Sizin sayt vasitəsilə tanınmış vəkillərdən xahiş edirəm ki, mənim müdafiəmi təşkil etsinlər. Telefon nömrəmi də sayta verirəm. Ümid edirəm ki, haqqın yanında olan vəkillərimiz məni müdafiəsiz buraxmayacaq.”

Sənan İsmayılov eyni zamanda ölkə Prezidenti İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova müraciət edərək, Suraxanı rayon prokuroru Rəhim Əliyevlə bağlı qanuni tədbir görülməsini xahiş etdi.

Sənan İsmayılovun ittihamları ilə bağlı Suraxanı rayon prokuroru Rəhim Əliyevin də mövqeyini işıqlandırmağa hazırıq.

Rasim

AzPolitika.info

635x100

Şərhlər

Elovset 2021-09-05 00:48:03

Yalan ve degigleshdirilmemish melumat yaymaq ozu bir qanun pozuntusudur!

Zaki 2019-07-07 00:07:59

Rehim eliyev ...suraxanı camatı bezib onun elinden cenab prizidrnt tedbir görsün

Zakir 2019-07-07 00:07:59

Rehim eliyev...suraxanı cammatı dad eliyir onun elinden ölke başcısı cenab prizident tedbir görün bunun baresinde

EJDER 2019-07-07 00:07:59

BU ANALOQU OLMAYAN HOKUMETDE NE HAQQ VAR,NE DIVAN.ISLAHAT,MISLAHAT BOW WEYDI.ICTIMAI QINAQ,GOZDEN PERDE ASIRLAR...NATEMIZ COXDUR...IYI VERIR

Randa 2019-07-07 00:07:59

Allah cəzanızı versin.

Son yazılar