TÜRKMƏNİSTAN PREZİDENTİ ÜZƏ ÇIXMIR – “Anasının yanındadır”

Bir neçə gün öncə vəfat etdiyinə dair xəbərlər yayılan Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov hələ də ictimaiyyət arasına çıxmayıb.

“AzPolitika.info” xarici mətbuata istinadla xəbər verir ki, Q.Berdiməhəmmədovun ölüm xəbəri yayılan gün və bundan əvvəl baş verənlərlə bağlı xronologiya açıqlanıb. Hollandiyada yaşayan türkmən əsilli emiqrant Ruslan Metiyevin yayımladığı xronologiyaya görə, Türkmənistan prezidenti sonuncu dəfə cəmiyyət arasına iyulun 5-də çıxıb. Həmin gün hökumətin geniş tərkibli iclası keçirilib. Daha sonra müəyyən olunub ki, prezidentin təyyarəsi iyulun 12-də Almaniyada eniş edib. O da məlumdur ki, bu ölkədə Berdiməhəmmədovun anası müalicə olunur.

İyulun 15-də Türkmənistan televiziyaları prezidentin məzuniyyətə çıxması və istirahətilə bağlı məlumat yayıblar. Məlumatda bildirilirdi ki, o, özünün “yeni elmi əsəri” üzərində çalışır. Həmin “əsər” isə Türkmənistandakı dərman bitkilərilə bağlı növbəti kitabdır. Lakin müxalifətçilər prezidentin istirahətə çıxmasını əks etdirən süjetlərə inanmayıblar. Çünki bu kadrlarda Berdiməhəmmədov uzun qollu köynəkdə olub. Həmin günlərdə isə ölkədə 45 dərəcə isti müşahidə edilib.

Bundan bir neçə gün sonra, daha dəqiqi iyulun 20-dən 21-nə keçən gecə Berdiməhəmmədovun vəfatına dair xəbər yayılıb. Məlumatı yayan politoloq Aslan Rubayev qısa müddət sonra onu təkzib edib. Daha sonra ölkənin Rusiyadakı səfiri bu məlumatın yalan olduğunu bəyan edib.

Lakin maraqlıdır ki, bu qalmaqaldan sonra Berdiməhəmmədov bir dəfə də olsa ictimaiyyət arasına çıxmayıb. Bu da yeni şübhələrə yol açıb. Onunla bağlı son məlumatı dövlət televiziyası iyulun 21-də yayımlayıb.

Lenta.ru isə öz mənbələrinə istinadla xəbər verir ki, Türkmənistan prezidenti hələ də Almaniyada müalicə olunan anasının yanındadır və üz-araya çıxmaması da bununla bağlıdır.

“AzPolitika”

Şərhlər

..... 2019-07-23 19:48:15

Beləsinə OĞUL deyərlər! Var olsunlar.

Son yazılar