SÖZLƏ NƏFƏS ALANLAR

Dərc olunub: 22/07/2019 - 23:35

xalidXalid NİYAZOV

Maşın srağagünkü yağışın palçığından təzəcə “hamamlanıb” çıxmışdı. İşinin təhər-tökürünü yaxşı bildiyi hərəkətlərindən bəlli olan uşaq əlindəki xovlu dəsmalla maşını elə şövqlə silib-tumarlayırdı ki, elə bil bu saat kuzovun rəngi dəsmala cıxacaqdı.

Artıq növbədəki maşınlardan biri içəriyə girmişdi. Gendə durub əlindəki alışqanı oynada-oynada gəlib-keçənləri seyr edən orta yaşlı kişi də deyəsən elə həmin o maşının yiyəsi idi. Məhəllə adamına oxşamırdı. Görünür, darıxdığındandı ki, bir-iki söz soruşub söhbətə körpü saldı. Yerli adam olsa da, Rusiyada bizneslə məşğul olur, ildə bir-iki yol Bakıya gəlib qohum-qardaşa baş çəkirmiş. Bir xeyli fələyin, dünyanın, ölkənin “qabırğasını əliyəndən” sonra birdən nə iş yiyəsi olduğumu soruşdu:

– Jurnalistəm! – dedim.

Kişi inanmayan kimi oldu. Sanki cavabım bir balaca karıxdırmışdı onu.

Uşaq işini bitirib – Məllim, maşın hazırdı, qaldı təkərlərini qaraltmaq! – dedi.

Sağollaşıb maşına minirdim ki, bayaqdan tərəddüd edən təzə tanışım birnəfəsə ürəyini boşaltdı:
– Görürəm, savadlı adama oxşayırsan. Maşının da pis deyil. Bəs nə əcəb qəzetdə qalmısan, bir yana çıxıb getmirsən? Yaş gözləmir ha!…

Bu söhbət çoxdan olsa da, heç cür çıxmır başımdan.

Mətbuat camiəsində az-çox dəst-xətti olan qələm əhlinə bu cür suallar az verilmir:

– Nə tapmısan orada? – Ömrünü bada verdin. – Sabah övladma nə cavab verəcəksən? – Sonrakı peşimançılıq… Daha nələr… nələr…

Məgər birdimi, ikidimi bu cür suallar? Məgər tək elə o kişidirmi bu cür düşünən? Məgər elə tək yaşdımı bizi gözləməyən?

Jurnalist kimi fəaliyyətə başladığım 80-ci illərin ortaları mətbuatın, qəzetin “göynən gedən” vaxtları idi. Ona görə yox ki, qazancı çox idi, gəlirli peşə idi. Sadəcə, sözün qiyməti, sanbalı vardı, sözü qanan, ona qiymət qoymağı bacaran vardı, sözü eşidən, fironluğuna qoruq-qaytan qoyan vardı. Yoxsa ki, qələmnən “gor qazan” jurnalist heç vaxtvarlı, imkanlı ola bilməz. Kim desə də, inanmayın.

Hörmət? Hə, bu olub. Özü də indiki anlamında yox, mənəvi dəyər kimi. Bu o vaxtlar idi ki, Qara dəniz sahilindəki Qaqra şəhərində yayın şıdırğı vaxtı iki polis rəisinin polkovnik ulduzlarının şəhərdəki yeganə “Abxaziya” mehmanxanasında yer ala bilməyə gücü çatmadığı bir vaxtda, SSRİ Jurnalistlər İttifaqının 26 yaşlı üzvü öz “knijkası” ilə 14-cü mərtəbədə dəniz mənzərəli “nömrə” götürə bilirdi.

Bu o vaxt idi ki, mərkəzi qəzetin “mənəm” deyən bir müxbiri bölgəyə ezamiyyətə gedəndə rayonun “padşahı” başının dəstəsi ilə onu “sərhəddə” qarşılayırdı. Söhbət qəzetə, müxbirə, mətbuata, bütövlükdə, sözə hörmətdən gedirdi.

Bəziləri deyir ki, o vaxt mətbuatın arxası, “dayısı” vardı, partiyanın qorxusundan qəzetin qabağında çəm-xəm eləməyə kimin cürəti çatardı ki?! Partiya bir tərəfdən, komsomol bu yandan, “profsoyuz” da ki, o biri tərəfdən o biçarəni “it sürütməsi” eləyərdi.

Əslində, bu fikri qəribçiliyə salmaq olmaz. Allah heç iti də yiyəsiz eləməsin; hər keçən bir daş atmağı boynunun haqqı bilir. Amma etiraf eləyək ki, sözün “minbərə mindiyi vaxtlar” o sözü söyləyənlərin də abır-həyası, ləyaqəti, peşəkarlığı, söz deyə bilmək cürəti, cəsarəti ilə bahəm, həm də necə demək bacarığı, məharəti vardı. Ondan sonrası, o sözün arxasında dayanmaq artıq qəzetin işi idi. Bu gün də ağıllı sözün arxa-dayağı kimi müvafiq qanunlarımız və fərdi məsuliyyət hissi çıxış edir.

* * *
… Kimisi Vətənə mədəsindən baxır.
… Kimisi Vətənə cibindən baxır.
… Kimisi mənsəbinin məqamından, kimisi imarətinin eyvanından baxır…

Vətənə ürəyin pəncərəsindən baxmaq gərəkdir. Jurnalist, söhbət peşəkar və abırlısından gedir, bu vətəni təmənnasız sevən, özü problem içində çabalasa da, onun dərdini, problemini özününkündən bir qədəm irəli, bir köynək yaxın bilən azlıqda qalan peşə sahiblərindəndir.

Yenə də jurnalistlərin ən yaxın həyanı, hesab eləyirəm ki, dövlət başçısı İlham Əliyevdir.

* * *

Hərdən həmkarlarımı söz pərvanəsinə bənzədirəm mən.

Əgər şamın başına dolanan pərvanə instinkt sayəsində özünü oda yaxırsa, qələm yoldaşlarım şüurlu şəkildə özlərini sözün qəhrini, cəfasını çəkməyə məhkum ediblər. Təmənna-filan güdmədən.
Adı mətbuat tarixinə həkk olunmuş sələflərimizdən, söz cəfakeşlərindən hansı biri zamanında qiymətini aldı ki?!

Jurnalist cəmiyyəti maarifləndirməklə həm də bir ictimai sanitar funksiyasını yerinə yetirir. Ağıllı, düşündürən, təbliğ və təşviq edən bir yazı Allahın altında hər saatda çıxmır ortalığa. Yaxşı bir yazının hasilə gəlməsini bətnində doqquz ay körpə gəzdirən bir Ananın əziyyətinə tən tutardım. O körpənin də dünya ilə ilk tanışlığı səsi ilə başlayır. Kim bilir, nələri anlatmaq istəyir?

Hesab edirəm ki, insan sevdiyi işə tək çörək təknəsi kimi baxmamalıdır. Könül verməlidir, əhd-peyman bağlamalıdır, balası tək sarılmalıdır. Yalnız bu halda həqiqi sənət əsəri, zira, yaxşı yazı da elə sözdən biçilmiş sənət əsəridir, yarana bilər.

Əgər hər imzanı gördükdə qəzetdə ilk yazın çıxdığındakı sevinc və bəxtiyarlığı yaşaya bilirsənsə, deməli, seçdiyin sənətin fanatiklərindənsən. Sənət dedim. Bəli, məhz bu mərtəbəsində peşə artıq sənətə çevrilir.

* * *

Bəzən deyirlər ki, əşşi, indi qəzet oxuyan kimdir?! Söhbət qəzetlə təmasın ənənəvi deyil, internet variantına üstünlük verənlərin sayının artmasından getmir. Sözün eşidilməməsi, bu mətaha məhəl qoyulmamasından gedir.

Məgər sınamayıbsınızmı, yaşamayıbsmızmı? Hər dəfə cəmiyyətin ağrı-acısını içindən çəkib çıxaran yaxşı bir məqalədən sonra “minnətdar oxucuların” zəngini gözləyə-gözləyə lal kimi susan telefonun şirmayı dəstəyini azmı qaldırıb qulağınıza tutmuşunuz? İnsanların bunca laqeydliyi, qəzetoxumazlığı, bəzi məmurlarınsa yoluxduğu “söz fobiyası”, ictimai fikrə saymazyanalığı sizi mütəəssir etməyibmi?

Gendən özümüzü Servantesin zavallı qəhrəmanına azmı bənzətmişik? O fikrin də altını cizirəm ki, bu, artıq mətbuatın deyil, seqmentlərindən biri kimi çıxış etdiyi cəmiyyətin problemidir. Əgər toplum səni dinləmirsə, deməli, məşğuldur. Zatən, azlıqda qalan birilərinin eyş-işrətdən, çoxluqdakılarınsa gündəlik çörək qayğısından görüb-eşidəcəyi bir başqa şey yox!

Nə vaxtadək Sabirdən, Mirzə Cəlildən, Ə.Haqverdiyevdən, Üzeyir bəydən bəhs edəndə mütləq – Kişilər elə bil bugünkü günümüzü görüb yazıblar - deyəcəyik?!

Nəsildən nəsilə miras kimi var-dövlət qalar, mənəvi-əxlaqi dəyərlər qalar, elmi-ədəbi irs qalar, daha problem, neqativlər şəridi deyil.

İndi o boyda nəhəng adamları xatırlamışkən, onları tutduqları yoldan sarpmamağa, ruhdan düşməməyə səfərbər edən amillərdən birinin də əqidə olduğu düşüncəsindəyəm.

Jurnalistə əqidə lazımdırmı? Bir dəfə yazdığı ilə danışdıqları daban-dabana zidd olan birisindən bunu necə bacardığını soruşdum. – Əsil jurnalist bunu bacarmalıdır! – dedi.

- Bəs bu jurnalistin bir əqidəsi-filanı yoxdurmu? – deyə, təslim olmadım.

– Yox, əsil jurnalistin əqidəsi olmamalıdır! – cavabını verdi.

Bu gün həmin adamın, eləcə də onun kimilərin cəmiyyətdə tutduğu mənsəb məhz bu cür cavab və mövqeyin yeganə “konstruktiv” seçim olduğunu isbatlayır.

Mətbuat adlı söz qatarının bugünkü sarbanları bizik – taleyini, qədər və qismətini sözə bağlayan, səfasını oxucularına halal edib cəfasını şükranlıqla çəkən insanlar.

Olub ki, öz dərdimizi unudub başqasının dərdi, qayğısı ilə açmışıq sabahlarımızı. Cəmiyyətin sosial-mənəvi səhhəti öz səhhətimizdən çox narahat edib bizləri.

Və bir də gözümüzü açıb görmüşük ki, yaş 40-ı, 50-ni keçib, 60-ı haqlayıb, ömrün payızı qocalığına çətir tutub, övladların sual dolu baxışlarının ağırlığından qəddimiz sual işarəsinə dönüb. Ancaq – Nə qəm, Allaha təvəkkül! – demişik. Çünki bizlər üçün qəzetçilik təkcə iş yeri, çörək təknəsi olaraq qalmayıb, daha ülvi, daha ali, sıradan birinin bəlkə də dərk edə bilməyəcəyi bəşəri bir məna, mətləb kəsb edib.

İndiki iqtisadi yüksəliş və inkişaf zamanında ağlı başında, başı çiynində olan adam üçün çörək qazanmaq problem deyil. Fəqət, qəzet bir könül işi, ruhani təşnə, vətəndaşlıq borcudur.

* * *

- Jurnalistə nə lazımdır?

- İlk növbədə könül! – deyərdim mən. Jurnalist fitrətən yaradıcı insan olduğu üçün söz mülkünün sarbanı könüldür. Türk dünyasının fikir nəhəngi mövlanə Cəlaləddin Rumi deyirdi ki, əgər sənin könlün varsa, könül Kəbəsini təvaf et! Torpaqdan, daşdan hörülmüş olan Kəbənin həqiqi mənası Könüldür.

Böyük söz fədaisi Əhməd Ağaoğlunun “Könülsüz olmaz” povestində əsərin müsbət qəhrəmanı Turqut qoca bir kəndlidən – Əmican, nə üçün kəndlilər əlbir olub iş görmürlər? – deyə, soruşduqda qoca deyir:
– Çünki adamlarda könül qalmayıb. Könülsüz iş olmaz, əfəndi!… İnsan demək – könül deməkdir.

Doğrudan da, bu könül deyilən elə bir nəsnədir ki, nə toxa baxır, nə aca. Könül iksirini cəmiyyətin ovqatı təyin edir. Adamın daxili azadlığı, düşüncələrinin azad uçuşu təyin edir. Xoş o insanların halına ki, sözün toxum kimi düşüb göyərdiyi münbit, bərəkətli torpaq misalı cəmiyyətdə yaşayırlar. Söz yasaqlanmır, fikrə çidar vurulmur, düşüncəyə qoruq-qaytan tanınmır.

Biz də bu yoldayıq. İrəliləyirik. İnanırıq ki, Azərbaycanın içində olduğu inkişaf dalğası söz gəmimizin belə bir asudə limana yanaşıb lövbər atmasına səbəb yaradacaqdır.

… Və hər dəfə – Biz kimik? – sualı üzərində düşünərkən qeyri-ixtiyari böyük türk mütəfəkkiri, şair və yazıçısı Nəcib Fazil Qısakürəyin “Sakarya” türküsündən bir misra düşür yadıma:

“İnsandır, sanıyordum müqəddəs yükə hambal
Hamballıq ki, sonunda nə rütbə var, nə də mal”.

Görəsən, Yer üzündə əlahəzrət sözə “hamballıqdan” da yüksək vəzifə varmı?








loading...


Fikrinizi bildirin