GORANBOYDA SİLAHLI İNSİDENT - Polis yaralandı, bir nəfər öldü + Rəsmi açıqlama

Goranboyda baş vermiş insident zamanı xəsarət alan Təbriz Əmrahov dünyasını dəyişib. Bu barədə virtualaz.org-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Xatırladaq ki, T.Əmrahov güllə yarası ilə Gəncə Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi.

“Həkimlərin səylərinə baxmayaraq, yaralı keçinib”, - deyə məlumatda bildirilib.

***

Səhiyyə Nazirliyi Goranboydakı silahlı insidentlə yaralanan şəxslə bağlı məlumat yayıb. Nazirlikdən “Report”a verilən məlumata görə, iyulun 12-si gecə saat 23:00 da 20 yaşlı Əmrahov Təbriz Xaliq oğlu xəstəxanaya ağır vəziyyətdə daxil olub.

Qeyd olunub ki, yaralı xəstəxanaya sol göz yuvasından daxil olub təpə nahiyəsindən keçən odlu silah yaralanması diaqnozu ilə daxil olub, vəziyyəti kritikdir.

***

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri Goranboy rayonunun Goran qəsəbəsi ərazisində baş verən hadisə barədə məlumat yayıb.“AzPolitika.info”ya daxil olan məlumatda deyilir:

“İyulun 12-də gecə saat 23 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində xidmət aparan Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimov avtomobilin yolun kənarındakı maneəyə çırpılması ilə əlaqədar bir qrup şəxsin yol kənarında toplaşdıqlarını görüb səbəbini müəyyənləşdirmək məqsədi ilə onlara yaxınlaşmışdır.

Bu zaman həmin şəxslərlə polis əməkdaşı arasında mübahisə yaranmış və onlardan biri – Qarapirimli kənd sakini Lətif Əmrahov polis əməkdaşına qəfil zərbə endirərək onu yerə yıxmışdır. Asayiş keçikçisi üzərində olan xidməti silahdan havaya xəbərdarlıq atəşi açarkən güllə L.Əmrahovun əmisi oğlu Təbriz Əmrahova dəymişdir. Bundan sonra Təbrizin qardaşı Pərviz Əmrahov silahı polis əməkdaşının əlindən alaraq küpü ilə onun baş nahiyəsindən çoxsaylı zərbələr endirərək ağır xəsarət yetirmişdir.

Xəsarət almış polis əməkdaşı və vətəndaş T.Əmrahov Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirmişlər.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanmış, polis və prokurorluq əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.

İş üzrə zəruri ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilərək maddi sübutlar götürülmüş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun məsul əməkdaşları Goranboy rayonuna ezam olunmuşlar.

Cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılmış və hazırda təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb edilməsi, eləcə də iş üzrə əhəmiyyət kəsb edən sübutların əldə edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.”

 

***

Dünən Goranboyda baş vermiş silahlı insident nəticəsində güllə yarası alan bir rayon sakini dünyasını dəyişib.

Bakupost.az-ın xəbərinə görə, həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, məlumata görə,  polis leytenantı Vüsal Kərimov xidməti silahından havaya açdığı atəş  vətəndaş Əmrahovun sol gözündən dəyib. 

***

Goranboyda baş verən silahlı insidentin təfərrüatları məlum olub. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, ötən gün saat 22:30 radələrində Goran qəsəsbəsi ərazisində xidmət aparan rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimova bir vətəndaş müraciət edərək bir qrup şəxsin yol kənarında toplaşaraq mübahisə etdiyini bildirib.

Dərhal polis əməkdaşı onlara yaxınlaşıb. Bu zaman mübahisə edənlərdən Lətif Əmrahov polis əməkdaşı ilə mübahisə edib, onu yumruqla vuraraq yerə yıxıb. Belə olan halda polis əməkdaşı ona təhkim olunmuş tabel silahı ilə havaya xəbərdarlıq atəşi açıb. Silahdan açılan güllə L.Əmrahova dəyərək onu yaralayıb. Bunu görən L.Əmrahovun qardaşı Təbriz Əmrahov polis əməkdaşının əlindən silahı alaraq onu güllələmək istəyib. Silahdan atəş açılmadığını görən T.Əmrahov tapançanın qundağı ilə polis əməkdaşının baş nahiyəsinə zərbələr endirib.

