QƏRAR GÖZLƏYƏN GENERAL... - Kəmaləddin Heydərovun doğum günüdür

Bu gün Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun doğum günüdür. Nazir 58 yaşını qeyd edir.

"AzPolitika" xatırladır ki, Kəmaləddin Heydərov 15 iyul 1961-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Çeşməbasar kəndində anadan olub.

1978-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbi, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirib. Sonradan Azərbaycan Universitetində ikinci ali təhsil alıb.

Əmək fəaliyyətinə 1978-ci ildə "Xəzərdənizneftqaz" kəşfiyyatı idarəsində başlamış, texnik və geoloq vəzifələrində çalışıb. Sovet hakimiyyəti dağıldıqdan sonra həm Azərbaycanda, həm də Özbəkistanda bizneslə məşğul olduğu bildirilir. Hətta onun Özbəkistanda pambıq zavodları alması ilə bağlı məlumatlar yayılmışdı...

Mərhum prezident Heydər Əliyev hakimiyyətə gəldikdən az sonra - 1995-ci ilin yanvar ayında hökumətdə yüksək vəzifəyə - Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyinat alıb. "Wikileaks" tərəfindən yayımlanmış məxfi sənədlərdə Bakıda diplomatik fəaliyyətdə olan ABŞ diplomatı Donald Lunun Vaşinqtona göndərdiyi raportlarda K.Heydərovun adı qırmızı xəttlə keçirdi. O, prezident Heydər Əliyevin belə bir qərar verməsini Kəmaləddin Heydərovun güclü rəhbərlik keyfiyyətlərinə malik olması ilə bağlamışdı. Lu öz hesabatında eyni zamanda qeyd etmişdi ki, "Kəmaləddin Heydərov hakim partiyanın işini gücləndirərək Heydər Əliyevin etimadını qazanmış, nəticədə, prezident vacib DGK sədri vəsifəsini ona etibar etmişdi".

Qeyd edək ki, Kəmaləddin Heydərov güclü idarəçilik bacarığına malik olmasını 2006-ci ilin fevral ayında Fövqalədə Hallar naziri vəzifəsinə təyin olunduqdan sonra da göstərə bildi. Tamamilə sıfırdan qurulan nazirliyin qısa müddətdə ölkənin ən güclü və işlək strukturlarından birinə çevrilməsinin həm də Heydərovun təşkilatçılıq keyfiyyətləri ilə bağlı olduğu şübhə doğurmur.  Yəqin bu keyfiyyətinə görə, Fövqalədə Hallar Nazirliyi ilə yanaşı Heydərov uzun illər Dövlət Gömrük Komitəsinin və Vergilər Nazirliyinin də fəaliyyətinə nəzarət edə bilib...

Kəmaləddin Heydərov eyni zamanda iri biznes strukturlarına məxsus oliqarx kimi də tanınır. Ona məxsus “Gilan holdinq”in tərkibində həm ölkə daxilində, həm də xaricdə yüzlərlə müəssisə fəaliyyət göstərir. Heydərovun biznes strukturları kənd təsərrüfatından tutmuş tikinti məhsulları istehsalına, otel biznesindən başlamış balıqçılıq sənayesinə qədər, ən müxtəlif sahələrdə fəaliyyət göstərir. Ümumiyyətlə, Heydərovun biznes fəaliyyəti o qədər genişdir ki, ona ayrıca bir neçə yazı həsr etmək olar...

Azərbaycan Taekvondo və Boks federasiyalarının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti olan Kəmaləddin Heydərovun, idman sektorunda da imzası var. Qeyd olunan sahələrin inkişafı ilə yanaşı "Qəbələ" futbol klubunun yaradılması məhz Heydərovun adı ilə bağlıdır.

Heydərovlar mədəniyyət sahəsində də fəaldırlar. Kəmaləddin Heydərov bəstəkardır. Mahnılarını “Kamal” imzası ilə bəstələyir. Azərbaycanda populyar müğənnilərin ifa etdiyi bir sıra mahnıların musiqisi Kamaləddin Heydərova məxsusdur. K.Heydərovun özü televerilişlərdən birində bildirib ki, o, əvvəldən müəllifi olduğu mahnıların altında öz adının tam yazılmasını istəməyib, bəstələr “Kamal” imzası ilə tanınıb.

