Avropa Parlamentində Dağlıq Qarabağla bağlı qətnamə qəbul edilib

Dərc olunub: 23/10/2013 - 22:17

img1506277Sənəddə ilk dəfə olaraq işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması tələb edilib

Bu gün Avropa Parlamentinin plenar sessiyasında Avropa Qonşuluq siyasəti üzrə qətnamə layihəsi qəbul edilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qətnamənin 16-cı paraqrafında Avropa Parlamenti tərəfindən Şərq Tərəfdaşlığı proqramında iştirak edən bir dövlət tərəfindən digərinin ərazisinin işğal edilməsinin Şərq Tərəfdaşlığının fundamental prinsip və məqsədlərinin pozulması olduğu barəsində mövqeyi xatırladılıb və bu xüsusda, Dağlıq Qarabağ münaqişəsinin həllinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 4 qətnaməsi və 10 iyul 2009-cu il tarixli L’Aquila birgə bəyanatında ehtiva olunan ATƏT-in Minsk Qrupunun baza prinsipləri əsasında həllinin vacibliyi vurğulanıb.

Avropa Parlamenti tərəfindən qəbul edilmiş bu qətnamədə ilk dəfə olaraq işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam şəkildə işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması, habelə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının təmin olunmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməli olduğu qeyd edilib.

Xatırladaq ki, Avropa Parlamenti bundan əvvəl qəbul etdiyi qətnamələrində də Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistanın Silahlı Qüvvələrinin çıxarılmalı, bu torpaqların Azərbaycanın nəzarətinə qaytarılmalı olduğunu və qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtma hüquqlarına malik olduğunu bir daha təsbit edib və Ermənistandan işğalçı adlandırıb.










loading...


Fikrinizi bildirin