XƏYANƏTİN QURBANI HÜSEYN CAVİD – Tarix heç kimi unutmur!

Cavid əfəndinin islah əmək düşərgəsinə məhkum edilməsinin 80 illiyidir

Aslan KƏNAN

“Ulu Tanrım, məni dostlarımdan qoru, düşmənlərimlə özüm bacararam”.

Bu ifadələri düşündükcə qəlbimdə insanlara qarşı bir anlıq biganəlik, inamsızlıq, ən nəhayət, qorxu hissi baş qaldırır. Bu qorxu məni ölüm Mələyin (Əzrayıl) yaşadığımız fani dünyanın ağuşundan nə zamansa qoparıb, əbədi məkana – Allahtaalanın dərgahına aparacağından yox, inanıb-isnişdiyim, özümə sirdaş bildiyim, Ulu Tanrının göndərdiyi müqəddəs nemətləri birlikdə böldüyüm şəxsləri qəlbimdən bir dəfəlik siləcəyim qorxusudur.

Ona görə də qorxu məndə ölüm Mələyi ilə haçansa qarşılaşacağım an yox, insanların üzüdönüklüyündən, haqsızlığından, namərdliyindən, onu doğuran səbəblərdən yaranır. Bir də qorxunu mən zülmət gecələrin birində qəflətən hər hansı bədheybətlə üzləşdiyim dəqiqələrdə deyil, həyatda özünü mələk göstərənin son anda iblis qiyafəsində peyda olduğunu gördükdə bu hissi keçirirəm.

Ən nəhayət, qəflətən atılan şər, edilən haqsızlıq nəti cəsində insanda qorxu hissi, soyuq üşütmə yaradır.

Qorxunu doğuran səbəblərdən söhbət açmaq və polemika yaratmaq olar. Lakin ən ümdəsi dahi Azərbaycan şairi Hüseyn Cavidin təbirincə desək, “yox qorxuya ehtiyac”. Qorxuya ehtiyac olmasa da, lakin bizi düşündürən “insan” dediyimiz məfhumların “Şəxsiyyətə” qarşı etdiyi haqsızlığdan çox, onun paxıllığa, riyakarlığa, xəbisliyə verdiyi rəvacdır.

Həmin “insan” dediyimiz məfhum çox za¬man öz düşüncəsi ilə hərəkət edə bilmir, o, yalnız kənar şəxslərin təsiri nəticəsində “fəaliyyət” göstərir. Həmin məfhumlar kənardan idarə olunduqca kiçilir, cılızlaşır, davranışlarını itirir və nəticədə manqurtlaşırlar. Belə manqurtlar başqalarının qanına həris, “canlar yaxar, evlər yıxar insan” (H.Cavid) olaraq iblis xəyanəti yaşadırlar. İblis xəyanətkarlığından xəbər verən müqəddəs kitabımız olan ”Qurani-Kərim”in “Əl-Hicr” surəsində deyildiyi kimi: “Ey Rəbbim! Məni azdırmağına (rəhmətindən kənar etməyinə) And içirəm ki, mən də insanlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib, onların hamısını yoldan çıxaracağam” - bu sözləri xatırlamaqla Ulu Tanrı insanları ayıqlığa, bu xəyanətdən uzaq olmağa çağırır. Bu müqəddəs Kitabın nazil olmasından 14 əsr sonra dahi şair H.Cavid İblisi bütün xəyanətlərin günahkarı olduğunu deməkdən əlavə, hər bir şəxsə xəyanət edən insanı da İblisdən ayırmır, onları İblis xəyanəti ilə eyniləşdirirdi:

İblis nədir?

- Cümlə xəyanətlərə bais…

Ya hər kəsə xain olan insan nədir?

- İblis!...

Düzü, biz bu yazıda “İblis” faciəsindən, onun müəl¬lifinin əsərləri haqqında fikir yürütməkdən çox uzağıq. Bizim məqsədimiz yalnız dahi şairin uzun illərin yorğunu olmuş həyat səhifələrini vərəqləmək, fəaliyyətinə kölgə salmış, onu nəyin bahasına olur-olsun uçuruma yuvarlamağa çalışan (haradasa bu istəklərinə nail olan), manqurtlaşmış “qələm dostları”nın hücumlarının müəyyən məqamlarını xatırlamaqla, həqiqəti gələcək nəsilə göstərməkdir.

