Daha bir şirkət valyuta vəsaitinə görə cərimələnib

Nəsimi Rayon Məhkəməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının protokoluna əsasən "TACH” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) cərimələyib.

Şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, 1284.92 dollar (6424,60 ABŞ dollarının iyirmi faizi miqdarında ) cərimə edilib.

Məcəllənin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“TACH” şirkəti cərimə ilə bağlı Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qərarından apelyasiya şikayəti verib.

Şikayətə Bakı Apelyasiya Məhkəməsinin hakimi Namiq Məmmədovun sədrliyi ilə baxılır.

Qeyd edək ki, "TACH" MMC təmizlik vasitələrinin satışını həyata keçirən şirkətdir.

Son dövrdə Azərbaycanda bir çox şirkətlər İnzibati Xətalar Məcəlləsinin 430.4-cü bəndi ilə məsuliyyətə cəlb edilmiş, bu da sahibkarların haqlı narazılıqlarının artmasına səbəb olub.

Şirkətlərdən bildirilir ki, valyuta qanunvericiliyində bir sıra boşluqlar və onun tətbiqi praktikasında qüsurlar maliyyə sanksiyaları tətbiq etməyə əsas verir. Bu zaman məhkəmələr tərəfindən xətanın yaranmasına səbəb olmuş və təqsiri istisna edən hallar və sübutlar nəzərə alınmır.

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na görə, ödənişin aparıldığı gündən 270 gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə qabaqcadan ödənilmiş avans məbləği geri qaytarılmalıdır. Əks halda banklar sənədləri Palataya təqdim edir və yekunda idxalçı cərimələnir.

Bir sıra hallarda Azərbaycan şirkətlərinin sifariş verdiyi malların istehsalı 270 gündən artıq davam edir. Bu səbəbdən 270 gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsinin banka təqdim edilməsi mümkün olmur. Nəticədə, şirkətlər özlərindən asılı olmayan səbəblərə görə cərimə ödəməli olurlar. Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti ilə, məhkəmə, Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə idxalçı şəxsi cərimələyir. /Report, Marja

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar