“HAKİMİYYƏT CİDDİ DƏYİŞİKLİKLƏRDƏN ÇƏKİNİR...” – “KİVDF ləğv olunmalıdır”

“AzPolitika.info” Turan İnformasiya Agentliyinin direktoru, siyasi təhlilçi Mehman Əliyevlə müsahibəni təqdim edir:

- Mehman bəy, hakimiyyətin ciddi islahatlara gedəcəyinə ən çox inananlardan biri siz idiniz. Bir neçə ildir hər fürsətdə islahatlarla bağlı optimizm nümayiş etdirirsiniz, hətta bir ara buna görə sizə ironiya edənlər də var idi. Necə hesab edirsiniz, sizin xeyli vaxtdır anons etdiyiniz, gözlədiyiniz islahatlar başlayıbmı?

- Mən, sizə deyim ki, əslində hakimiyyət heç nə etmir - nəyin bahasına olursa-olsun, status-kvonu qoruyub saxlamaq istəyir. Yəni hakimiyyət ciddi dəyişikliklərə hazır deyil. Nə vətəndaş cəmiyyəti, nə azad media, nə siyasi partiya, ümumiyyətlə, cəmiyyətlə münasibətlərdə güzəştlərə getmək istəmir. Nə qədər bacarırsa, status-kvonu saxlamaq istəyir. Onun bugünkü siyasətinin məqsədi bundan ibarətdir.

- Ancaq çoxları hakimiyyətin islahata gedə biləcəyinə şübhə ilə yanaşanda siz az qala israr edirdiniz ki, ciddi dəyişikliklər olacaq...

- Mən deyirdim ki, islahatlar olacaq. Müəyyən qərarlar qəbul olunub. Ancaq bu qərarlar siyasi iradəyə bağlıdır. Siyasi iradə belədir ki, heç nə dəyişməməlidir. Odur ki, qəbul edilən qərarlar heç bir effekt vermir, bir növ imitasiya şəklinə keçib.

- İndi necə hesab edirsiniz, bu şəkildə də davam edəcək?

- Biz 2015-ci ildən böhrana daxil olmuşuq. Bu böhran getdikcə dərinləşir. Mən deyərdim ki, bu, cəmiyyət böhranıdır. Yəni sosial-iqtisadi məsələlərdir. Bütövlükdə böhran bütün sahələri əhatə edir. Biz bu illər ərzində cəmiyyətin fəallığını, hakimiyyətə qarşı neqativ münasibətini müşahidə edirik. Bunlar artan xətlə gedir. Belə siyasət çərçivəsində proses davam edəcək. Hakimiyyət bunu başa düşür. Sadəcə olaraq hakimiyyət dəyişikliyə getmək istəmir. Ona görə ki, hər bir dəyişiklik özündə risq daşıyır. Odur ki, “biz nə qədər bacarırıqsa, bu cür də idarə edək” yanaşması var. Düşünülür ki, başqa variant yoxdur. Təxminən belə bir vəziyyətdir. Sonda nə olacağını isə Allah bilir.

- Azərbaycan Avropa Birliyi ilə assosiativ saziş imzalamaq üçün danışıqlar aparır...

- Bizdə uzun müddətdir ki, bununla bağlı danışıqlar aparılır. Ermənistan kimi Rusiyadan asılı olan dövlət isə bu sazişi imzalayıb. Biz hələ gecikirik.

- Sözügedən sazişin imzalanması Azərbaycanda müəyyən islahatların aparılmasından xəbər verməyəcəkmi?

- Saziş ona görə imzalanmır ki, bu addımları atmaq istəmirlər.

- Əksəriyyət islahat deyəndə ilk növbədə kadr islahatlarından danışır, yaşlı, illərdir vəzifələrdə oturan kadrların gənc, müasir dünyagörüşlü insanlarla əvəz edilməsinin vacibliyini önə çəkirdi. Bu proses başlayıb, amma onun effekti haqda mübahisələr gedir. Sizcə, kadr islahatları, gənclərin vəzifələrə çəkilməsi effekt verirmi?

