PUTİN GÖRÜŞLƏRİNƏ NİYƏ YUBANIR? – III Aleksandrı təkrarlayan Rusiya prezidentinin rəqiblərinə sevimli mesajı

Roma Papası Fransisk bu dəfə Vladimir Putini bir saatdan çox gözlədi. Dəqiq demək çətindir, lakin Müqəddəs taxt-tacın saytının bu görüşün saat 13.00-da olacağını elan etməsinə, Papanın şəxsi katibinin, jurnalistlərin və Papa qvardiyasının fəxri qarovulunun onu təqribən bir saat gözləməsinə baxmayaraq, Putin, Apostol sarayının qırımızı xalısına saat 14.07-də ayaq basdı. Bu dəfə Papa Fransisk Putini 2015-ci ildəki görüşdə olduğundan daha çox gözləməli oldu. Çünki Putin onda “vur-tut” 50 dəqiqə yubanmışdı.

Papa Fransiskin Putinlə görüşünün özü cəmi 45 dəqiqə davam etdi və onun konkret mahiyyəti və tarixi əhəmiyyəti haqqında fikir yürütmək çətindir. Çünki görüş qapalı rejimdə keçirildi. Putinin dünyaya nə demək istədiyinin anlaşılması baxımından, ola bilsin ki, onun sözləri deyil, yubanmalarının xronometrajı daha vacibdir.

Aşağıda onun tam olmayan siyahısı verilib. Belə ki, Putin:

– 2014-cü ildə Almaniya Baş naziri Angela Merkellə görüşə 4 saat 15 dəqiqə;

– 2012-ci ildə Ukrayna Prezidenti Viktor Yanukoviçlə görüşə 4 saat;

– 2009-cu ildə Ukrayna Baş naziri Yuliya Timoşenko ilə görüşə 3 saat;

– 2009-cu ildə ABŞ Dövlət katibi Con Kerri ilə görüşə 3 saat;

– 2016-cı ildə Yaponiya Baş naziri Sindzo Abe ilə görüşə 3 saat;

– 2013-cü ildə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşə 3 saat;

– 2002-ci ildə təyyarə qəzasında ölən uşaqların valideynlərilə görüşə (onu qəbiristanlıqda gözləyirdilər) 2 saat;

– 2014-cü ildə Monqolustan Prezidenti Tsaxiaqiyn Elbeqdorjla görüşə 2 saat;

– 2013-cü ildə İsrail Prezidenti Şimon Pereslə görüşə 1 saat 30 dəqiqə;

– 2015-ci ildə BMT Baş Məclisinə 1 saat 20 dəqiqə;

– 2018-ci ildə ABŞ Prezidenti Donald Trampla görüşə 1 saat 10 dəqiqə;

– 2014-cü ildə Hindistan Baş naziri Narendra Modi ilə görüşə 1 saat;

– 2015-ci ildə “Normand dördlüyü”nün görüşünə 1 saat;

– 2015-ci ildə Roma Papası Fransisklə görüşə 50 dəqiqə;

– 2004-cü ildə Finlandiya Prezidenti Tarya Halonenlə görüşə 40 dəqiqə;

– 2011-ci ildə İsveç Kralı XVI Karl Qustavla görüşə 40 dəqiqə;

– 2012-ci ildə ABŞ Prezidenti Barak Obama ilə görüşə 40 dəqiqə;

– 2013-cü ildə Cənubi Koreya Prezidenti Pak Kın Xe ilə görüşə 30 dəqiqə;

– 2006-cı ildə İspaniya Kralı II Xuan Karlosla görüşə 20 dəqiqə;

– 2003-cü ildə Böyük Britaniya Kraliçası II Yelizaveta ilə görüşə 14 dəqiqə yubanıb.

Yubanma Putinin şəxsinə xas olan hərəkət tərzidir. Putinin keçmiş həyat yoldaşı Lyudmila xatirələrində yazır: “Mən heç vaxt yubanmazdım, Vladimir Vladimiroviç isə həmişə yubanardı. Bir saat yarım norma idi. Mən metroda necə gözlədiyimi xatırlayıram. Yubanmanın ilk 15 dəqiqəsi normal idi, yarım saat da həmçinin. Lakin bir saat keçməsinə rəğmən, o gəlməyəndə mən ağlamağa başlayırdım”.

Adamlar var ki, qeyri-dəqiq və məsuliyyətsiz olmaları səbəbilə həmişə yubanırlar. Lakin Putinlə bağlı halda, xroniki yubanmaların səbəbi kimi patoloji səhlənkarlıq hipotezi işləmir. Çünki görüşlər var ki, Rusiya Prezidenti Putin yubansa da, bu, cəmi bir neçə dəqiqə çəkir. Məsələn, televiziya görüşləri zamanı belə olur.

Görünür, bu, həmin cihazın onun şəxsi hakimiyyətinin spesifik rejimi kimi putinizmin yaradılmasında oynadığı və oynamağa davam etdiyi rolla bağlıdır. Putin, bütün “birbaşa xətt”lərə, bir qayda olaraq, vaxtında gəlir. Deməli, onun digər görüşlərə mütəmadi yubanması “şəhərə və dünyaya” müəyyən mesaj daşıyır.