Kəmaləddin Heydərovun izinə media sektorunda da rast gəlmək olar. Ölkədə bir sıra agentlik və saytların, o cümlədən bu yaxınlarda müəmmalı şəkildə bağlanan və bir neçə aydan sonra yenidən fəaliyyətə başlayan "APA" da məhz Heydərovun patronajlığı altında fəaliyyət göstərir.

Eyni zamanda, cənab Heydərovun Azərbaycanın siyasi cameəsi arasında da güclü dayaqları var.

Sözsüz ki, K.Heydərov bütün bu uğurlara məhz sabiq və hazırki prezidentlərin böyük etimadı sayəsində nail ola bilib. Lakin son 2-3 ildə Kamalın heç də yaxşı günlər keçirmədiyi çox aydın şəkildə müşahidə olunub. Onun biznesində böyük problemlər yaranıb, kurasiya etdiyi sahələr ard-arda nəzarətindən çıxarılıb, komandası parçalanıb və ondan narazı salınıb, avtoritetinə güclü zərbələr endirilib...

Ancaq bu qədər zıppıltıdan sonra belə K.Heydərovun büdrədiyini əminliklə söyləmək mümkün deyil. Onu, çox güclü bir özəlliyi başqalarından həmişə fərqləndirib - ENİNDƏ-SONUNDA BÜTÜN DÜŞMƏNLƏRİNƏ VƏ RƏQİBLƏRİNƏ QALİB GƏLİB. Son 25 ildə həmişə belə olub. Sanki, sonuncu belə döyüşdən də yenə Heydərov qalib çıxmış kimidir. Amma bu qələbə "Pirr qələbəsi"ni xatırladır - ordusunu itirmiş sərkərdə təsirini bağışlayır Kamal...

İndi bu "ordusuz sərkərdə" ilə bağlı nə qərar veriləcək, demək çətindir. Amma hansısa qərar olacaq - buna ciddi əminlik var... 

İstənilən halda, Kəmaləddin müəllimi təbrik edirik.

"AzPolitika" 

Şərhlər

Adam 2019-07-15 18:28:50

Kamaləddin müəllim ad gününüz mübarək! Hamı sizin var-dövlət sahibi olduğunu deyir.Ancaq mən inanməram. Siz var-dövlər sahibi,milyarder olsaydınız ən azından var-dövlətinizin 15%-ni işqal altında olan Qarabağ torpaqlarını zor gücü ilə alardınız.Vətən övladları da hər zaman sizə rəhmət oxuyardılar.Öləndən sonra yox,elə sağ ikən heykəlinizi Azadlıq meydanında ucaldardılar.

Rasim 2019-07-15 18:28:50

.... içində bir kişi varsaki sadə camaata əl tutur oda KAMALDIR.Bunu şəxsən özümdən deyirəm Gilanda işləmişəm dəqiq bilirəm.Başqaları .... Adam bunun şirkətində işləyəndə sözün əsl mənasında özünü adam hiss edir istər maddi istər mənəvi cəhətdən. Kişinin əli həmişə sadə millət üçün açığdır.Allah balasını saxlasın..... Allah bu döyüşdə Kamalı qalib etsin

Müfəttiş 2019-07-15 18:28:50

Yaxşı qərar belə olardı ki, bu kişi Baş nazir təyin ediləydi .Bizim məmləktdə də belə təyinat absurd olardı....

Oxucu 2019-07-15 18:28:50

Təbrik edirik. Ətrafımdan eşitdiyimə görə, Kəmaləddin müəllim çörək verən kişidir!

Bəhman 2019-07-15 18:28:50

Qəbələ rayonunu dünyanın ən gözəl məkanına çevirdiniz.Sizi ürəkdən təbrik edirik.Ailəmiz adından Bəhman.

Son yazılar