Hadisə nəticəsində Kəlbəcər rayon sakini, 1986-cı il təvəllüdlü Kərimov Vüsal Əlövsət oğlu, Goranboy rayon sakini, 1999-cu il təvəllüdlü Əmrahov Təbriz Xaliq oğlu və Goranboy rayon Boluslu kənd sakini, 1994-cü il təvəllüdlü Həsənov Səfər Nəsir oğlu xəsarət alıblar.

Məlumata görə, V.Kərimov polis leytenantı, hadisənin digər iştirakçısı Səfər Həsənov isə Goran qəsəbəsində mühafizə xidməti əməkdaşıdır.

Yaralılar Goranboy rayon xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma başlanılıb.

Hadisə yerinə dərhal Goranboy rayon Polis Şöbəsinin əməkdaşları gəlib. Hadisə iştirakçılarının hamısı saxlanılıb. Xəsarət alan polis əməkdaşı V.Kərimov və L.Əmrahov xəstəxanaya yerləşdiriliblər.

Hər iki şəxsin xəstəxanada polis nəzarəti altında müalicəsi davam edir. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  faktı təsdiqləyiblər.

***

Goranboyda iki polis əməkdaşı güllələnib.

BakuPost-un əldə etdiyi məlumata görə, hadisə rayonun girişində baş verib. Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı yaxın zamanlarda məlumat yayılacaq.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

murad 2019-07-14 00:14:14

Allah sən özün kömək ol Bir azdan Tebrizin Pervizin və Lətifin və onlarca Goranboylunun adları narkotik alverinde hallaNacaq .Yunis SEFEROVLA İŞ BİRLİKLƏRİ ORTAYA CIXACAQ .İŞİD TEŞKİLATI İLƏ ƏLBİRLİKLƏRİ TAPILACAQ ONLARCA ONLARIN ƏLİNDƏ SİLAH SURSAT ANBARLARI AŞKARLANACAQ. BİR QURUP GORANBOYLUNUN DOVLET CEVRİLİŞİNDE ƏMƏLLƏRİ SUBUTA YETİRİLƏCƏK BU KİMİ FONDA VUSAL KƏRİMOVA ORDEN VƏ MEDALLAR VERİLƏCƏK NEHAYYET BİR POLİS GENERALIMIZDA ARTACAQ. BAX ONDA ERMENİLƏR PAXILLIQDAN PARTLAYACAQ. LAP HEMİŞƏKİ KİMİ.

Azəri 2019-07-14 00:14:14

Polisin vətəndaşa atəş açmağı artıq adi hal alıb.

Hazir 2019-07-14 00:14:14

Bəs xəbər yayılıb ki iki polis güllələnib.

dadaşyev 2019-07-14 00:14:14

Başa düşmədim:polis havaya xəbərdarlıq atəşi açdığı zaman L.Əmrahov quş olub havada uçurmuş ki,güllə ona dəyib?

t.ədalət 2019-07-14 00:14:14

İnformasiya "qullabı" hazırlanıb.Guya, "polisə bir nəfər yaxınlaşıb",aralıdakı " mübahisə haqqında məlumat verib".Məgər,polis özü hadisəni görmürdümü?Türklər demiş,"yaxında kokusu çıxar".

Müfəttiş 2019-07-14 00:14:14

Goranda adam qoymazlar, hamını içəri basarlar...

2019 2019-07-14 00:14:14

İNDİ KİMƏ İNANAQ? https://oxu.az/society/320862

Elşad 2019-07-14 00:14:14

Polis düz etməyib, orada adam ölrüb. Bunu başqa cür yozub, "polis güllələndi" başlığı ilə camaata sırımaq yaxşı iş deyil.

Son yazılar