- Əgər sistem dəyişmirsə və mövcud siyasi strategiya saxlanılırsa, bu strategiya çərçivəsində hətta qərbdə super təhsil alan, istedadlı şəxsi belə sistem özünə uyğunlaşdıracaq. Yəni tanıdığınız ənənəvi məmurlardan birinə çevirəcək. Biz görürük ki, müəyyən kadrlar irəli çəkiliblər, gəncdirlər, enerjilidirlər. Amma özlərini nümayiş etdirə bilmirlər. Burada yaş rol oynamır.

- Ümumiyyətlə, yaşlı adamların vəzifələrdən uzaqlaşdırılması və gənc, qərb təhsilli kadrların irəli çəkilməsi çağırışlarına necə yanaşırsınız? Bu, nə dərəcədə lazımlıdır?

- Mənim 60 yaşım var. Mən ölkə, dövlət və millət üçün baxışlarımda nəzərdə tutduğunuz 30-40 yaşlı uşaqlardan xeyli üstünəm. Çünki mən azadam. Onlar isə mühafizəkardır.

- Bu yaxınlarda Prezident DİN və DTX-nın rəhbərlərini dəyişdi, bəzi məlumatlara görə qarşıda daha ciddi dəyişikliklərin aparılmasına hazırlıq gedir. Bu prosesi necə qiymətləndirirsiniz, bu kadr dəyişiklikləri ölkə üçün nə vəd edir?

- Əslində, bu dəyişikliklər güc strukturlarının koordinasiyası və vahid idarəetmənin gücləndirilməsinə xidmət edir. Bu da cəmiyyətdəki indiki sabitliyi və status-kvonu qorumağa hesablanıb. Yəni, dəyişikliklərə qalxan cəmiyyət və ya qrupların qarşısını almaq. Odur ki, burada müsbət dəyişikliklər məsələsi yoxdur.

- Çoxları hesab edirlər ki, bu dəyişikliklər gözlənilən idi və peşəkarlar irəli çəkilib...

- Bir daha qeyd edirəm ki, siyasi baxışlar, mövqe və strategiya dəyişməsə, heç nə dəyişməyəcək. Biz indiyə qədər kifayət qədər kadr dəyişiklikləri görmüşük, ancaq bu islahat deyil. İslahat ilk növbədə baxışlarda olmalıdır. Qərarı verənlərin özləri baxışlarını dəyişməlidir. Yəni istəməlidirlər ki, söz azadlığı olsun, siyasi rəqabət olsun, qanunun aliliyi təmin olunsun. Yəni real istək və bunu həyata keçirmək arzusu olmalıdır. İslahat, ilk növbədə daxildə olmalıdır. Əslində elə islahat daxildən başlayır. Hələlik bu yoxdur.

- Aşağılar islahata hazırdırmı və islahat istəyirmi?

- Aşağılar islahat istəyir və başa düşür ki, mövcud durumda inkişaf mümkün deyil. Ona görə bizdə cəmiyyət son 3 ildə sosial şəbəkələrdə xeyli fəallaşıb. Hətta biz küçələrdə aksiyalara baxsaq, görərik ki, əsas iştirakçılar siyasi xadimlər deyil, hansısa sahədə çalışan insanlardır. Yəni müəllimlərdir, kəndçilərdir, qaçqınlardır və s. Gəlirlər, tələblər edirlər.

- Amma bu aksiyalar daha çox sosial sahələrlə, bəzən kiçik miqyaslı məmurun özfəaliyyəti nəticəsində yaranan problemlə əlaqəli olur. Yəni siyasətlə bağlılığı olmur...

- Aydındır ki, sosial məsələlərdir. Bizdə sosial məsələlər həmişə problem olub. Azərbaycan müstəqillik əldə etdikdən sonra sosial sahələrdə problem həll edilməyib. Lakin son fəallıq birbaşa insanların siyasi savadlarının, informasiya biliklərinin artması, özlərinin təcrübəsinin, dünyaya baxışlarının artması ilə şərtlənir. Yəni insanlar düşünürlər ki, mübarizə aparmaq lazımdır. Artıq bu siyasi aspektdir. İnsanlar başa düşür ki, mübarizə aparmaq lazımdır.

- Bəzi siyasi şərhçilər belə hesab edirlər ki, hakimiyyət hansısa ciddi hadisəyə hazırlıq içindədir, yay ayları olmasına baxmayaraq, bir sıra ciddi addımların atılması – maaşların artırılması, güc strukturlarının rəhbərliyindəki dəyişikliklər və sairə, bu hadisəyə hazırlıq məqsədi daşıyır. Sizcə, nə baş verə bilər: növbədənkənar seçkilər, Qarabağda müharibə, yoxsa nə?

- Hakimiyyətdaxili problemlər, çəkişmələr var. Hansısa kadrların dəyişdirilməsi və yerlərinə başqalarının gətirilməsi hakimiyyətdaxili qrupların mübarizəsidir. Bir qrup daha çox güclənmək istəyir və ona görə kadrlarını yerləşdirir. Burada əsas məsələ budur. Mən başqa variantları əsassız hesab edirəm. Bilirsinizmi, hakimiyyətdaxili qruplar göz qabağındadır. Bu qruplar 1993-cü ildən sonra meydana gəliblər. Naxçıvan, Ermənistan, Qarabağlılar qruplaşması və digər qruplar var. Hər zaman onlar arasında mübarizə gedib və indi də davam edir. Hesab edirəm ki, ona görə də heç nə dəyişmir.

- Sizcə, son proseslərdən hansı qrup daha çox uduşla çıxdı?

- Mən deməzdim ki, hansısa qabağa düşüb, hələ savaş gedir. Hansısa bir qrupun dominantlığı yoxdur. Sözsüz ki, kimlərsə zəifləyib. Məsələn, Əli İnsanovun həbsi ilə ermənistanlı qrupu bir qədər zəifləmişdi. Müvəqqəti kimsə nəyəsə nail ola bilir, amma hakimiyyətdaxili mübarizə davam edir. Məncə, bu ölkənin əsas problemidir.

- Mehman bəy, iyul ayında – mətbuat ayındayıq. İstərdim bir qədər də medianın durumundan danışaq. Fəaliyyətini hər zaman tənqid etdiyiniz KİVDF qəzetlərin maliyyələşməsi prinsiplərini dəyişdi, bir sıra qəzetlərin maliyyəsini ikiqat artırdı. Bir neçə ay keçib, sizcə bu qərarlar mediada nə kimi yeniliklərə, inkişafa yol açıb?

- Bu sahədə durum kifayət qədər ağırdır. KİVDF-nin bir sıra qəzetləri artıq maliyyələşdirməməsi onu göstərir ki, durum kritikdir və bu qurumun apardığı siyasət iflasa uğrayıb. KİV DF bu gün bir struktur kimi mənasız bir quruma çevrilib. Bu struktur əsasnamə və məramnamə çərçivəsində fəaliyyət göstərə bilmir, qarşıya qoyulan məqsəd və vəzifələri həyata keçirə bilmir. Bu qurum əslində buraxılmalıdır.

- Nələrə, hansı faktlara əsaslanaraq belə hesab edirsiniz?

