ƏLİ HƏSƏNOVUN “VAR-DÖVLƏTİ” İLƏ BAĞLI AÇIQLAMA – “Qubada villası yoxdur…”

Dərc olunub: 23/07/2019 - 13:43

Behruz-Hesenov“Meydan.tv”-ni idarə edən şəxslərdən biri Həbib Abdullayev (Müntəzir) Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov haqqında növbəti dezinformasiya xarekterli status paylaşıb”.

“AzPolitika.info”-nun məlumatına görə, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin əməkdaşı Bəhruz Həsənovun sosial şəbəkədə paylaşdığı və “Meydan.tv”-nin əməkdaşı Həbib Müntəzirə cavab xarakteri daşıyan yazı belə başlanır.

Həbib Müntəzir iyulun 22-də “Facebook”da uzun bir əmlak, biznes siyahısı paylaşaraq, onların Prezidentin köməkçisi Əli Həsənova məxsus olduğunu iddia edib. Siyahıya villalar, otellər, restoranlar, şirkətlər və sairə daxildir. Həmçinin, H.Müntəzir iddia edib ki, jurnalistlər üçün tikilən yaşayış binalarının birinci mərtəbələri də Əli Həsənova məxsusdur.

Bəhruz Həsənov isə cavab yazısında bunları böhtan adlandırıb. PA əməkdaşı yazır: “Ümumiyyətlə, maraqlı tendensiyadır ki, hər il milli mətbuatımızla bağlı əlamətdar günlər ərəfəsində Əli Həsənova qarşı kampaniya başlayır və bu kampaniyada iştirak etmək üçün bəzi “ştatlı” mediaşünaslar, “bəlkə də qaytardılar” ümidi ilə hər yola əl atan bir sıra uğursuz insanlar sıraya düzülürlər. Hətta bunların içərisində ifrat emosiyaya qapılıb özünü “qoruq canavar”ına bənzədən də var, güzgü önündə özünü “aslan” hesab edən də. Olsun, bu artıq adi haldır, adətən əhəmiyyət vermirik. Necə deyərlər, dəyirman oz işini görər, çax-çax başını ağrıdar…

eli hesenov

Lakin Həbib Abdullayevin Əli Həsənovun “var-dövləti” ilə bağlı yazdığı status hətta “Meydan.tv”–nin jurnalisti üçün belə ayıb hesab edilə biləcək dərəcədə uydurma iddialardan ibarətdir. Bildirmək istəyirəm ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə media mənsublarının mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa edilmiş binaların heç birində Əli Həsənova məxsus əmlak yoxdur. Bəhs olunan binalardan birinin birinci mərtəbəsində ümumiyyətlə “obyekt” yoxdur, ancaq mənzillərdən ibarətdir və hal-hazırda jurnalist ailələri o mənzillərdə məskunlaşmışlar. Digər binanın ilk mərtəbəsi isə binanı inşa edən şirkət tərəfindən “Kaspi” uşaq bağçasına icarəyə verilmişdir. İstənilən halda, bu iddia boş və cəfəngdir.

Əli Həsənova aid olduğu iddia edilən “Sapphire” və digər otellər şəbəkəsi, “Narşərab” və başqa restoranlar, marinalar və adı çəkilən digər obyektlər isə tamam başqa şəxslərə məxsusdur, irəli sürülən faktlar böhtan xarakterlidir. Görünür, statusun müəllifi iddiaları yaxşı araşdırmayıb və yaxud araşdırmağa ehtiyac duymayıb. Növbəti iddiaya gəldikdə isə, bütün məsuliyyət hissimlə bildirirəm ki, Əli Həsənovun Qubada villasının olması iddiası doğru deyil, sadəcə olaraq, Prezidentinin köməkçisi haqqında yanlış rəy formalaşdırmaq üçün hazırlanan, mütəmadi olaraq dövriyəyə buraxılan qondarma faktlardan biridir.

O ki qaldı status müəllifinin sadaladığı digər məsələlərə, Əli Həsənov bununla bağlı hələ illər öncə “BBC Azərbaycanca”ya müvafiq açıqlama vermişdir. Hər bir Azərbaycan vətəndaşının bizneslə məşğul olmaq hüququ vardır, o cümlədən Əli Həsənovun ailə üzvlərinin də. Əgər sizin ailə üzvlərinizin istənilən sahədə yürütdüyü fəaliyyət ölkənin iqtisadi həyatına, təhsil siseminə az da olsa töhfə verirsə, bunun üçün sadəcə qürur duymaq olar. Əminəm ki, Həbib Abdullayev və onun kimi xarici ölkələrdə məskunlaşan bəzi ictimai fəallar ölkəmizin mənafelərini qorumaq üçün səy göstərsəydilər, beynəlxalq platformalarda hər addımda üzləşdiyimiz erməni lobbisinə qarşı mübarizə aparsaydılar, onları ifşa etsəydilər, ən azından buna cəhd göstərsəydilər biz cəmiyyət olaraq, onlarla da qürur duya bilərdik. Ümid edirəm, nə zamansa bu mümkün olar”.

“AzPolitika”








loading...


Fikrinizi bildirin