VAXTI DA ÖLDÜRMƏK CİNAYƏTDİR!...

Şəmsəddin ƏLİYEV,

Hüquqşünas-publisist

“Bizə heç nə məxsus deyil, yalnız vaxt bizimdir”

Seneka

Vaxtı uda bilsək, hər şeyi uda bilərik. Ən böyük itki, elə vaxt itkisidir. Zənnimcə, ən böyük cinayət də vaxtı öldürməkdir. Hər birimiz vaxtın qatiliyik. Vaxtı “öldürməyək”, çünki o, imkan tapan kimi bizdən qisas alacaq...

Əmtəənin dəyəri pulla, iş vaxtla ölçülür. Deməli, vaxt da puldur, çalışaq ondan səmərəli istifadə edək, boş dayanmağa imkan verməyək. Hər günün öz dəyəri var. Vaxtın qızıl onluqla ölçülən anı da olur. “Ay var - bir günə dəyməz. Gün var - min ayə dəyər”.

Vaxtımızı qoruyaq, onun qədrini bilək. Bəzən bir saat bir ilə bərabər olur. Bəzən gün ərzində sərf olunan əmək, əbədiyyətə həkk olunacaq halda başa çatır. Ona görə də vaxtın hər anından bizi qane edəcək həddə istifadə edə bilsək, dəyəri artacaq.

Boş vaxtı da öz axarına buraxmaq olmaz. Çalışaq boş vaxtımızı ətrafımızın karına gələ biləcək bir işlə başa vuraq.

Qədim yunan mütəfəkkiri, hüquqşünas Siseron qeyd edib ki, mən boş vaxtımda məşğul olduğum qədər, başqa vaxtda məşğul ola bilmirəm. İstirahət vaxtlarımda daha çox çalışıram. Ona görə də dəqiqələrin qədrini bilək, saatlar ötdükcə ömür qısalır, axı!

Vaxt bizi müalicə edən həkim, mühakimə edən hakim və pusquda duran qatildir, quldurdur - desəm, məni qınamayın. “Ona aldanma” deyənlər də var. Amma vaxtı “qatil”ə çevirən də bizim ona qeyri-ciddi yanaşmağımızdır. Təki, biz onun qətlinə “fərman” verməyək.

Mən həmişə ötən günlərimin qarşısında baş əyir, dönə-dönə xatırlayıb rahatlanıram. Buraxdığım səhvlərimə görə özümü qınayır, bəzən də özüm-özümdən qisas alıram. Özümə qarşı hakimsayaq davranıram. İttihamçı qismində vicdanım danışır. Özüm son söz deməyə imkan vermirəm. Vicdanım “vəsadəti” təmin etməyə etiraz edir, protest verir. Çalışıram ki, utanc gətirən hallara daha yol verməyim. Gələcəyə doğru çırmalanıb yoluma davam edirəm... Nə edək, həyat belədir...

Qolumuzdakı saat vaxtımızı anbaan qeydə alır. Saatsaz saatı elə kəşf edib ki, onu geriyə verməklə vaxtı geri qaytarmaq, yaxud saxlamaqla vaxtı dayandırmaq olmur. Özümüzü aldatmayaq. Saatın ixtirası saatsazın, ustanın olmasını təsdiq edir. Amma vaxtın ustası olmur atam balası, onu bizə bəxş edən var. Vaxtın dəqiqliyi saatla təsdiqlənir.

Nə üçün gəlməyimizi və nə vaxtsa vidalaşıb getməyimizi də vaxt ölçür.

Həyatın mənası vaxtla dəyərləndirildiyindən, həyat düşüncələrimizə və vaxta görə fərqlidir.

Vaxt dəyişməz. İnsan həyatı isə insanın özü kimi dəyişir, buna rəğmən zaman da dəyişkəndir. Vaxt ümmana bənzər - gah qabarır, gah da sakit durur. Bir gün şəndir, bir gün qəmli və narahat. Həyatımız vaxtın xəstəsi -pasiyentidir, vaxta “yoluxub”. Onu sağaltmaq, vaxtı ondan təcrid etmək mümkün deyil. Harada həyat varsa, orada vaxt var. Bu baxımdan insan öz taleyinin girovunda yaşadıqca vaxtın dəyirmanında üyüdülür.

Həyatı, vaxtı gözləmədən də yaşamaq olar. Hər kəs taleyini özü qura, vaxtı özünə tabe edə bilər.

Vaxtı öz axarına buraxsaq, hər şeyi süpürüb aparacaq. Vaxt bəzən mahir aşpaz kimi hər kəsin yeməyini dadına və tamına görə hazırlaya bilir.

Əslində vaxt bəşəriyyətin, bəlkə də kainatın gücsüzlüyünün simvolu-rəmzidir. Allahdan başqa kim ona dəyişiklik edə bilib ki?! İstədiyimizi ondan alanda, o da aldığını da alır.

Yunan mütəfəkkiri Seneka deyib ki, vaxtdan başqa heç nə bizə məxsus deyil. O, ən qiymətli sərvətimizdir.

Zənnimcə, ən böyük itki də elə vaxtı itirməkdir. Vaxtı itirməklə çox şeyi itirmiş oluruq. Sonra ah-vayda durub çabalanırıq. Vaxtı itirmək xüsusilə ağır cinayətdir.

Karl Marks vaxtilə “Kapital”ında yazırdı: “Cəmiyyətdə iqtisadiyyatın hər cür növü son nəticədə vaxta qənaətlə ölçülür. İtirilən hər an, xeyirin itirilməsidir”.

Təxminən 30 il bundan öncə oxuduğum bir şeirin 4 misrası yadımdadır:

Bəzən vaxt çatışmır, vaxt yoxdur deyə,

Vaxtın azlığından gileylənirik

Bir manat itirsək gəzirik, niyə?

Bir günü itirsək heyifslənmirik.

Bunu mərhum şair Zülfüqar Qodmanlı yazıb. Hər günümüz dəyərli bir şey almaq üçün axtardığımız qızıl sikkədir - deyiblər.

Bəzən vaxtı pul kimi xırdalayıb xərcləməyimiz də olur. Günün nə vaxt başlandığını və qaranlığın nə vaxt çökdüyünü duymuruq. Beləcə illərimiz ötür, ömür bitir.

Vaxtı qoruyaq. O həyatımıza biçilən və həyatımızı bəzəyən kətan, bəlkə də atlas parçadır.

Nədənsə, insan vaxtı öldürməkdə maraqlıdır. Çalışın, vaxtı öldürməyin! Vaxt uzun deyil, dərindir, çox dərin. Ona heç gücümüz də çatmaz!

Vaxtı da öldürmək cinayətdir.

635x100

Şərhlər

Гачгын 2019-07-23 13:07:47

"Время- великолепный учитель, но к сожалению, она убивает своих учеников" "Берегите время: это ткань из которой сделано жизнь"С.Р

Son yazılar