Bakıda atasının təhqirlərinə dözməyən 19 yaşlı qız bıçağa əl atdı

Adam bıçaqlamaqda təqsirləndirilən 19 yaşlı Günel məhkəmə önündə törətdiyi cinayətə görə cavab verir. O, özgənin deyil, öz doğma atasının – 49 yaşlı İlham Hüseynovun qanını töküb. Özünün və şahidlərin dediyinə görə, əyyaş atasının onlara qarşı etdiyi zülmlərə dözməyib. Sərxoş ata tərəfindən dəfələrlə evdən qovulan gənc qız bəzən qohumlarına sığınıb, bəzən də məsciddə gecələyib. Hadisənin baş verdiyi gün isə anasının növbəti dəfə təhqir olunmasına, döyülməsinə göz yuma bilməyib və bıçağa əl atıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində atasını bıçaqlamaqda ittiham olunan Bakı şəhər sakini, 19 yaşlı Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, hadisə bu il fevralın 20-də Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Gecə saat 1 radələrində içkili vəziyyətdə evdə dava salan, ailə üzvlərini söyüb təhqir edən İlham Hüseynov qızı tərəfindən susdurulub. Belə ki, sərxoş atanın hərəkətlərindən bezən gənc qız ona üç bıçaq zərbəsi endirib.

Törətdiyi cinayət əməlinə görə G.Hüseynovaya qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Təqsirləndirilən Günel Hüseynova ifadəsində ata-anası, bacısı ilə bir evdə yaşadıqlarını, atası İlham Hüseynovun spirtli içki aludəçisi olduğunu, heç yerdə işləmədiyini, sərxoş olan zaman səbəbsiz yerə mübahisə etdiyini, evdə dava-dalaş saldığını göstərib. Amma nə anası, nə də ki Günel onun barəsində hüquq-mühafizə orqanlarına şikayət etməyiblər. Evə qazanc gətirən də elə Günel olub. Ailənin yükü onun çiyinlərinə düşüb, bütün xərclərini özü qarşılayıb. Borca görə mənzilə gələn qaz xəttinin kəsilməsi isə ata-bala arasındakı münaqişəni daha da kəskinləşdirib:

“Evdə bircə mən işləyirdim, kommunal ödənişlərin pulunu çatdıra bilmirdim. Qazımızı kəsmişdilər, pulunu ödəyə bilmirdim. Atam həmin gün yenə sərxoş idi. Gecə saat 12-də anamla mübahisə etdi, küçə söyüşləri söyür, anamı tutub silkələyirdi. Özümdən asılı olmadı. Mətbəxdən götürdüyüm bıçaqla atamın kürəyinə, sinəsinə bir neçə dəfə vurdum. Neçə zərbə vurmağımı xatırlamıram. Atamı öldürmək niyyətim olmayıb. Törətdiyim əməldən peşmanam”.

Zərərçəkmiş İlham Hüseynov ifadəsində spirtli içki qəbul edəndə özündə olmadığını, sərxoş olarkən qızları və arvadı ilə mübahisə etdiyini, ailədə söz-söhbət yaratdığını etiraf edib: “Hadisə baş verən gün də sərxoş olmuşam. Nə dediyimi, nəyə görə mübahisə etdiyimi xatırlamıram. Yalnız xəstəxanada ayılanda qızımın məni bıçaqladığını öyrənmişəm”.

Şahid qismində dindirilən Kəmalə Hüseynova ifadəsində həyat yoldaşı İlhamın uzun illərdir spirtli içki aludəçisi olduğunu, işləmədiyini, evə çörəkpulu gətirənin yalnız böyük qızı Günel olduğunu göstərib. K.Hüseynovanın ifadəsinə görə, əri hər gün içib, evdə dava-dalaş salıb. Bir neçə dəfə qızını evdən qovub: “Təkcə Günel işləyirdi deyə kommunal xərcləri də çatdıra bilmirdi. Hadisə baş verən gün İlham yenə dava saldı. Məni söydü, evi yandıracağını dedi. Ağladım, yalvardım, dedim ki, nə olar, belə eləmə, mənə fikir vermədi. Əksinə, yaxamdan tutub silkələməyə başladı. Bizi ayırmağa çalışan Güneli kənara itələdi. Birdən İlham qəflətən dayandı. Bu vaxt onun bədənindən qan axdığını gördüm, yarasına pambıq qoydum. Təcili yardıma zəng vurdum”.

Məhkəmə prosesi davam edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar