“BU SABİTLİK ÇOX UZUN ÇƏKMƏYƏCƏK...” – İqtisadçı professor manatla bağlı xəbərdarlıq edir

“Azpolitika.info” Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədri, iqtisadçı professor Qubad İbadoğlu ilə müsahibəni təqdim edir:

- Qubad bəy, son dövrlər qonşu Gürcüstanda, İranda və Türkiyədə milli valyutaların dəyərdən düşməsi müşahidə edilir. Bu prosesin Azərbaycan manatına hansı təsirləri gözlənilir?

- Doğrudur, türk lirəsi əvvəl sürətlə ucuzlaşırdı, amma indi stabil mövqedə qalmağa çalışır. Qonşu Gürcüstanda lari son dövrlər ucuzlaşmağa başlayıb, o cümlədən Qazaxıstan milli valyutası da ucuzlaşmaq istiqamətində dəyişikliklərə məruz qalıb. Rusiyada da rublun sürətlə ucuzlaşması müşahidə edildi və indi rubl möhkəmlənməyə başlayıb. İranın milli valyutası isə son proseslər, iqtisadi sanksiyalar nəticəsində ucuzlaşmaqda davam edir. Yəni ətrafda baş verənlər, hər bir ölkədə milli valyutaların müəyyən dəyişikliklərə məruz qaldığını deməyə əsas verir. Azərbaycanda isə sabit kursdur. Necə ki, ölüdə reaksiya yoxdur, eləcədə manatda reaksiya yoxdur. Azərbaycan manatını ölmüş vəziyyətdə saxlayırlar. Yəni manat nə tənzimləyici funksiyasını yerinə yetirir, nə də bazarla əlaqəli şəkildə baş verənlərə reaksiya göstərir. Azərbaycan manatı sabit saxlanılmaqla, eyni zamanda iqtisadiyyatda gedən proseslərin nə inkişafında, nə stimullaşdırılmasında, nə də təşviqində rol oynamır. Bu ondan irəli gəlir ki, Azərbaycanda manat bazarın təsiri nəticəsində yaranan məzənnəyə malik deyil, əvvəlki illərdə olduğu kimi, sabit məzənnəyə üstünlük verilir. Və bu sabit məzənnə deyərdim ki, Azərbaycanda aparılan siyasətin əlaqələndirilməməsinin göstəricisidir. Azərbaycanda məzənnə siyasəti ilə pul-kredit siyasəti arasında əlaqə yoxdur, eyni zamanda məzənnə siyasəti fiksal siyasət arasında əlaqə yoxdur, eləcədə məzənnə siyasəti ilə qeyri-neft sektorunun inkişafı və tənzimlənməsi arasında kontakt yoxdur. İxrac siyasəti ilə milli valyuta arasında əlaqədən də danışmağa dəyməz. Bu onu göstərir ki, Azərbaycan iqtisadiyyatı yaxşı idarə edilmir. Yaxşı idarə olunan iqtisadiyyat bir-birilə əlaqəli və koordinasiya şəklində tənzimlənməlidir. Burada həm də hər bir istiqamətin özünün məxsus olduğu istiqamətləndirici funksiyalardan istifadə edilməlidir. Azərbaycanda bunlar yoxdur. Odur ki, qonşu ölkələrin milli valyutasında baş verən proseslərin Azərbaycan manatına təsirindən danışmağa dəymir. Biz yalnız psixoloji təsirdən danışa bilərdik, amma əvvəllər belə təsirlər olurdu, son zamanlar heç psixoloji təsiri də yoxdur.

- Amma Azərbaycan hökumətinin iqtisadi blokuna rəhbərlik edən şəxslər sizin dediklərinizin əksinə olaraq bəyan edirlər ki, iqtisadiyyat şaxələndirilib...

- İqtisadiyyatda şaxələnmə baş versəydi biz ilk növbədə bunun nəticəsini istehlak bazarında görərdik. Və ya ixracın strukturunda bunu hiss edə bilərdik. İstehlak bazarında nə idxalı əvəz edən iqtisadiyyat yarada bildik, nə də ixracatı stimullaşdıran, yəni ixracat yönlü qeyri-neft sektoru formalaşdıra bildik. Diqqət etsək görərik ki, ixracatda qeyri-neft sektorunun payı aşağı düşüb. Çünki neft-qaz, neft məhsullarının ixracatda payı 90 faizi keçib. Əvvəlki illərə nəzər salsaq görəcəyik ki, hətta qeyri-neft ixracatının göstəriciləri mütləq mənada azalıb. İstehlak bazarı haqqında danışdıqda aydın görünür ki, kənd təsərrüfatı istiqamətli məhsullarda idxal malları üstünlük təşkil edir. Məsələn, unda, yağda, süddə və s. Bu baxımdan iqtisadiyyatın şaxələndirilməsi haqqında deyilənlərə rəğmən bildirim ki, iqtisadiyyatda heç olmasa iki yeni məhsul ortalığa çıxsa, demək olardı ki, şaxələnmə var və bundan danışmağa dəyər. Amma nəzərə alın ki, şaxələnmə o deməkdir ki, iqtisadiyyatımızda çoxprofilli inkişaf var. Bu inkişafın da nəticəsi Azərbaycanda özünü göstərə bilər. Lakin Azərbaycanda kənd təsərrüfatı məhsullarından başqa digər sektorun mallarını görmürük, emal sənayesi demək olar ki, yoxdur. Eləcədə, sənayenin digər sahəsinə aid məhsullar, texnoloji məhsul, geyim məhsulu faktiki yoxdur. Olanımız kənd təsərrüfatı və xammal məhsullarıdır. Bu məhsullar isə 5 il əvvəl də vardı. Başqa sözlə, 10 il əvvəl də Moskvada meyvə-tərəvəz, gül satırdıq, eləcədə Avropada xam neft satırdıq. Bu mənada, mən ciddi dəyişiklik görmürəm. Əslində məzənnə siyasəti ilə ixracat siyasəti arasında əlaqə yoxdursa, geniş şaxələndirmədən danışmağa dəyməz.

- İndiki halda Azərbaycan manatına hansı proseslər ciddi təsir göstərə bilər?

- Yalnız dünya bazarında neftin qiymətinin ucuzlaşması Azərbaycan milli valyutasının dəyərdən düşməsinə səbəb ola bilər. Çünki neftin qiymətini ucuzlaşması Azərbaycanda xarici ticarətdə saldonun azalmasına və ya onun mənfiyə çevrilməsinə təsir göstərən başlıca amildir. Bu da tədiyyə balansında cari hesabın kəsirinin yaranmasını sürətləndirə bilər. Bu halda yeni devalvasiya ilə üzləşmə baş verə bilər.

- Yaxın dövr üçün dünya bazarında neftin qiymətini necə proqnoz edirsiniz?

- Yaxın dövrdə dünya bazarında neftin qiymətinin bahalaşacağını ehtimal edirəm. Çünki neftin əsas satış bazarlarından biri Fars körfəzidir. Körfəzdəki hərbi-siyasi gərginlik hər gün artır. Bu prosesin şiddətlənməsi, habelə İran və Venesuelada ixrac potensialının aşağı düşməsi dünya bazarında qiymətin bahalaşmasını şərtləndirən amil ola bilər.

- Bloomberqin neftin ucuzlaşacağı haqda proqnozunu əsaslı hesab etmirsiniz?

- Bloomberq mötəbər agentlikdir. Sadəcə olaraq neftin qiymətini proqnozlaşdırmaq mürəkkəb məsələdir. Mənim fikirlərim yaxın dövrə şamil ola bilər. Üstəlik, proqnozun hansı müddət üçün verilməsi əhəmiyyətldir. Qısamüddətli dövr üçün gerçək mənzərəni tədqiq etmək mümkündür, amma uzun və orta müddətli dövr üçün Bloomberqin proqnozu özünü doğruldacaq. Yəni siyasi problemlər aradan qalxarsa, ələlxüsus neft ixrac edən ölkələrin hərbi münaqişələrə cəlb edilməsi təhlükəsi aradan qalxarsa, bu zaman neftin qiymətində ucuzlaşma prosesi müşahidə edilə bilər.

- Deməli uzunmüddətli vədədə neftin ucuzlaşması və bunun nəticəsi olaraq devalvasiya təhlükəsi ortaya çıxa bilər...

- Tamamilə doğru qənaətdir. Azərbaycan iqtisadiyyatının ağır durumu, perspektiv dəyərləndirmələr belə qənaətə gəlməyə imkan verir. Uzunmüddətli dövrdə Azərbaycanın həm xarici borcunun artması, həm daxili borcların çoxalması belə nəticə yarada bilər. Düşünürəm ki, Azərbaycan manatı yenidən ucuzlaşmağa məhkumdur və bu sabitlik çox çəkməyəcək.

- Son dövrlər pensiyaçıların, tələbələrin, müharibə əlillərinin təqaüdü artırıldı, minimum əməkhaqqı 250 manat oldu. İndiki dövrdə bu artımı problemsiz həyata keçirmək üçün hökumət tələb edilən maliyyəni hansı mənbələr hesabına dolduracaq?

- Əslində mənbələr formalaşmayıb. Bildiyiniz kimi, artımlar sentyabrın sonlarından etibarən həyata keçiriləcək. Bu o deməkdir ki, sentyabrın sonlarından minimum əməkhaqqı və maaşların artımının maliyyələşməsinə başlanılacaq. Büdcədə bu artımlar əsas xərclərə aid edilməyən əlavə xərclər kimi müəyyən edilib. Çox güman ki, bu maliyyələşə bilsə də, büdcədə gərginlik yaranacaq. Bu da onunla bağlıdır ki, artımlar əvvəlcədən proqnozlaşdırılmayıb.

- Adətən ölkəmizdə əməkhaqqı artımı ərzaq məhsullarının qiymətinin bahalaşması ilə müşahidə olunur. Bu mənada sentyabrda qiymət artımı müşahidə ediləcəkmi?

- Əslində mən deyim ki, bu proses baş verib. Mən öncədən qeyd etmişdim ki, əgər tənzilmləmə, anti-inflyasiya siyasəti və tədbirləri həyata keçirilərsə qiymət artımı ən yaxşı halda sentyabrdan başlaya bilər. İndiki halda belə tədbirlər görülmədi. Hazırda baş verənlər deməyə əsas verir ki, qiymətlərin bahalaşması baş verib. Sadəcə gözlənilir ki, mövsümü amillərin təsiri ilə sentyabr ayından bahalaşma daha da şiddətlənərək inflyasiyaya gətirib çıxarsın.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

dadaşyev 2019-07-23 15:51:57

Biz sosializmdən çıxdıq,amma kapitalizmə keçəmmədik.Monopoliya olan yerdə azad rəqabət olmaz,azad rəqabət olmayan yerdə də kapitalizm.Biz yalnız neft-qaz sərvətimizi kapitalist ölkələrinə satmaqla məşğuluq,o sərvət bir gün bitsə neyləyəcəyik,Allah bilir.Yəni bu gün varımızdı yaşayırıq,gələcək nəsillərimiz nəyimizə lazım.Yeyək içək xoş keçək.

Analitik 2019-07-23 15:51:57

Bes goresen, men neyi deyirem ki?! Yazida "orfoqrafik" sehv axtarmaq yox, onun mahiyyetine, deyerLi terefLerini fikir vermek lazimdir.. ) Men muhasib deyilem, ozu de hesafdar yox, Hesabdar..)) Bu fikirle hemşerikem, (heç olmazsa paralel) kollektiv teserrufat olmalidir.. Şexsi mulkiyyetin, ozel sektorlarin iç uzlerini gorduk de.., acgozcesine õz "qarinlari"ni gudub, kullu kapitallar talamaqla meşgul oldular! Ele xronikalarda da gosterilir, hemin respublikalarda memurlara neçe nezaret mexanizmi aparirlar..

Hesafdar Analitikə 2019-07-23 15:51:57

"Qeyri-neft sektoru" sözü Müstəqil Azərbaycan İqtisadiyyatının çox sahəyə məcazi münasibəti göstərir. 1963cü ilə qədər hər kolxoz-kənd 100dən çox adda və bir neçə illik məhsul yığar, artığını da qonşu ölkələrdə satardı. Sənaye malları az sayda olsa da keyfiyyəti ilə dünyada üç əsr özünə məxsus yer tuturdu. Sonrakı ixtisaslaşma, siyasi-hərbi doktrina, xüsusilə maliyyə inhisarı və idxal ölkəni iqtisadi iflicə-işsizliyə, dərin asılılığa salıb.

Vətəndaş 2019-07-23 15:51:57

Uzun illər külli miqdarda neft qaz millyardları gələn ölkədə infilyasiya, devalyasiya olmamalıdır. Hələ bizdə 1-ci, 2-ci devalvasiya da olmamalı idi. Bu qədər gəlir gələn ölkədə milli valyuta birdən birə 100 faiz keyfiyyətini itirməli deyildir. Yeni devalvasiya millətimiz üçün böyük fəlakət olar. Ona görə,israfçılığa talana son qoymalı və talançılar millətə atdıqları milyardları da alıb ehtiyat fonduna yığıb, devalvasiyanın qarşısını almaq lazımdır. Eyni zamanda indi də neft qaz milyardları gəlməkdədir. Və başqa mənbələr də yəqin ki var. Neft fondunda səhv etmirəmsə düz deyirlərsə 45 milyard var. Əgər onun da başına daş salmayıblarsa.Yeni maliyə pul oyunları, dələduzluqları kasıb əhaliyə qarşı indiki vəziyyətdə talançı məmurların istədikləri növbəti xəyanətkar addım olacaq. Onsuz da onlar bu illər ərzinə milləti xalqı müxtəlif yollarla talan ediblər. Və bunun da nəticəsində ölkədə kasıb kütlə ağır həyat tərzi keçirir. VArlılar,klanlar,məmurlar,deputatlar isə kefdədirlər. GÜn gündən varlanır burada və xarici ölkələrdə pullarını kapitallarını millətə atmaqla çoxaldırlar. Hər gün mərbatda birinini 150 milyon, digərnin 500 mln, baçqasının milyardları olduğu üzə çıxır.

Analitik 2019-07-23 15:51:57

.. bunlarla paraLeL, valyutanin (tebii) guclenmesi ve istehlak mallarinin ucuzlaşmasi uçun 1-ci novbede "monopoliya"yanin qarşisi tam alinnmali ve olkemizin iqtisadiyyatina (tam şekilde) tezeden baxilmalidir.. Buradaki da, eger sirf avropa ve qerb sistemi tetbiq olunarsa, yene indiki veziyyete yaxin bir hal emeLe gelecekdir.. Ele Belerusiya ve Kazakhstanin tecrubelerine baxsaq, iqtisadiyyatin neçe sabit saxlanilmasi numunesini aydin gormek mumkundur..

Analitik 2019-07-23 15:51:57

BeLi, Sovetler vaxtinda olan bir çox istehsal mexanizmi ve (ticaret, tikinti, "vneştorq", bunLara nezaret komiteleri ve s..) qurumlarin bizde legv edilerek, bir iqtisadiyyat nazirliyi hecminde birleşdirilib.. Baxirsan, SNQ dovletlerinin çoxunda bu ve eyni zamanda kollektiv teserrufat strukturlari fealiyyetdedirler. Kollektiv teserrufat mexanizmini de tam legv etmek Lazim deyildi.. Onlardan dovlete ve ozlerine gelen gelirler şexsi sektorlarin verdiyi menfeetden daha çox ve yeyintisiz olardi..

TARİX 2019-07-23 15:51:57

VALYUTANIN SABİTLİYİ ÜCÜN ÖLKƏDƏ YÜNGÜL AĞIR SƏNAYE MƏHSULLARININ İSTEHSALI OLMALIDIR.SOVET AZƏRBAYCANINDA İSTEHSAL CEŞİDİNİN 10 FAİZİ İNDİ YOXDUR.

azad 2019-07-23 15:51:57

Bu hörmətli demokratiya və rifah hərəkatının başqanı Adam Smitdir? Yoxasa David Rikardodur? Elədə başlıq verirsix ki, xəbərdarlıq edir!!! Guya iraq olsun zəlzələ vəya sunami gözlənilir? Valyuta qalxada bilər, enədə bilər, ucuzlaşada bilər, bahalaşada bilər. Buna Qubad İbadoğlu nəsə edə bilər?? Dövrün tələbi, iqtisadi vəziyyət. Qutardı getdi.

Son yazılar