Dünyaya verilən mesajın mahiyyəti Putinin keçmiş həyat yoldaşının xatirlərindən yuxarıda verilən bir parçadan tamamilə aydın şəkildə anlaşılır. Putin qadını metroda bir saat gözləməyə məcbur edərək, belə sadist üsuldan istifadə etməklə onun tam ram olunmasına nail olub. O, gələcək münasibətlərini simvolik zorakılığın köməyilə qurub. Lyudmila Putinlə münasibət Vladimir Putinin şəxsi tərcümeyi-hal faktıdır və ancaq onların ikisinə aid məsələdir.

Digər dövlətlərin başçıları və vətəndaşlarla (ölən uşaqların valideynlərini qəbiristanlıqda 2 saat gözləməyə məcbur etmək son dərəcə yaramaz hərəkətdir) münasibət isə hər zaman siyasətdir. Sistematik olaraq iş görüşmələrinə yubanan insan digərlərinin vaxtını oğurlayır, yəni oğrudur. Bunu şüurlu və nümayişkaranə edən adam həm də öz siyasi tərəfdaşını asılı vəziyyətə, “tabeçilik pozasına” salaraq, ona yönəlik simvolik zorakılıq edir.

Avropada böyük müharibə təhlükəsi yaranan zaman xarici işlər naziri istirahətdə olan III Aleksandra teleqram göndərir ki, danışıqlar üçün paytaxta geri dönmək lazımdır. İmperator da cavab verir ki, “Rus çarı balıq tutan zaman, Avropa gözləyə bilər”.

Putin özünü III Aleksandrdan aşağı qoymaq istəmir, çünki imperatorun nüvə düyməsi yox idi, onunsa vardır.

Ona görə də Vladimir Putinin nümayişkaranə surətdə yubanmaları ilə dünyaya göndərdiyi başlıca siqnal sıradakı mənaya gəlir: “Öz mədəniyyətinizlə, ənənələrinizlə, protokollarınızla və digər mərasimlərinizlə birlikdə cəhənnəm olun. Quzu balası kimi, nə qədər lazımdırsa, o qədər gözləyəcəksiniz, başqa yolunuz yoxdur. Paho! Britaniya kraliçası və ya İspaniya kralı imiş… Və ya nədir o, Roma Papası… Ümumiyyətlə, onun silah altında olan neçə diviziyası var? (söyür). Deyin görüm, qəbul otağımda kim var? Con Kerri? Qoy, bir üç saat Qızıl meydanda gəzsin, mən hələ hovuzda üzürəm”.

Roma Papası eyni zamanda bir-birindən ayrılmaz üç hakimiyyət funksiyası daşıyır. Birincisi, o, Müqəddəs taxt-tacın başçısı və suverenidir. İkincisi, Müqəddəs Pyotrın (ilk Roma Baş yepiskopu) varisi kimi, Roma Katolik Kilsəsinin başçısı və onun ali iyerarxıdır. Üçüncüsü, Vatikan şəhər-dövlətinin suverenidir.

Onun hansı sifətlə, özünün hansı keyfiyyətində Putini qəbul etdiyi tam aydın deyil, lakin bir saat gözlədikdən sonra Fransisin qəbulu ləğv etməməsinə əsasən, səbəblərini təxmin etmək olar. Ən böyük xristian kilsəsinin başçısına eqoizm və qürur nümayiş etdirmək yaraşmaz, digər üzünü çevirmə bacarığını nümayiş etdirməlidir. Ola bilsin ki, digər dövlət başçıları da Əhdi-Cədidin məsləhətlərinə əməl edərək, Putinin ədəbsizliyinə sakitcə dözüblər. Bu halda, doğrusu, Putini bir saat yarım gözləyən Şimon Peresin davranışını izah etmək çətindir. Çünki yəhudilikdə “gözə göz” talion (intiqam – tərc.) prinsipi haqqında nəsə deyilib…

Putinin nöqteyi-nəzərincə, dünya liderlərinin davranışı bir sözlə ifadə edilir: “qurbanlar” (zorakılıq qurbanları – tərc.) . Və nə vaxta qədər ki, dünya liderləri bu adı doğruldacaqlar, Putinin nümayişkaranə yubanma metodu ilə simvolik zorakılığı həmişə işğal və müharibələr formasında real zorakılıqla davam edəcək.

Buna son vermək üçün öncə Putinin görüşünə yubanacağı növbəti vəzifəli şəxsin ofisində ona nəzakətlə demək lazımdır: ”Cənab Putin. Siz yubandınız, bu səbəblə, qəbul olmayacaq”.

Yeri gəlmişkən, 13 noyabr 2018-ci ildə yubandığına görə Putinlə görüşü ləğv edən Sinqapur Baş naziri (Li Syan Lun – tərc.) bu ədəbsizlə yaxşı davranış nümunəsi göstərib.

İqor Yakovenko

“Obozrevatel”, Ukrayna, 06 iyul 2019-cu il

Tərcümə Strateq.az-ındır

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar