“XALQIN QULU” DÖVLƏTİN HAKİMİ OLDU - Zelenski “zarafatın” üçüncü turunu da qazandı...

Şoumen Vladimir Zelenskinin prezidentlik iddiaları barədə söhbətlər dolaşmağa başlayanda, Ukraynada və ondan kənarda çoxları bunu zarafat zənn edirdi. Həmin vaxt “çörəyi zarafatdan çıxan” şoumenin nə vaxtsa xalqa çörək verəcək bir posta sahiblənəcəyini çox az adam ağlına gətirə bilərdi. Ancaq “niyə də olmasın” şüarının ən bariz şəkildə reallığa çevrildiyi Ukrayna artıq bu “zarafatın” üçüncü mərhələsini başa vurur. İki dəfə sabiq prezident Pyotr Poroşenko başda olmaqla, ənənəvi Ukrayna siyasətçilərinə qalib gələn Zelenski ötən gün keçirilən növbədənkənar parlament seçkisində də əzici və parlaq qələbəyə imza atdı.

Səslərin təxminən 60 faizi sayıldıqdan sonra Zelenskinin “Xalqın qulu” Partiyasıının 43 faiz civarında səs topladığı məlum olub. Məlum olduğu kimi, Ukraynada parlament seçkiləri qarışıq sistemlə keçirilir – həm proporsional, həm də majoritar. İlkin nəticələrə görə, proporsional sistem üzrə 120-dən artıq yeri yeni prezidentin partiyası qazanır. Təqribən bir o qədər də majoritar sistem üzrə yer əldə edilir. Nəticədə ilkin məlumatlara görə, Zelenskinin partiyası 450 deputat mandatından 249-nu qazanmış olur. Bu isə o deməkdir ki, yeni prezidentin partiyası parlamentdə tam üstünlüyə malik olacaq və hər hansı siyasi qüvvə ilə koalisiyaya ehtiyac qalmayacaq.

Seşkinin ilkin nəticələri barədə açıqlama verən “Xalqın qulu” Partiyasının rəhbəri Dmitri Razumkov deyib ki, son rəsmi nəticələri gözləyəcəklər və yalnız bundan sonra konkret qərarlar veriləcək. Eyni zamanda Zelenskinin ən çox etibar etdiyi adamlardan olan Razumkov bildirib ki, ilkin nəticələr hansısa partiya ilə koalisiya qurmağa ehtiyacın olmadığından xəbər verir. Onu da qeyd edək ki, həmin bu Razumkovun yeni parlamentin sədri olacağı əsas etibarilə kəsinləşib. Maraqlıdır ki, 1983-cü il təvəllüdlü bu şəxs 2006-2010-cu illərdə ukraynalıların böyük əksəriyyətinin hazırda nifrət etdiyi Viktor Yanukoviçin Regionlar Partiyasının fəal üzvlərindən olub. Zelenskiyə isə 2018-ci ildə qoşulub.

Zelenskinin baş nazir postuna da konkret namizədi var. Prezident həmin şəxsin adını hələlik açıqlamasa da, deyib ki, bu şəxs heç bir siyasi keçmişi olmayan peşəkar iqtisadçı olacaq. Prezident bu açıqlaması ilə Yuliya Timoşenkonun baş nazir olacağı barədə proqnozların da üzərndən birdəfəlik xətt çəkmiş oldu.

Şoumenlə musiqiçinin ittifaqı?

İlkin nəticələrə görə, Zelenskinin partiyasının liderlik etdiyi siyahıda 2-ci yerdə 11 faiz səslə rusiyameylli “Müxalifətçi Platforma”, 3-cü yerdə 8.8 faiz səslə sabiq prezident Pyotr Poroşenkonun partiyası, 4-cü yerdə isə 7.4 faizlik nəticə ilə sabiq baş nazir və odioz siyasi fiqurlardan olan Yuliya Timoşşenkonun “Batkıvşina”sı qərarlaşıb. Lakin seçkinin ən maraqlı nəticələrindən biri də parlamentə düşən cəmi 5 partiyadan biri olan, 5 faizlik “baryeri” aşaraq, 6.5 faiz səs toplayan və ən azı 20 mandat qazanan “Səs” Partiyasının nailiyyətidir. Tanınmış və ukraynalılar tərəfindən kifayət qədər sevilən müğənni Svyatoslav Vakarçukun yenicə yaratdığı bu partiyanın 5 faizlik səddi aşa biləcəyinə inananlar çox deyildi. Lakin görünür, ukraynalılar siyasətdə şou əhlinin sayının artmasının əleyhinə deyillər.

Əslində, kifayət qədər ciddi siyasi açıqlamaları və vətəndaş mövqeyilə hər zaman seçilən Vakarçuk əvvəllər də siyasi perespektivi olan bir şəxs kimi tanınırdı. Hətta prezidentliyə namizəd kimi Zelenskidən öncə məhz onun adı hallanırdı. Zelenski özü də namizədliyini verəcəyi təqdirdə Vakarçuku dəstəkləməyə hazır olduğunu demişdi. Lakin o zaman müğənni namizədliyini irəli sürmədi.

