MEHMAN ƏLİYEVƏ XATIRLATMA

Yaxud çap mediasını və onun informasiya cəmiyyətində oynadığı strateji rolu ticarətçi təfəkkürü ilə reklam pulları üzərindən qiymətləndirmək “ictimai tüccarlıq”dır

Hikmət Babaoğlu,

Əməkdar jurnalist

Mən həmişə millətimin gələcəyi barədə düşünəndə ilk növbədə ərazi bütövlüyümüzün bərpa edilməsini, ikinci növbədə isə ölkəmizdə savadlı və ədalətli cəmiyyətin qurulmasını arzu etmişəm. Birinci məsələ ilə bağlı ümidim həmişə olub. “Aprel döyüşləri”ndən sonra isə ümidim və inamım daha da qətiləşib. Əminəm ki, beynəlxalq şərtlər və tarixi məqam uyğun olan kimi Ali Baş Komandanımızın əmrilə qüdrətli Azərbaycan Ordusu bircə həmlə ilə torpaqlarımızı işğaldan azad edəcək. Çünki bu ordu Mübariz İbrahimovların, Fərid Əhmədovların, Ramil Səfərovların və adını belə bilmədiyimiz yüzlərlə qəhrəman övladlarımızın ordusudur!

Azərbaycan cəmiyyəti kifayət qədər intellektual, öz hüquqlarını qorumağı bacaran, ətraf mühitdə nəyin və nə üçün baş verdiyini dərk edən və ona adekvat münasibət bildirməyi bacaran cəmiyyətdir

Savadlı və ədalətli cəmiyyət qura biləcəyimizə də həmişə inanmışam. Bu gün Azərbaycan cəmiyyəti kifayət qədər intellektual, öz hüquqlarını qorumağı bacaran, ətraf mühitdə nəyin və nə üçün baş verdiyini dərk edən və ona adekvat münasibət bildirməyi bacaran cəmiyyətdir. Əgər belə olmasaydı aid olduğumuz sosial-mədəni və dini-ideoloji məkanda qanlı toqquşmalar və dövlətçiliyin itirilməsi ilə müşahidə olunan qorxunc hadisələri qlobal imperializm və islamafob mərkəzlər Azərbaycana da ixrac edə bilərdilər. Bunu dərk etməyi və idarə olunan xaos sindromuna qarşı sosial immunitet formalaşdırmağı bacaran bir cəmiyyət haqqında nə qədər övgü ilə bəhs etsən azdır. Bax bu cəmiyyət bizim qurduğumuz cəmiyyətdir və onunla fəxr etməyə dəyər. Ancaq təəssüf ki, belə yetkin və savadlı cəmiyyəti xor görən bəzi insanlar da var. Üstəlik həmin insanlar özlərini ictimai fəal fərd, yaxud daha savadlı hesab edərək, hətta cəmiyyətə də yuxarıdan aşağı baxırlar.

Böhran cəmiyyətdə deyil, cəmiyyəti böhranlı hesab edən subyektin idrakında və məntiqindədir

Doğrusu, bəlkə də mən bu yazını yazmayacaqdım. Ancaq Mehman Əliyevin “azpolitika.info” saytına verdiyi müsahibədəki bəzi əsassız fikirlər məni buna vadar etdi. Mehman Əliyev Azərbaycanda cəmiyyət böhranı olduğunu iddia edir və görülən bütün işləri, həyata keçirilən siyasəti, aparılan kompleks islahatları görməzlikdən gəlir. İnkarçılıq mövqeyi tutduğu üçün heç bir hadisəni obyektiv qiymətləndirə bilmir. Belə olanda isə aydın olur ki, böhran cəmiyyətdə deyil, cəmiyyəti böhranlı hesab edən subyektin idrakında və məntiqindədir. Ancaq ölkəmizdə həyata keçirilən kompleks islahatları, xalqımızın rifahı üçün atılan addımları, qəbul edilən strateji qərarları kimin görüb-görməməsindən asılı olmayaraq Azərbaycanda bu işlər görülür, cəmiyyətimizin inkişafına səbəb olur və bu işlər sona qədər də davam etdiriləcək.

O başqa məsələdir ki, Mehman Əliyev görülən işləri inkar etmək üçün məntiqi baxımdan qüsurlu, obyektivlikdən uzaq, ifadə baxımından qeyri-səlis cümlələr qurmaqla, əsilndə fikirlərini də dəqiq izah edə bilmir.

Mehman Əliyev heç bir sahədə diqqətəlayiq və inandırıcı bir fikir irəli sürə bilmir

Məsələn “hakimiyyətin cəmiyyətə münasibətdə güzəştə getməməsi”, yaxud “status-kvonu” saxlamaq istəməsi kimi fikirlər o qədər dumanlı və məntiqsizdir ki, bu cür fikirlərin daşıyıcısı olan bir şəxsin özünü ictimai rəy liderliyinə iddialı görməsi sadəcə təəccüb və təəssüf doğurur. Orta səviyyəli sosioloq, yaxud az-çox ictimai elmlərdən xəbərdar olan adam dərhal başa düşür ki, cəmiyyətdə baş verənləri izah etmək üçün istifadə olunan terminlər də, edilən “təsbit” də yanlışdır. Ancaq buna baxmayaraq Mehman Əliyev daha kobud səhvlərlə dərhal beynəlxalq münasibətləri şərh etməyə başlayır və bəlli olur ki, o elə ictimai elmlərlə siyasi elmləri eyni səviyyədə mənimsəyib, heç bir sahədə diqqətəlayiq və inandırıcı bir fikir irəli sürə bilmir. Avropa Birliyi ilə münasibətlərdən tutmuş kadr məsələlərinə qədər, cəmiyyətin struktur tərkibindən tutmuş instutisional formasına qədər bütün məsələlərdən danışır, əsasız olaraq tənqidlər səsləndirir. Və bəlli olur ki, bunların heç biri haqqında Mehman müəllimin təsəvvürləri tam deyil.

Azərbaycanda azad cəmiyyətin olmadığını iddia edən Mehman Əliyev bir az əvvəlki fikirlərini unudaraq, hətta müsahibənin bir yerində “Mənim 60 yaşım var. Mən ölkə, dövlət və millət üçün baxışlarımda nəzərdə tutduğunuz 30-40 yaşlı uşaqlardan xeyli üstünəm. Çünki mən azadam. Onlar isə mühafizəkardır” deyir. Bununla da özünü təkzib edir və əslində ölkəmizdə azad cəmiyyətin olduğunu etiraf edir. Əks təqdirdə azad olmayan cəmiyyətdə azad insanın olması, yaxud kiminsə özünü azad, digərlərini isə mühafizəkar adlandıra bilməsi mümkün olmazdı. Mehman Əliyev səsləndirdiyi fikirlərdə o qədər qeyri-obyektivliyə yuvarlanır ki, dünyada informasiya savaşı getdiyi, informasiyanın yumşaq güc kimi ciddi strateji silah hesab edildiyi bir vaxtda Azərbaycanda KİVDF-nin ləğv edilməli olduğunu iddia edir. Bunu əsaslandırarkən də gətirə bildiyi yeganə arqument çap mətbuatında reklam dövriyyəsinin aşağı olması olur. Onu da güya Statistika Komitəsinin rəqəmlərinə istinad edərək bildirir. Ancaq heç bir konkret rəqəm göstərə bilmir. Çap mediasını və onun informasiya cəmiyyətində oynadığı strateji rolu ticarətçi təfəkkürü ilə reklam pulları üzərindən qiymətləndirmək “ictimai tüccarlıq”dır.

Bir sözlə, uzun müddət Azərbaycanın media məkanında fəaliyyət göstərən Mehman Əliyevin mətbuata bu cür yanaşması ya qərəzli mövqeyindən, ya da məntiqi düşünmə qabiliyyətinin zəifləməsindən irəli gəlir. Heç biri yaxşı hal deyil!

635x100

Şərhlər

Azəri 2019-07-17 11:35:37

Azad yazar azaddır. Saray şairi saraydan yazmalı oxumalıdır

AAgahuseyn 2019-07-17 11:35:37

Mehman Müəllim hakqında belə demək azından ədalətsizlikdir.

Cina 2019-07-17 11:35:37

------------

Tahir 2019-07-17 11:35:37

Düzə əyri,ağa qara demək, ya əksinə bir az çətin işdir. Bunu demək üçün gərək.............

Sus 2019-07-17 11:35:37

Bu yazının ilk cümləsini oxudum Sonra oxumadım,çünki qalanı məlum idi.Ay Hikmət sən nə gündəsənmiş.Hələ də düşdüyümüz bu günkü ağır durumu sən ki,dərk etmirsən,deməli sən ...Yalan-böhtan eşitməkdən bezmişik.Çox qarabağ deyirsən,onu veriblər ki,alalar.Bu da azimiş,bütün maddi və mənəvi dəyərlərimizi tarimar ediblər,sən isə hələ də Məlikməmməd nağılı danışırsan.Belə getsə bizim 50 ilə mövcüdluğumuz sual altındadır.Bu azpolitika bu yazını verməyəcək,amma neyləyək ürəyimizi boşaldaq.

Son yazılar