Məhəmməd Peyğəmbər (s.ə.s.) kəlamlarının birində buyurur: “Həqiqət insanlar üçün nə qədər acı və xoşagəlməz olsa da, onu deyin”.

Hələ məktəb illərində 37-ci ilin qanlı hadisələri, onun günahsız qurbanları haqqında müəllimlərimdən ara-sıra eşitdiyim qırıq-qırıq, üstüörtülü söhbətlər, vurulan ehyamlar, daha doğrusu atmacalar hamı kimi mənim də maraq dairəmdən kənara çıxmır, eşitdiklərimi içimdə “əritməyə” çalışır, həmin ədəbiyyat xadimləri barədə yeni-yeni sözlər eşitməyə can atırdım. Lakin o dövrdə olan şəxsiyyətə pərəstiş xofu hər bir qəlbə hakim kəsildiyi üçün müəllimlərimiz bu mövzuda bizimlə açıq söhbətdən yayınmağa çalışırdılar.

Bu cür söhbətlər çox zaman “məhkəməsi” yalnız 20 dəqiqə olmuş, “adamın üzündə həya” axtaran şair Mikayıl Müşfiqdən, bir də “…ədəbiyyatımıza panislamizm, pantürkizm gətirmiş”dir (S.Vurğun) deyən, saçının ağarmasını istəməyən şair tərəfindən günahlandırılan Hüseyn Cavid haqqında ürəkağrısı ilə danışılırdı. Sonralar bu şəxsiyyətlər haqqında söylənilənlər məktəb divarlarından “keçib” universitet auditoriyalarında, müxtəlif ədəbi məclislərdə söhbət mənbəyi olur, həyatlarının ağır səhifələri vərəqlənir, bəzən onları “güdaza” verənlərin adları düzgün oldu-olmadı çözələnir və hallandırılırdı. Həmin haqsız ittihamlar nəticəsində onlar həm məndə, həm də geniş ictimaiyyətdə yanlış fikirlər formalaşdırmağa müvəffəq olurdular. Lakin müəyyən müddətdən sonra, həqiqət mənə tam aydın olanda, ara sözlərə inandığım və günahsızları günahlandırdığım üçün vicdan əzabı çəkməkdən əlavə Allahtaala xofu bədənimdə gizildəməyə başladı. Böyük günah işlətdiyimi dərk edib, haqsız insanların ünvanına bilmədən dediyim ittihamlara görə Ulu Tanrıdan əfv olunmağımı dilədim. Çünki “böhtandan çəkinmək” Ulu Tanrının elçiləri vasitəsilə insanlara etdiyi kəlamlardan ən ümdəsidir.

“(Ey insan) Bilmədiyin bir şeyin ardınca getmə, (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə) çünki qulaq, göz, ürək-bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır”.

Mən isə bilərəkdən və ya bilməyərəkdən bu günahın sahibi olmuşdum. Lakin bir anda özümdə təsəlli tapıram ki, həyatı, kainatı, varlığı bilərəkdən dərk etməyənləri və yaxud bilmərəkdən bir günah işlədən insanları aləmin Rəbbi olan Allahtaala bağışlayandır. Axı unutmaq olmaz ki, Ulu Tanrı səbrlidir, rəhmlidir və bağışlayandır. O, nəinki həyatı dərk etməyənləri, hətta bilərəkdən xəta etmiş və yaxud günah işlətmiş insanları (əgər həmin şəxslər Allahtəaladan sidq ilə əfv edilməsini istəyərsə) belə bağışlayandır.

Bu baxımdan gələcək günahlardan uzaq olmaq, keç-mişin qaranlıq səhifələrinə işıq salmaq, onları arayıb-axtarmaq və həqiqətləri üzə çıxartmaq üçün biz sənədlərə müraciət etmək məcburiyyətində qalırıq.

Keçən əsrin 60-70-ci illərində 1937-ci ilin yaratdığı və mənim müəyyən təsəvvürüm olan şəxslərin ünvanına deyilən böhtanların müəlliflərinin kimlərdən ibarət olduğunu və onlar tərəfindən düşünülüb hazırlanmış bir qrup “ziyalıların” həyata keçirdikləri “oyun” öz “bəhrəsini verirdi”.

Bununla da həqiqətin boğulduğu bir dövrdə haqsızlar və onların tərəfdarları geniş ictimaiyyət arasında fikir ayrı¬lığı yaratmağa müvəffəq olurdular. Bu cür “əməliyyatlar” xüsusi sifarişlə həyata keçirilirdi.

Arxiv sənədlərindən aydın olur ki, özünün təbirincə desək, “xoşbəxt ölkənin şən uşaqlarının yazıçısı” M.Seyidzadə Azərbaycan Sovet Yazıçılar İttifaqının idarə heyətinə 28 iyul 1937-ci ildə yazdığı izahatında yuxarıda adını çəkdiyimiz şairlər haqqında təhqiramiz ifadələr işlətməkdən belə çəkinməmişdir.

Vaxtilə “qoca yazıçı kimi hörmət” etdiyi, evində çörək kəsdiyi, uzun müddət Şüvəlanda bağ qonşusu olduğu H.Cavidin ünvanına qələmə gəlməyən təhqirlər demiş bu üzdəniraq “şair”ə nədə haqq qazandırmaq olar?

Bu “izahat”ı oxuyanda gözəlləri “vəsf edən” qəzəlləri, pak qəlbli uşaqlar üçün yazdığı şeirlərində sünilik bir daha aydın görünür. Sən demə yazdığı bu əsərlərin arxasında yalnız sünilik dururmuş. Sən demə bu şeirlərdə şairin ürək çırpıntısından çox, uşaqlara və gənclərə yaltaqlıq, qorxaqlıq aşılanırmış. Belə üzdəniraq şairdən uşaqlar və gənclər nə tərbiyə götürməlidir?! Onun hansı paklıqdan, düzlükdən, vətənpərvərlikdən, dostluqdan, böyüyə hörmətdən danış-mağa haqqı var?! H.Cavidin ünvanına dediyi ziyalıya yaraşmayan küçə söyüşlərini oxuduqca belələrinə yazığım gəlməyə bilmir. Yalnız belələri hər dövrün “adamı” olmaq bacarığına malikdirlər.

Maraqlıdlr ki, onun dediyi bu sərt ifadələrdən 36 il sonra, yəni 1973-cü ildə yazdığı xatirənin səmimiliyinə inanmaq nə qədər inandırıcıdır: “Cavidi böyük sənətkar, səmimi dost, incə zövqlü bir şair kimi həmişə hörmət və məhəbbətlə xatırlayıram”.

Görən boğazdan yuxarı deyilən bu gəlişi gözəl sözlər hansı yaraya məlhəm ola bilər? Bir zaman “Lider” televiziyası ilə çıxış edən Xalq yazıçısı Anar təxminən belə bir ifadə işlətdi ki, guya 1937-ci ilə qədər heç kim bir-birinin əksinə sərt çıxışlar etməyib.

Şəxsiyyətinə, qələminə, yüksək intellektuallığına hörmət etdiyim yazıçı Anar müəllimə rəhbərlik etdiyi Azərbaycan Yazıçılar Birliyinin 30-cu illərin çıxışlarının stenoqramını xatırlatmaq istərdim. Məhz həmin çıxışlar məgər 37-ci illərin abı-havasından xəbər vermirdimi? Məgər o zaman gənc şairlərimizdən birinin haqqında 1931-ci il “İnqilab və mədəniyyət” jurnalında “Bolşevik yazı” adlı sərt məqalə yazılmadımı? Axı həmin müəllif poeziyada ilk qədəmlərini atırdı. Sual olunur: nə idi gənc şairə olan belə sərt hücum? Sonradan tarix göstərdi ki, həmin “Bolşevik yazı” dövrünün ən gözəl şeirləri cərgəsində duracaq əsər oldu. Görən bu qısqanclıq nədən irəli gəlirdi.

Həmin iclaslardan başlayaraq adını çəkdiyimiz və çəkmədiyimiz ədəbiyyat xadimlərinə qarşı haqsız hücumlar “cücərməyə” başladı. Xüsusilə də H.Cavid haqqında haqsız yerə tənqid, bəzən də təhqir edərək, nəyin bahasına olur-olsun, onu aradan götürməyə can atırdılar. Çünki o dövrdə H.Cavid qədər sevilən, pərəstiş edilən, əsərləri səhnələrdə “hökmranlıq” edən ikinci şair təsəvvür etmək çətin idi. Sözsüz ki, belə şöhrət sahibi olan bir insan “Rəhbərə salam”ın müəllifinə və onun ətrafındakılara xoş gələ bilməzdi. Məhz bunun nəticəsi idi ki, həmin şəxslər qruplaşaraq H.Cavidə qarşı hücuma keçib, onu “həyatımızı, quruluşumuzu, böyük şairlərimizi” (S.Vurğun) görməməkdə günahlandırırdılar. Həmin çıxışlarda “Cavidin əsərləri haqqında hələ tənqid yoxdur” ifadəsinin arxasında nələrin dayandığı, hansı hökmün veriləcəyi sonradan məlum olacaqdır.

Əgər o, 1936-cı ildə H.Cavidə bir “yoldaş” kimi yanaşmağı, yaxşı münasibətdə olmağı məqsədəuyğun sayaraq, ondan istifadə etməyin zəruriliyindən çıxış edirdisə, lakin bir il sonra, yəni 1937-ci ildə “Səadət düşməninə” şeiri ilə dahi şairi açıq təhqir etməkdən çəkinməmiş və ölümünə fitva verənlərdən bəlkə də birincisi olmuşdur.

Şeirlərinə “özündən qabaq” öləcək hökmünü verənlər düşünmürdülər ki, illər keçəcək, H.Cavidin əsələri yenə də səhnələrimizdə “hökmranlıq” edəcəkdir. Həmən hökm verənlərə məlum deyildi ki, dünya siyasətçiləri arasında ömrünün axırınacan liderliyini əldən verməyən, Ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Sibirin buzlu çöllərində uyuyan dahi şairin nəşini vətənə gətirilib, doğma torpağa tapşırılacaq və adını əbədiləşdirməkdən ötrü şəhərin mərkəzində onun nəhəng heykəli ucaldılacaqdır...

1937-ci ilin yay günlərinin birində H.Cavid “Gənc Tamaşaçılar” teatrına təqdim etdiyi “Ana” pyesinə necə quruluş verilməsini öyrənmək üçün teatrın baş rejissoru Məhərrəm Haşımovla gecədən keçənə qədər söhbət et-miş¬di. Söhbət şirin keçdiyindən şair vaxtdan xəbər tutmamışdı. Teatrın gözətçisi gəlməsəydi, söhbət hələ uzun çəkəcəkdi. Cavid əfəndi uşaqların nigaran qalacağından ehtiyat edib, M.Haşımovla vidalaşaraq, sabah görüşmək ümidi ilə evə tərəf yollanır.

O, sakitcə qapıdan içəri daxil oldu, heç kimi oyatmamaq üçün ayaqlarının ucunda mətbəxə keçdi. Bir fincan çay içib, yatağına uzanmaq istədi. Lakin nə qədər o yan-bu yana çevrildisə, gözünə yuxu gəlmədi. Müşkinaz xanım da Cavid əfəndini gözlədiyindən yatmamışdı. Səhərdən nədənsə o özünə yer tapa bilmirdi. Ürəyi yaman sıxıntı çəkirdi. Cavid əfəndinin evə gəlişi onu az da olsa sakitləşdir-mişdi. Son hadisələr onu narahat etməyə bilmirdi. Bu zaman qapı döyüldü. Şair çarpayıdan sakitcə qalxıb, barmaq-larının ucu ilə qapıya tərəf yaxınlaşdı. Gələnlərin kimliyini soruşmağı lazım bilmədi. Elə bil “qonaqlar”ını çoxdandır ki, gözləyirdi. Hər şey aydın idi. Sakitcə əynin geyib, Müşginazın çarpayısına yaxınlaşdı, ona uşaqları ayıltmamağı tapşırdı. “Arxayın ol, tezliklə gələcəyəm” deyib, qapını arxasınca örtdü. Şairi həbs etmək üçün aylarla hazırlanan, bunun üçün də ayrı-ayrı şəxslərdən “donos” yığan məxfi idarə, nəhayət, 27 may 1937-ci ildə təhlükəsizlik üzrə leytenant Klimençiçin təqdimatı, kapitan Çinmanın təsdiqi və Sumbatovun 3 iyun 1937-ci il tarixli qərarı ilə Hüseyn Cavidin həbs edilməsi üçün order yazılmasına nail olur. Artıq 4 iyun tarixdə o, həbs edilir.

Şairin adına yazılan ilkin arayışda H.Cavidin 1892-ci ildə anadan olduğu qeyd edilsə də, lakin həbs olunmuş anketində 1882-ci ildə doğulduğu göstərilir.

Şairi həbs etmək üçün uzun müddət hazırlıq işləri gedib. İlk növbədə “qələm dostlar”ından Cavid əfəndiyə qarşı ifadələr təşkil olunurdu. Bu minvalla yetərincə ifadələr toplandıqdan sonra məxfi idarə “əməliyyat”ını həyata keçirir.

13 mart tarixdə şair M.Rzaquluzadənin təhlükəsizlik ida-rəsinin kiçik leytenantı Məmmədov tərəfindən dindirilməsindən:

“Sual: Hüseyn Cavidin millətçi-burjua baxışları haqqında nə deyə bilərsiniz?

Cavab: Hüseyn Cavid bir yazıçı, şair və dramaturq kimi Azərbaycanda Sovet Hakimiyyəti qurulandan sonra əsərlərinin demək olar ki, hamısını əksinqilabi, millətçi mövzusun-da yazırdı. O, sovet ideyalarından uzaq olmaqla türk¬çü-lüyü, osmançılığı təbliğ edirdi. Onun əsərləri Sovet möv-zusundan uzaq idi. O, “İblis”,“Peyğəmbər”, “Siyavuş”, “Topal Teymur” əsərlərində pantürkist, panislamist ideyalarını yayır, xüsusilə osmanlı ideyasını yaymaqla fəxr edir-di. H.Caviddən sovet quruluşu haqqında, onun tərənnümü barədə yazı tələb edəndə, o göstərirdi ki, guya Sovet İttifaqında “daimi qəhrəman” yoxdur, onlar yalnız hər gün dəyişirlər. Bu əksinqilabçı sübut etmək istəyirdi ki, “O çəkməçi deyil və sifariş qəbul etmir” və sovet tematikasından imtina edirdi. H.Cavid Azərbaycanın “ruslaşmaya” aparıldığını, vəzifələrə rusların yerləşdirildiyini, Azərbaycan dilinin rus təsiri altına düşdüyünü iddia edir. Həbs olunana qədər o öz ideyasından dönməmiş, əksinqilabçı, millətçi kimi qalır”.

Bu ifadələr mənə DTK tərəfindən 27 may 1937-ci ildə şair Mikayıl Müşfiqin həbs olunması haqqında yazılmış arayışı xatırladır: Müşfiq qeyd edir ki, “Azərbaycanın öz azadlığı yoxdur, o Rusiyanın kaloniyasında yaşayır”.

Artıq 20 ildən sonra bəraət alan dahi şair haqqında mayor Abdullayev tərəfindən dindirilən M.Rzaquluzadənin H.Cavid barəsində dedikləri: “Hüseyn Cavid inqilabdan əvvəl görkəmli yazıçı kimi tanınmışdı. O, əməkçi insanlar, fəhlələr haqqında gözəl əsərlər yazıb. Mənə məlumdur ki, H.Cavid heç bir siyasi partiyanın üzvi olmamışdı. O, belə qənaətə gəlirdi ki, poeziya bütün siyasətləri üstəməlidir. Onun əks-inqilabi fəaliyyəti haqqında heç nə mənə məlum deyil. O, siyasətçi, əks-inqilabçı ola bilməzdi, çünki o bənzərsiz insan idi, o siyasətlə məşğul olmağı sevməzdi”.

Həmin ildə də Azərbaycan Yazıçılar İttifaqı plenumunda H.Cavidi Azərbaycan dilinə qarşı qoymuş, onu “Osmanlı türklərinin dilini ədəbiyyatımıza” gətirməkdə günahlandıraraq şairə “ultimatum” vermiş və “Hüseyn Cavid yaşadıqca onu… döyməliyik”, (güllələməliyik-A.K.) deməkdən belə çəkinməmişdilər.

Bu kimi poeziya “fədailəri”nin çılğın çıxışlarının nəticəsi idi ki, Azərbaycan xalqının say-seçmə övladları 37-ci ilin dalğasına qarışmış, uşaqları isə “xalq düşməni”nin övladları kimi təhqir olunmuşdur. Lakin yuxarıda adları çəkilənlərdən fərqli olaraq, uzun illər bilərəkdən xalqın hafizəsində mənfi rəy yaradılan Xalq şairi Süleyman Rüstəm hələ 1937-ci ilin may ayının 20-də hamıdan fərqli olaraq Bakı dramaturqların müşavirəsindəki çıxışında hər bir kəsdən fərqli olaraq göstərirdi: “...bu canilər, Hüseyn Cavid kimi sənətkar bir drama¬turqu səhnədən sıxışdırıb çıxarmışlar. Cavidin yazdığı “Şəhla” pyesini onlar bəyənmirdilər. Bunun səbəbi “Şəhla”nın sovet teması olaraq Cavid tərəfindən qələ¬mə alınması idi. Onlar Cavidə göstəriş vermək, yardım etmək əvəzinə, onu rədd edir və bununla da Cavidi sovet tematikasından uzaqlaşdırmaq istəyirdilər”.

Şairin həbsinin yaxınlaşdığı hər kəsə aydın olduğu bir halda S.Rüstəm Cavidin tərəfində durmaqdan çəkinmir. Lakin illər ötdükcə 37-ci il hadisələrinin təkanverici qüvvələri öz əməllərini ört-basdır etməkdən ötrü “təbliğat maşınları”nı hərəkətə gətirmiş, günahı az olanların adlarını qabardaraq, əsas günahkar kimi ictimaiyyətə təqdim etmiş, bununla da yaxalarını kənara çəkməyə müvəffəq olmuşlar. İndi hər iki qütbün - haqsız günahlandıran ilə, haqlı günahlanan şəxslərin övladlarının nəzərləri bir-birinə dikilib.

Birinci qütbün nümayəndəsi ikincini nə ilə, necə ovuda biləcək? Həmin şəxslər bəlkə sakit baxışlarla üzünü göylərə tutub Ulu Tanrıdan atasına rəhm edilməsini dua edəcək. Bəlkə dua etmədən öncə günah işlətdiyi şəxsin övladından bağışlanmasını istəyəcək...

Bax, budur əsas məsələ! Tarix heç kimi, heç kəsi yaxşı və pis əməllərinə görə unutmur.

Bu cür fikirlər mətbuat səhifələrində işıqlandırılmasa da, lakin ayrı-ayrı elm və mədəniyyət ocaqlarında “xüsusi təlimatlanmış” şəxslərin vasitəsilə ictimaiyyətə “sözarası sırıyırdılar”. Belə olmasaydı arxalı təqsirkarlar, arxasız, təqsiri olmayanlara hücum etməz, onların adlarının halanmasına şərait yaratmazdılar…

Həmin tarixi faciədən bizi 80 illik bir vaxt ayırır.

635x100

Şərhlər

Aslan Kənan 2019-07-17 16:26:21

Hörmətli Dadaşyev Cavid iyun ayının 3-ü 1937-ci ildə Sumbatovun imzası ilə həbs edilir. Həbsi üçün 509 nömrəli order yazılır və sabahı günü evində axtarış aparılır. Qaldı repressiya 1937-ci ilin may ayında başlanıb. Yanılırsınız. Repressiyalar 1920-ci ildən başlamışdı. Hələ 1936-cı ildə artıq Ruhulla Axundaov, Triniç və bir çoxları həbs edilmişdi.

dadaşyev 2019-07-17 16:26:21

davamı;Deyirik 37-də ən çox bizləri qırdılar.Xeyr,biz özümüz özümüzü qırdıq.Dost dostu,qonşu qonşunu,qohum qohumu,şair şairi,həkim həkimi tora saldı.37-ci il göstərdi ki,bir-birimizin evini yıxmağa nə qədər hərisik,ona görə bizdən qırılan çox oldu.Həbs olunmalıların siyahısını NKVD hazırlayırdı,NKVD-yə donos verənlər kim idi?Biz.Bağırova sadəcə qol çəkməyə hazır siyahılar gəlirdi.Müşviq tutulan axşamı Bağırovun onu NKVD zirzəmisində görərkən təəssüflə nə dediyini xatırlayın:"Sən hələ ağıllanmamısan?"

dadaşyev 2019-07-17 16:26:21

davamı;Bağırova NKVD-dən Cavidin həbs olunması üçün sənəd gətiriləndə ki,qol çəksin,buna görə onun əsəbdən ekzeması tutur,adəti üzrə bir ovuc karandaşı ovcunda fırladaraq əllərinin qaşınmasını azaltmağa çalışır,adam qapıdan içəri girəndə qəzəblə karandaşları onun üzünə fırladır ki,svoloç,əgər o xalq düşməidirsə niyə radioda qəzəllərinə oxunan muğamatı dinlədirsiniz millətə?

dadaşyev 2019-07-17 16:26:21

davamı;37-də bəzi hörmətli sənət adamlarının,o cümlədən də Cavidin həbsinə qarşı gəldiyi üçün sentyabrda Bağırovu SSRİ Baş prokuroru Vışinski,həbslərə mane olarsa onun özünün cəzalandırıla biləcəyi barədə xəbərdar etmiş və Bağırov 10 günlük ev həbsi görmüşdü.O vaxtlar Gürcüstanın böyüyü Beriya dostu Bağırova ağıllı olmağı məsləhət görmüş və Bağırov artıq kütləvi həbslərə mane ola bilməmişdi.Lakin Cavidi daha 2 il bir möcüzəylə qoruya bilmişdi.Amma respublikadan Cavid düşmənləri durmadan Stalinə yazmışdılar.

dadaşyev 2019-07-17 16:26:21

1937-nin mayında digər respublikalardan fərqli olaraq Azərbaycanda hələ repressiya başlamamışdı,Bağırov ləng tərpəndiyinə görə Stalin və Jdanov ona "təəssüf" dolu teleqram vurmuşdu və "xahiş etmişdilər" bu işi sürətləndirsin.Qurultayın gedişindəcə,iyunda MİK sədri Sultanməcidin həbsiylə qızışacaqdı repressiya,ona görə də may ayında Süleyman Rüstəm az sonra respublikada qısa zamanda kütləvi həbslər olacağını biləmməzdi,yoxsa Cavidi belə açıqca müdafiə etməzdi.Və Cavid 1939-da həbs edilib.37-də yox.

t.ədalət 2019-07-17 16:26:21

Aslan müəllim,CAVİD böyük sənətkardır.Onu xainlər,erməni xislətlilər(təəssüf ki ermənilərlə qan bağı olanlar bu gün də böyük vəzifələrdə əyləşiblər.Azərbaycan bu gün də Rusiyanın koloniyasıdır) məhv etdilər.CAVİD əfəndi türklüyünün qurbanı oldu.Həmin türklük bu gün də təqiblər altındadır.Vəzifələrə irəli çəkilmir, ölkəni tərk etmək məcburiyyətinə gətirilir.Bütün məhrumiyyətlərə baxmayaraq,CAVİDƏ əks olan xainlər zamanın səhifələrindən silindi.CAVİD isə həmişə diridir!Ona pislik edənlərə Tanrı lənət eləsin!

Son yazılar