Hazırda isə Vakarçukun partiyasının yeni parlamentdə Zelenskinin ən yaxın tərəfdaşı olacağı gözlənilir. Hətta prezidentin yeni nazirlər kabinetində bu partiyadan kiməsə, yaxud kimlərəsə vəzifə verəcəyi də ehtimal olunur. Vakarçuk özü isə bununla bağlı suala cavab verərkən deyib ki, hələ seçkinin rəsmi nəticələrini gözləyir. Bununla yanaşı müğənni bildirib ki, məsuliyyətin altına girməyə və istənilən vəzifəni daşımağa hazırdırlar.

Bir məqam da maraqlıdır ki, Zelenski ilə bərabər sabiq prezident P.Poroşenko da Vakarçukla ittifaq yaratmağa və birgə fəaliyyət göstərməyə hazır olduğunu bəyan edib.

İlk qanun deputatların toxunulmazlığına aid olacaq

Zelenskinin partiyası bu seçkinin nəticələrindən irəli gələrək, artıq atacağı ilk addımlarla bağlı açıqlamalar verməyə başlayıb. Xatırladaq ki, Ukraynanın siyasi sistemi kifayət qədər fərqlidir və burada prezident parlamentdə ciddi dayaqları, üstünlüyü olmadan əli-qolu bağlanmış vəziyyətdə olur. Əksər təyinatlar və qərarların qəbulu yalnız parlamentin razılığı əsasında mümkündür. Bunun nəticəsidir ki, prezident seçiləndən bu günə qədər Zelenskinin təqdim etdiyi heç bir qərar və qanun layihəsi parlamentdən keçməyib. Hətta onların böyük əksəriyyəti ümumiyyətlə gündəliyə çıxarılmayıb, çünki bunun üçün nəzərdə tutulan 226 səs təmin olunmayıb. Həmin layihələr əsasən deputatların toxunulmazlığının ləğvi və qanunsuz gəlirlərlə bağlı idi. Növbədənkənar seçkinin ilkin nəticələri isə deməyə əsas verir ki, “Xalqın qulu” bu səsləri artıqlaması ilə təmin edəcək. Və Zelenski də qolları kəsilmiş rəssamı xatırladan obrazdan nəhayət ki, qurtulacaq.

Zelenskinin partiyası artıq parlamentdə qəbul olunacaq ilk qanunlar barədə məlumatlar verir. İlk olaraq, əvvəlki parlamentin gündəliyə belə salmaqdan imtina etdiyi qanunların qəbul ediləcəyi gözlənilir. Bildirilir ki, bu qanunlar deputatların statusları, toxunulmazlığı və parlamentin reqlamenti ilə bağlı olacaq. Eyni zamanda, ayrı-ayrı istiqamətlər üzrə vəziyyəti düzəltmək üçün təcili qəbul olunması gərəkən bir çox qanunların da gündəliyə çıxarılacağı gözlənilir.

Bir sözlə, nəticələr göstərir ki, Zelenski sözün əsl mənasında Ukraynanın mütləq hakiminə çevrilir. Bu, bir tərəfdən onun əl-qolunu tam açırsa da, digər tərəfdən məsuliyyətini birə beş artırır və indiyə qədərki “parlament işləməyə qoymur” bəhanəsini aradan qaldırır. Nəhayət, Rusiya ilə hərbi münaqişədən tutmuş ölkə iqtisadiyyatına qədər bütün istiqamətlər üzrə əsas söz sahibliyini qazanan yeni prezident öz bacarıqlarını göstərmək üçün geniş meydan əldə etdi.

Ümumilikdə Ukraynaya gəldikdə isə bu ölkə və onun xalqı çoxlarının həsəd apardığı və əlçatmaz hesab etdiyi daha bir mərhələni adladı və bir daha sübut etdi ki, hətta hər hansı bir keçmiş sovet respublikasında da sözün əsl mənasında demokratik cəmiyyət və xalqın böyük əksəriyyətinin dəstəklədiyi idarəetmə institutları qurmaq olar...

Cəlal MƏMMƏDOV

AzPolitika.info

635x100

Şərhlər

Azpolitika SIZ DE UJEY QATIQLIYIRSIZ HA: 2019-07-22 19:58:11

XALQIN QULU YOX, XALQIN XİDMƏTÇİSİ - YƏNİ "СЛУГА НАРОДА", XALQIN QULU İSƏ "РАБ НАРОДА" DEMƏKDİR!

TARİX 2019-07-22 19:58:11

XALQIN QULU YOX,XALQIN XİDMƏTCİSİ,QULLUQCUSU PARTİYASI HÖRMƏTLİ REDAKSİYA.

Son yazılar