- Statistika Komitəsinin məlumatına görə, çap mediasının reklam bazarının həcmi bir neçə min manat olub. Qəzetlər demək olar ki, satılmır, ancaq abunə əsasında satılır. Bu qəzetləri də heç kəs oxumur. Belə bir vəziyyət yaranıb. Əslində bu prosesi sadəcə dayandırmaq lazımdır. KİVDF bu prosesi sağlamlaşdırmaq iqtidarında deyil. 10 il ərzində bunu edə bilməyiblər. Çünki KİVDF yaranan gündən qəzetlərin vəziyyəti pisləşib. Bu halda həmin qurum nəyə lazımdır? Mən real faktları deyirəm. KİVDF-nin maliyyələşdirdiyi qəzetlərin də satışı yoxdur. Özünüz köşklərə yaxınlaşıb soruşa bilərsiniz. Mən sizə dəqiq deyirəm, hər köşk günə 2-3 qəzet satdığını deyəcək.

- Siz nə təklif edirsiniz?

- Yuxarıda qeyd etdim ki, siyasi iradə dəyişməlidir. Bizim hakimiyyət istəməlidir ki, müstəqil, özünü təmin edən, rəqabət mühitində fəaliyyət göstərən, qanunlara riayət edən, etik normaları pozmayan uğurlu media olsun. Birincisi, bu olmalıdır. İndi hələlik sifariş başqadır.

- Yəni durum bu qədər acınacaqlıdır?

- Mən Statistika Komitəsinin rəqəmlərinə əsaslanıram. Daha keyfiyyət məsələsini demirəm. Məsələn, açıq şəkildə fəaliyyət göstərən saytlar var. Yəni bu saytların xəbərlərini hər bir insan açıq formada girib oxuya bilir. Belə saytlara dövlət təşkilatları aylıq abunə olurlar. Açıq informasiya saytına necə abunə olmaq olar? Siz bunu mənə başa sala bilərsinizmi? Bu artıq ələ almaq, rüşvətdir. Hələ demirəm ki, kimlər tapşırıq verir və bunun əsasında saytlara pullar verilir. Bunu yoxlamaq lazımdır ki, dövlət təşkilatları açıq fəaliyyət göstərən saytlara niyə abunə olurlar. Və bəzən abunənin həcmi 3-4 min manata gedib çıxır. Bu dəhşətli vəziyyətdir.

- Bəs, Sizcə mediada peşəkarlıq hansı səviyyədədir?

- Əslində peşəkarlıq yalnız rəqabətdə ola bilər. Çünki insanlar peşəkar yazılara baxmaq istəyir. Biz yeni təkamül nəzəriyyəsi yaratmırıq. Qabaqda gedən ölkələr var və orada media güclü istiqamətlərdən biridir. Onların tarixi göstərir ki, inkişaf birbaşa rəqabətə bağlıdır. SSRİ niyə dağıldı? Çünki rəqabət yox, plan var idi. Rəqabət olan yerdə inkişaf olar. Bizim mediada azad rəqabət olsa, keyfiyyət, inkişaf, pul və peşəkarlıq da olacaq.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Etibar 2019-07-16 19:35:05

Şəhrçi Mıxa müraciət edərək bildirirəm ki, Azərbaycanda avtoritar rejimi saxlamaq üçün hakimiyyət müxtəlif üsullarla imitasiya xarakterli dəyişikliklər edir və hakimiyyətini bu üsulla nəyin bahasına olursa olsun saxlamaq, quruluşunu qorumağa çalışır. Odur ki,bu hakimiyyət dəyişməsə,xalqımız aclıq və səfalət içində boğulacaq.Yaxşı atalar sözü var "suda boğulan şəxs saman çöpündən də yağışır". Hakimiyyətin durumu belədir.

Paşayev Gunddüz 2019-07-16 19:35:05

ardı:elanlar.Bizim jurnalistlər niyə görə aktul məqalələr hazırlamır Niyə tariximizdən sil-silə yazı vermir bu sahə üzrə çalışan alimlərimizin əldə etdiyi naliyyətlərdən yazmırlar niyə Qarabağ Aprel döyüşlerində həlak olmuş döyüşçülərin həyatlarında ki epizodlardan yazmırlar.Korupsiya ilə əlaqədar məqalələr getmir.Müstəqil yurnalist araşdırmaları aparılmır Heç olmasa fecbukdan baxsınlar milləti nə maraqlandırır.Niyə görə qəzetlər hədiyyəli tiraylar kecirmir.Uşaq yurnalarına niyə güzəştli satılmır və i.

Paşayev Günduz 2019-07-16 19:35:05

Bu yaziya ehtinasız qala bilmədiyim üçün bu şərhi yazıram.10 ilə yaxındır ki Nərimanov Binəqədi ray.qəzet abunəsi satışını tənzimləyirəm Son 2 ildə bu statistika 50% aşağı enib Səbəb qəzetlərin catdirılmasında operativliyin olmaması 2 aktualığın olmamasıdır.qəzetlər abanentlərə saat 12-dən tez catdırılmır səbəbini PDM soruşun Aktualığa gelende qəzetlerdə dərc olunan məqalələr günün tələbinə cavab verməməsidir.1,2 səhvədə məlum xəbərlər gedir ki bunu axşamdan hamı bilir 3,4 səhvədə deputat tərifi və

nadir- qazetci 2019-07-16 19:35:05

Kivdf yazi musabiqelerinde cox haqsizliq edir- plagiat- seviyyesiz yazilari vuqar seferli birinci edir- bas redaktorlarin xahisi ile. hetta kivdf-in musabiqe yazilarinda korrektorlar- redaktorlarin soferleri- katibeleri saxta arayisla yazi yazib "yer tutur"lar. Bu esl saxtakarliqdir. Eger vuqar muellim inanmirsa yoxlada biler.

miri 2019-07-16 19:35:05

Mehman bəyin burda vurğuladığı "kadr islahatı" imitasiyası və KİV haqqında fikirləri tam əsaslıdır. Bu hakimiyyətdən həqiqi islahat etməsini gözləmək isə real deyil. Çünki hakimiyyət irarxiyasinin formalaşma və duruş gətirmək məntiqi buna imkan vermir. İstənilən gərgin qarşıdurma isə hakimiyyətdə olanlara daha sərf edəcək: bu vəziyyətdən istifadə edib beynəlxalq aləmə sabitlik qaranti kimi gorunmək , daxili aləmdə qorxu hovu yaradaraq ömrünü uzadacaq. Ona görə də bütün ziyalılar "əlini daş alta" qoymalı, milləti xilas etməlidir. Allah yar olsun. İnşəallah.

talış 2019-07-16 19:35:05

Mehman bəy düz deyirsiz.Belə olmaaydı Amaşov qağa gedib primorskidə hündürmərtəbəli yaaşyış binalarının tikintisinə qoşulmazdı.

Mux 2019-07-16 19:35:05

Hörmətli AzPolitika mən hər zaman Sizə minnətdaram ki,həyatın hər üzünü nəyin bəhasına olursa olsun saytınızda əks etdirirsiz. Hörmətli Mehman bəy sizin fikirlərinizin reallaşması qeyri mümkündür.Ona görə ki,Vətənimizdə elə qüvvələr var ki,daima "çaxnaşma" yaratmaq əzmindədirlər.Bu çaxnaşma olmasa inanın ki,dünya dövlətləri arasında ən öndə gedən "SÜLH SEVƏR" dövlət Azərbaycan olar.Cənab Prezidentin uzagörənliyinə mane olan "qara güvvələr" çoxdur.

t.ədalət 2019-07-16 19:35:05

KİVDF mətbuat işçiləri arasında intiriqa və aravurma işi ilə məşğul olur.Bu qurumu yaradanlar Vətənin müdafiəsindən yayınan fərarilərdir.Ümumiyyətlə,KİV-in rəhbərliyində bulunanların hamısı,onların övladları da fərarilərdir.Bu qurum dağılmalıdır.Təsadüfi deyil ki,bu qurumun sayəsində "əməkdar jurnalist" adı alanlar ordu sıralarında cəbhəyə getməkdən yayınanlardır..

Son yazılar